ArxivXəbər lentiXəbərlər

Qarabağ qazilərinin üzləşdikləri problemlər: onları narahat edən nədir?

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və “Yeni Müsavat” qəzetinin bir qrup əməkdaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon təşkilatının idarə heyəti və üzvləri ilə görüşüblər. Veteranların istəyi ilə baş tutan görüşdə, onların bir sıra problemləri ətrafında müzakirələr aparılıb. Veteranlar “Yeni Müsavat” qəzetindən vəziyyətlərinə tərcüman olmağı, problemlərini ictimailəşdirməyi xahiş ediblər.
İlk olaraq təşkilatın sədri Sabit Kazımov təşkilat haqqında ümumi məlumat verdi. O, Qarabağ qazilərinin hər zaman vətənə, millətə, dövlətə bağlı olduqlarını bildirdi. Söylədi ki, bu təşkilatda cəmlənən veteranlar ehtiyac olduğu təqdirdə işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali baş komandanın əmri ilə yenidən vuruşmağa hazırdırlar.
Daha sonra isə Qarabağ qaziləri özlərinin problemləri haqqında danışdılar. Qazilər bildirdilər ki, ictimai nəqliyyatda problemlə üzləşirlər. Onlar xüsusilə də avtobuslarda, metroda yaşadıqları çətinlikləri dilə gətirdilər.
Qazilər söylədilər ki, Bakıya yeni gətirilən avtobuslarda belə, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan xüsusi tutacaqlar çıxarılıb. Onlar avtobuslarda xeyli əziyyət çəkdiklərini, dayanmağa yer tapmadıqlarını vurğuladılar. Eyni zamanda bildirdilər ki, Bakı metrosunda da vəziyyət eyni dərəcədə acınacaqlıdır. Metronun pilləkənlərində heç bir pandus quraşdırılmadığı üçün əlilliyi olan şəxslər əlil arabası ilə metroya düşə və bu ictimai nəqliyyatdan istifadə edə bilmirlər. Eyni zamanda qatarla platformanın arasında olan məsafə onların qatara minmələrinə, kiminsə yardımı ilə bütün bunların öhdəsindən gəldikdə isə qatarın içərisində olan şəraitsizlik onların dayanmalarına maneə olur.
Qazi Əhli Həbiyev bildirdi ki, əvvəllər Qarabağ veteranları üçün xüsusi məzuniyyətlər nəzərdə tutulurdu. İşlədikləri yerlərdə hər bayramda onlar nəzərə alınaraq yardımlar edilirdisə, bu gün həmin yardımı ala bilmirlər.
Qazilər eyni zamanda ev problemlərini də dilə gətirdilər. Onlar söylədilər ki, xeyli Qarabağ qazisinin bu gün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var.
Veteranlar təşkilatın yerləşdiyi binanın da təmirə ehtiyacı olduğunu söylədilər. Sabit Kazımov Bakı Şəhər İcra Hakimiyyətinə ərazini onlara sərəncamla verdiyi üçün təşəkkürünü bildirdi. Lakin söylədi ki, bina təmirsiz olduğu üçün çətinliklə üzləşirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button