ArxivXəbər lentiXəbərlər

İran Azərbaycana dəstəyi artır – Tehranı Bakıya yaxınlaşdıran səbəblər hansıdır?

Oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşündə iştirakçı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.

Musavat.com rəsmi qaynaqlara istinadən bildirir ki, bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub və münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edilib.

Doğrudur, rəsmi Tehran daha əvvəl də beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsi ilə bağlı müzakirə və səsvermələrdə bir qayda olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ancaq eyni zamanda Tehran Ermənistanla həmsərhəd olması faktını əsas gətirərək İrəvanla əlaqələrini qoparmayıb, enerji, qaz satışı və ticarət əlaqələrini qoruyub saxlayıb. Bu isə zaman-zaman Azərbaycan və İran arasında soyuq münasibətlərə səbəb olub. Lakin indi vəziyyət müəyyən mənada dəyişib. Bunun isə bir neçə əsaslı səbəbi var.

Əvvəla, İranda hökumətin qonşular, xüsusən də Azərbaycana münasibəti dəyişib. Həsən Ruhani prezident seçildikdən sonra Əhmədinejad dönəmində olan yayılma siyasətindən imtina edərək daha çox diplomatik-siyasi əlaqələri gücləndirdi, Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər artdı, ortaq layihələr işə salındı və ya razılaşdırıldı. Hazırda iki ölkə hökumətlərinin dəmir yolu-nəqliyyat layihəsi də daxil olmaqla, bir sıra strateji ortaq layihələri var.

İkinci mühüm amil Tehrana qarşı embarqonun növbəti dalğasıdır. Tramp bu ilin mayında İranla “altılıq” ölkələri arasında imzalanmış sazişdən çıxıb və Tehrana qarşı 2015-ci ilə qədər mövcud olmuş embarqoları bərpa edib. Üstəlik noyabrdan etibarən Vaşinqton Tehrana qarşı növbəti, daha əvvəl olmamış sərt saknsiyalar tətbiq edəcək. Və təbii ki, bu zaman İranın qonşularına, xüsusən də Azərbaycan kimi böyük nəqliyyat infrastrukturu olan ölkəyə ehtiyacı olacaq.

Azərbaycan İranın xarici ticarət yollarından birini təşkil edə bilər. Bakı son illərdə güclü nəqliyyat infrastrukturu yaradıb, İranla dəmir yol xətlərini birləşdirir. Bu isə Tehranın Rusiya da daxil olmaqla, Avropa ilə yeni əlaqə vasitəsi deməkdir. Təbii ki, Azərbaycan üzərindən Tehran embarqolar dövründə ciddi həcmdə ticarət fəaliyyəti apara bilər. Təbii ki, hətta sırf maraqlar prizimasından yanaşdıqda belə kasıb, beynəlxalq tranzit yollarından kənarda qalan Ermənistanla müqayisədə Azərbaycan daha sərfəli tərəfdaşdır.

Ötən həftə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfərinin əsas mövzularından biri də İrana qarşı ABŞ embarqoları və region ölkələrinin reaksiyasını öyrənmək idi. Yaranmış şərait indi Tehranı Bakı ilə sağlam və etibarlı dostluğa vadar edir.

Bu səbəbdən də İran hökuməti hər zaman olduğundan daha çox Azərbaycanı dəstəkləyir və bunu açıq şəkildə büruzə verir. İranın Azərbaycan bölgələrində – Təbriz və Zəncanda “Qarabağ İslam torpağıdır” şüarı altında tədbirlər keçirildi, hökumət rəsmiləri, elm və ictimaiyyət xadimləri Qarabağ məsələsində Azərbaycana dəstək göstərirlər. Yəqin ki, hər kəs razılaşar ki, bir neçə il əvvələ qədər bu cür toplantılar yox idi və belə bir şeylər olacağını da kimsə ağlına gətirmirdi. Bu mənada Tehranı Bakıya yaxınlaşdıran siyasi şərtlərdir və bu şərtlər indi İran və Azərbaycanı yaxınlaşdırır.

Yeri gəlmişkən, İranla Ermənistan sərhədlərinin bağlanması ehtimalını ötən gün Nikol Paşinyan da etiraf edib. Parlamentdəki müzakirələr zamanı Paşinyan deyib ki, bu yaxınlarda “çox təcrübəli diplomatla” görüşüb və Ermənistanın içərisində olduğu situasiyanı ətraflı təsvir edib. Göstərib ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır, qalan iki ölkə ilə sərhədi isə belə demək olarsa, yarı açıqdır.

“Məsələn, Ermənistan-İran sərhədi İranla ABŞ-ın münasibətlərinə, habelə mürəkkəb geosiyasi vəziyyətə görə de-fakto bağlana bilər. Gürcüstanla sərhəd də pis hava şəraitinə və ya geosiyasi vəziyyətə görə bağlanar. Yəni belə alınır ki, Ermənistan dənizsiz adadır, o zaman biz nə edək?”-Paşinyan belə deyib.

O əlavə edib ki, diplomatın gətirdiyi arqumentləri tərksilah edib. Lakin Paşinyan nə söhbətləşdiyi diplomatın adını, nə görüşün məqsədini açıqlamayıb. Ehtimal ki, söhbət Con Boltondan gedir. Görünür ki, İrəvan qarşıdakı ağır sanksiyalar dövründə Tehranın hansı xətti tutacağını bilir.

Bu mənada regiondakı siyasi şərtlər Azərbaycanı cənub qonşusu ilə yaxınlaşdırır. İndi artıq Xəzər məsələsi hüquqi həllini tapıb, iki ölkə arasında hansısa anlaşmazlıq demək olar ki, yoxdur. Bu mənada regionda şərtlər heç zaman olmadığı qədər Azərbaycanın xeyrinə dəyişməkdədir.

Kənan Rövşənoğlu, musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button