Aktual

Hakimiyyət “azadliq.info”nu çökdürmək üçün səfərbər olunub

“Azadlıq” 1 həftədir total kiber hücumla üz-üzədir; saytın yerləşdiyi şirkət “bombardman” edilir

“Azadlıq” qəzetinin saytına avqustun 13-dən başlayan haker hücumları davam edir. Saytın yerləşdiyi şirkətin təhlükəsizlik xidmətindən aldığımız məlumata görə, hücumlar avqustun 18-i və 19-da da təkrarlanıb. Son hücumlar birbaşa saytın serverinə yox, onun yerləşdiyi şirkətin DNS serverinə olub. Məqsəd şirkətin işini iflic etmək, bununla da “Azadlıq”ın saytına xidməti dayandırmaqdır.

Saytın yerləşdiyi şirkətin təhlükəsizlik xidməti məlumat verir ki, hücumlar avqustun 19-u saat 23 radələrindən etibarən daha da şiddətlənib. Nəticədə “azadliq.info”ya daxil olmaq çətinləşib, saytın idarə edilməsində problemlər yaranıb. Bundan başqa “azadlıq.info” ilə eyni şirkətdə yerləşən “irfs.info”nun fəaliyyəti dayanıb.
Şirkətin təhlükəsizlik xidməti onun DNS serverinə 200 serverdən hücum edildiyini qeydə alıb. İP ünvanlarına görə, onlardan 150-i Rusiyada yerləşən serverlərdir.

Hücumlar gecə boyu davam edib və hazırda da davam etməkdədir. Onun qarşısını almaq, “azadliq.info”nun fəaliyyətinin dayanmasına imkan verməmək üçün əlavə təhlükəsizlik tədbirləri görülür.

“Azadlıq” qəzetinin rəhbərliyi bir daha vurğulamağı vacib bilir ki, hücumların arxasında Azərbaycan hakimiyyətinə bağlı, bu iş üzrə ixtisaslaşmış xüsusi dəstənin dayandığını iddia etməyə ciddi əsaslar var.
Hansısa təsadüfi hakerlərin “Azadlıq” qəzetini hədəfə alması inandırıcı deyil. Qəzetin fəaliyyətindən narahat olduğunu hər zaman Azərbaycan hakimiyyəti nümayiş etdirib və qəzet bu narahatlığın ağır nəticələrini üzərində tez-tez hiss etməkdədir.
Qəzetin saytına kiber hücumlar uzun müddətdir fasiləsiz təşkil olunur. Hücumların tipi hər dəfə təkmilləşdirilir və getdikcə artan sayda server və İP-lərdən həyata keçirilir. Bütün bunlar işin arxasında peşəkar və yaxşı maddi-texniki təhcizatı olan bir qrupun dayandını göstərir. Üstəlik, hücumların təşkil edildiyi İP-lər arasında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid strukturlardan birinə məxsus İP-lərin olduğu da vaxtilə aşkarlanaraq cəmiyyətə elan olunub.
Son günlərdə saytın öz server ilə yanaşı, onun yerləşdiyi şirkətin DNS serverinin də hədəfə alınması isə qəzetin internet resursunu sıradan çıxarmağa çalışan Azərbaycan hakimiyyətinin “problemi kökündən həll etmək” istəyindən xəbər verir. Bu yerdə Azərbaycan hakimiyyətinin belə bir uğurlu kiber xuliqanlıq təcrübəsinin olduğunu da xatırlatmaq yerinə düşər. Söhbət “Azərbaycan saatı” televiziya proqramının yayımına mane olmaq üçün “Türksat”ın siqnallarını vurmaqdan gedir. Bunu “Azərbaycan saatı” ilə eyni kanalda verilişləri yayımlanan “Azadlıq” radiosunun mütəxəssisləri sübuta yetirib.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button