ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tənqid edərkən İlham Əliyevin adını çəkən iki ADR üzvü saxlanılıb

Hər iki şəxs inzibati həbs cəzası alıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) Qazax rayon təşkilatının üzvü Vüsal Zeynalovun həbs olunduğu bildirilir. Bu barədə partiya sədrinin təşkilati məsələlər üzrə müavini Ədalət Yusibov məlumat verib.
Onun sözlərinə görə, Vüsal Zeynalov sosial media hesabında Qazaxda həkim çatışmazlığından bəhs edən status paylaşıb, Prezident İlham Əliyevi tənqid edib. Bundan sonra o, Qazax Rayon Polis Şöbəsinə çağırılıb, orada onun barəsində protokol tərtib olunub, ardınca məhkəməyə aparılıb. Qazax Rayon Məhkəməsində isə onun haqqında 20 günlük inzibati həbs qərarı çıxarılıb.
ADR-in sədr müavini deyir ki, Vüsal Zeynalovun həbsinin əsl səbəbi onun hansısa inzibati xətaya yol verməsi yox, bu paylaşımı olub.
“Prezident İlham Əliyev, Qazax rayonunda həkim yoxdur, qırılıb hamısı.
Biz bu ölkədə dərdimizi kimə deyək?  Əgər vətəndaş olaraq, dərdimizi deməyə yer yoxdursa,  mən və ailəm  bu ölkədən imtina edəkmi? Dərdimizi kimə deyək?
İlham Əliyev, rayonlarda vətəndaşa xidmət edəcək heç kim yoxdur. Açıq-aşkar de ki, “kasıb təbəqə, qırılın, ya da rədd olun bu ölkədən”.  Mən neçə gündür həkim tapıb uşağımı göstərə bilmirəm”.
Sentyabrın 16-da ADR-in Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayev də həbs olunub. Xəzər Rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.
Allahverdi Babayev haqqında tərtib olunmuş protokolda iddia olunur ki, Xəzər rayonu, 1-ci polis bölməsinin sahə inspektoru Pərviz Aslanov onu evindəki tikinti işiylə əlaqədar bölməyə çağırıb. Lakin o, tabesizlik göstərib, səs-küy salıb, söyüş söyüb, “mən Allahdan başqa heç kimsən qorxmuram” deyib və s.
48 yaşlı Allahverdi Babayev özü də məhkəmədə bildirib ki, onun haqqında protokolda yazılanlar başdan-ayağa yalandır.
Partiyadan bildirilib ki, Allahverdi Babayev saxlanmamışdan bir gün öncə – sentyabrın 15-də verdiyi müsahibəyə görə cəzalandırılıb. Söhbət ADR sədri Qubad İbadoğlunun işinə Bakı Apelyasiya  Məhkəməsində baxılarkən məhkəmənin binası önündə verilən müsahibədən gedir. O, internet televiziyalarından birində açıqlamasında İlham Əliyev və onun rəhbərlik etdiyi hakimiyyətə qarşı etiraza səsləyib.
Daxili İşlər Nazirliyindən həbslərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button