ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müharibə veteranı: “Tənqidi fikirlərimə görə maşınımı əlimdən alıblar”

İsmayılov deyir ki, məhkəmə qərarı olsa da, polis maşınını geri qaytarmır

Bakının Qaradağ rayon sakini, 66 yaşlı müharibə veteranı İsmayıl Yəhya oğlu Rəsulov Baş Dövlət Yol Polisi İdarəsindən şikayətçidir.
Dediyinə görə, ona “yuxarıdan əmr gəlib” deyərək “Opel Vectra B” avtomobilini əlindən alıblar.
Səbəb kimi vətəndaşın 2013-cü ildən etibarən 4 minə qədər yol hərəkəti qayda pozuntusuna dair cəriməsinin olduğu göstərilib:
“Dedilər ki, cərimələrə dair məhkəmə qərarı var, amma nə cərimə sənədlərini təqdim edirlər, nə də məhkəmə qətnaməsini. Elə o vaxtdan indiyə qədər avtomobili qanunsuz olaraq Zarat duracağında saxlayırlar. Dörd dəfə məhkəməyə və Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsəm də, nəticəsi olmadı”.
Müharibə veteranı deyir ki, Baş Dövlət Yol Polisi İdarəsini 15 aprel 2023 il tarixində onun şikayət ərizəsinə cavab verib.
Həmin cavabda bildirilir ki, qanunvericiliyin tələbinə əsasən, cərimə ilə bağlı qərarların icrasına xitam verilib. Yəni vətəndaşın heç bir cəriməsinin olmadığını qurum özü də təsdiqləyir.
Avtomobilinin qaytarılmamasının əsil səbəbi İsmayıl Rəsulova da aydın deyil. Amma təxmin edir ki, səbəb müxalif fikirli, tənqidi yazılarıdır.
Deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, cərimələrə beş ildən sonra xitam verildiyindən silinmiş cərimənin tələbi də qeyri-qanunidir.
“Mənim cəriməm yoxdur”
2013-cü ildən məhkəmə tərəfindən ləğv edilmiş bütün ödədiyim cərimələri də silməyiblər, sistemdə saxlayıblar. Faktiki mənim cərimə borcum yoxdur. 2023-cü ilin yanvarın 1-dən maşınımı saxlayıblar. Mart ayında mənə cərimə yazılıb. Bu, necə olur? Deyirlər ki, dövlətin cərimələri yığmasına, xərclənməsinə ehtiyacı yoxdur. Bəs onda niyə bu yola əl atırlar? Bu suallara kimsə cavab verməlidir”, – o belə deyir.
Vətəndaş qanuna istinad etsə də, onun tələbləri yerinə yetirilmir:
“Qanuna görə, cərimə üç aydan artıq tələb edilə bilməz. Əgər beş il üstündən keçibsə, avtomatik silinir. Artıq 2024-cü ilə keçirik. 2013-cü ildən əleyhimə istifad etmək üçün bütün cərimələri saxlayıblar. Guya müxtəlif yol qaydalarını, kəmərdən tutmuş maşın sığortasına qədər qaydaları pozmuşam. Halbuki heç mənə öncədən xəbərdarlıq məktubu, bildirişi gəlməyib. Ötən il altı ay sürücülük hüququm məhdudlaşdırılıb. Hətta mən ödədiyim cərimələri belə sistemdə saxlayıblar, amma qanunla silinib”.
“Saxta cərimələri adıma kim yazır?”
“Mən dəfələrlə soruşmuşam ki, saxta cərimələri adıma kim yazır? Yaxşı, belə cərimə deyirlərsə, onda məhkəməyə versinlər, borcum nədirsə bilinsin. Məhkəmə qətnamə qəbul etsin və borcu məndən tutsunlar. Aidiyyəti qurumlara müraciət etmişəm və qətnamələr də var ki, cərimə silinib. Sadəcə tənqidlərimə görə yuxarıdan gələn tapşırıq əsasında avtomobilim saxlanılıb, geri verilmir. Cərimə problemi deyil, sifarişdir. Qaranlıq budur ki, o göstəriş verən kimdir? Əvvəl dedi ki, pul gətir, maşını buraxaq. Sonra getdim, dedilər ki, 1000 manat da versən, xeyri yoxdur, yuxarıdan siqnal gəlib, saxlanılmalısan. Məni müxalif partiya üzvü kimi qələmə verirlər. Hətta tənqidi fikirlərimə görə sutkalıq və il yarım inzibati qaydada həbs olunmuşam. Avtomobilin saxlanıldığı gün mobil operatorların yeyintisi və özbaşınalığından yazmışdım”, – deyə o bildirir.
Mənə qətnamə göndərin, geri qaytarmayın”
Müharibə veteranının digər problemi məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır.
Deyir ki, Bakı Apelyasi Məhkəməsi 2 fevral 2023-cü ildə onun 6 ay sürücülük hüququndan məhrum edilməsi ilə bağlı 31 oktyabr 2022-ci il tarixli məhkəmə qərarına xitam verib.
Qərarda isə əvvəlki illərin cərimələrindən bəhs olunmur. Bu da cərimələrin ləğv olunmasına daha bir tutarlı sübutdur:
“Polis məni məhkəməyə verib. Məhkəmə qətnaməsində həmin cərimə qərarlarının silindiyini qeyd edilib. Qərar varsa, mən niyə silinən cərimələri ödəməliyəm? Mən avtomobilimlə bağlı yol polisini dəfələrlə məhkəməyə vermişəm. Üç dəfə geri qaytarıblar, dördüncü dəfə Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Üç məhkəmədə heç bir qərar yoxdur, məhkəmə, sadəcə, cəriməni mümkün saymır. Qarşı tərəf də qərarı nəzərə almır: “Məhkəmə kimdir ki, cərimə silir”, – deyir. İnzibati məhkəməyə vermişəm, o da Qaradağ Rayon Məhkəməsinə qaytarıb ki, o baxsın”.
“Dedim ki, onda göndərək Paşinyan baxsın”
Qaradağ Rayon Məhkəməsi də üç dəfə geri qaytarıb ki, baxılası iş deyil. Dedim ki, onda göndərək Paşinyan baxsın. Mənə qətnamə göndərin, geri qaytarmayın deyirəm. Polis özü mənə cavab göndərib ki, cərimələrə xitam verib. Getdim həmin qərarı göstərdim, dedilər səhəri gəlib avtomobili götürərsən. Getdim, dedilər ki, tapşırıq var, buraxa bilmərik”, – deyə vətəndaş qeyd edib.
Baş Dövlət Yol Polisi İdarəsindən vətəndaşın şikayəti ilə bağlı sorğuya və edilən çoxsaylı zənglərə cavab verilməyib.
Qanun nə deyir?
Ancaq polisin vətəndaşa göndərdiyi 22 mart 2023-cü il tarixli qərarda İnzibati Xətalar Məcəlləsinin 96.1. 6-cı maddəsinə istinad edilib.
Yəni yol hərəkəti qaydalarının pozulması, həmçinin inzibati xətaların törədilməsinə görə cərimə – inzibati tənbeh haqqında qərar qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilmirsə, nəqliyyat vasitələri saxlanılır və BDYBİ-nın mühafizə duracağına yerləşdirilir.
DYP
Foto: arxiv
Adının çəkilməsini istəməyən yol nəqliyyat eksperti bildirir ki, cərimə yazıldığı gündən on gün müddətinə ödənildiyini halda on faiz güzəşt edilir, əks halda bir ay müddətindən sonra isə cərimənin üstünə ödənilməyən hər günə bir faizdən dəbbə pulu gəlir. İki aydan sonra isə nəqliyyata həbs verilir. Yəni saxlanılacağına dair öncə nəqliyyat sahibinə xəbərdarlıq bildirişi göndərilir. Əks halda bu qeyri-qanunidir.
Nəqliyyat inzibati cərimələrin ödənilməməsi, avtomobildə şübhəli şəxs və şəxslərin olması, avtomobilin hər hansı bir cinayət işində iştirak etməsi (iz və sübutlar üçün) səbəbindən saxlanıla bilər.
Cərimələrə beş ildən sonra məhkəmə ilə ödənilməsinə xitam verilə bilər. Ancaq ödənilməyən cərimələr on il keçsə də, şəxsiyyət vəsiqəsi, xarici pasport yenilənsə belə üzə çıxır. Cərimə ödənildiyini təqdirdə nəqliyyat geri götürülə bilər.
On ilin cəriməsi indiyə qala bilməz, prosesdən yayınmaq mümkün deyil, hər şey sistemdə göstərilir, yaxın illərin cəriməsi belə uzana bilmir. Cəriməni ödənilməyəndə belə sms gəlir ki, mövcud cərimə ödənilməsə, artıq bu müddətdən saxlanılacaq. Ən son cərimənin ödənilməsi ilə bağlı hətta Apelyasi Məhkəməsinin qərarı varsa, demək cərimə yoxdur. Yerli məhkəmə və apelyasi məhkəməsi bu barədə qətnamə qəbul edir”.
“Bu məhkəmə qərarı ilə sübut edilməlidir”
Saxta cərimə ittihamına gəlincə, ekspert bunu həm mümkün, həm də qeyri-mümkün sayır. Çıxış yolunu isə məhkəmədə görür.
Nəqliyyat həbsdə olarkən vətəndaşa gələn cərimə onun həmin nəqliyyat deyil, bir digər nəqliyyatı idarə edərək yol hərəkəti qaydasını pozması ilə bağlı ola bilər. Ad, soyad eynidir sistemdə deyə, digər nəqliyyatı idarə etsə də, cərimə sistemə oturur. Bu məhkəmə qərarı ilə sübut edilməlidir. Əgər ondan başqa nəqliyyatı yoxdursa, cərimə gəlibsə, bu, mümkün deyil. Burada artıq başqa problem var. Məhkəmə ilə araşdırılmalıdır” – deyə ekspert əlavə edir.
Avropa Məhkəməsinə qədər gedəcəyəm”
Müharibə veteranı, II qrup əlil İsmayıl Rəsulov isə son ümid yeri kimi Avropa Məhkəməsini görür.
Deyir ki, ona qarşı olan haqsızlığa görə sonadək mübarizə aparacaq:
Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock
“Heç bir partiya üzvü deyiləm, olmamışam da. Bəli, haqq-ədalət tələb edən yazı və fikirlərim var. Mən 66 illik ömrümdə qayda-qanunlara əməl etmişəm. İki ay öncədən də xəbərdarlıq almamışam ki, ay vətəndaş, gəl borcunu ödə. Ancaq “yuxarıdan sifariş gəlib”lə nəqliyyatı əlimdən alıblar. Bütün bu baş verənlər özbaşınalıqdır, dərəbəylikdir”.
“Apelyasiya Məhkəməsinə şikayət vermişəm, baxılsın, alınmasa Avropa Məhkəməsinə qədər müraciət edəcəyəm. Ümid edirəm ki, bir gün haqq-ədalət öz yerini tutar”, – deyə vətəndaş bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button