ArxivXəbər lentiXəbərlər

“Məni daha şiddətlə döyüb, əllərindəki kamerayla çəkirdilər”

Heykəlin üzərində “Qul Bayramınız mübarək!”  yazdığına görə dəhşətli işgəncələr verilmişBayram Məmmədov sonradan başına gələnləri xatırlayıb:

“10 may 2016-cı il, saat 14-15 radələrində 3 nəfər mülki geyimli şəxs ağ rəngli “Jip” modelli avtomobilə məni zorla basaraq, 12-ci polis bölməsinə gətirdilər. Məni rəisin otağına gətirdilər. Otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələriylə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim.

… Məni BŞPİ-də gətirdilər. Orda yenidən məni döyməyə başladılar ki, mənə qarşı irəli sürülən narkotik ittihamını etiraf edim. Belə bir şeyin olmadığını, indiyə qədər narkotik maddə görmədiyimi deyəndə, məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib, daha şiddətlə döyməyə başladılar ki, saxta narkotik ittihamını etiraf edim. Onlar məni hər döyəndə söyürdülər. Şalvarımı çıxarıb dubinka ilə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə, məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Və onların tələb etdiyi məzmunda izahat-ifadə verdim.

Sonra məni generalın yanına aparıb “əgər heykəlin qarşısına gül qoyub və AzTV-yə danışsan, heykəldən üzr istəsən, səni buraxacağıq” dedilər. Mən bundan imtina edəndə aparıb yenidən döydülər. Daha sonra gecə 00.30 radələrində Nərimanov MSY-ə gətirdilər.
Ayın 11-də səhər tezdən rəis məni həyətə çıxararaq yeri təmizləməyi, siqaret kötüklərini yığmağı tələb etdi, imtina etdikdə məni şillə-yumruqla döyməyə başladı. Yenə imtina etdikdə işçilərə göstəriş verdi ki, aparın dubinkanı soxun buna, şəklini çəkin. Bundan sonra məcbur olub razılaşdım. Əlimə süpürgə və xəkəndaz verib, şəklimi çəkdilər. Sonra bu döyülmələr mütəmadi xarakter almağa başladı.

Mayın 12-də məhkəmədən (Xətai rayon Məhkəməsindən) qayıtdıqdan sonra MSY-nin rəisinin otağına apardılar, orda rəisdən başqa 2 mülki şəxs vardı, onlar məndən heykəlin şəklini çəkməkdə əlbir olduğumu soruşmağa, müxtəlif şəxslərin adını çəkərək, onlara qarşı ifadə vermək üçün dilə tutmağa başladılar. Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edək. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “aparın, bununla bir az məşğul olun” – dedi.

Onlar məni aşağı apardılar. Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladıar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb göydən yerə çırpdılar. 4-5 dəfə yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb ağzıüstə əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dubinkanın arxasıyla sinəmə və dizimə zərbələr endirməyə başladılar.

Ağrılardan və zədələrdən tam halsızlaşanda və onlar məni döyməkdən yorulanda kürəyi üstə uzadıb üzümü tam örtən kağız qoydular ki, yerə düşsə yenə də vuracaqlar. Kağız tərpəndikcə, zərbələrə davam edirdilər. Bir müddətdən sonra yenidən tələb etdilər ki, ayaqyolunu təmizləyim. Bundan imtina etdikdə məni daha şiddətli, əllərində kamera döydülər. Bundan sonra mən huşumu itirmişəm, sonra üzərimə su töküb ayıltdılar. Ayaqyalın vəziyyətdə sürütdəyərək, öz hücrəmə apardılar.

Hazırda qollarımda, ayaqlarımda, dizimdə işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var. Açıq yaralar biləyimdə və əllərimdədir. Zərbələrdən hələ başımda ağrılar var. Ayaqlarımda da açıq yaralar var. Sidiyim qan qarışıqlıdır, yemək yeyərkən çənəmdə kəskin ağrılar olur, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır”.

YADDAŞ

2016-cı il dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” şüarını yazıldıqdan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədovun məhkəməsi başa çatıb.

İclasda B. Məmmədovun vəkili Elçin Sadıqov müdafiə nitqi söyləyib. O, Bayram Məmmədovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Daha bir sifarişli, saxta cinayət işi yekunlaşdı. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, Bayram Məmmədov heç bir cinayət törətməyib. O, Heydər Əliyevin postamentinə şuar yazdığı üçün şərlənərək həbs edilən vicdan məhbusudur.

Əgər Bayram Məmmədov üzr istəsəydi, bu gün məhkəmə olmazdı. Ona bəraət verilməlidir. Çünki onun cinayət törətməsi sübut edilmədi”.

Daha sonra Bayram Məmmədov son sözlə çıxış edib. O, şərlənərək həbs olunduğunu deyib: “Hər kəs bilir ki, bu, sifarişli işdir. Tutulandan sonra polislər mənə dedilər ki, get heykəldən üzr istə, lakin mən bunu etmədim. Çünki bu, ola bilməzdi. Əslində mən özümü dustaq hiss etmirəm. Mənə çox təklif oldu, dedilər ki, hələ cavansan. Ancaq mən bütün təkliflərdən imtina etdim. Bundan sonra işgəncələr başladı. Əgər sən İlham və Heydər Əliyevlərə beyət edirsənsə, yaxşı adam, əksini edirsənsə, tənqid edirsənsə, onda xəyanətkar hesab olunursan. Vətən anlayışı Heydər Əliyev adına muzeydən, küçədən, prospektdən, fonddan, mərkəzdən, parkdan ibarətdirsə, onda mən fəxr edirəm ki, mən postamenti yazmaqla vətənə xəyanət etmişəm. Mən bu gün gələndə çıxışımı əzbərləmişəm ki, yadımdan çıxmasın. Azərbaycan polisinin ən uca məqsədi xalıq qorumaq yox, hakimiyyəti qorumaqdan ibarətdir. Mən tutulandan sonra polislərdən biri gəlib mənə dedi: “Sənsən mənim babamın heykəlin yazan?” Ondan sonra mən fikirləşdim ki, gör bunların nənələri necə insanlardır ki, bunlar hələ babalarının kim olduğunu bilmirlər. Heydər Əliyev bütdür, lakin biz bu bütü dağıtdıq.
Mən istəyirəm ki, siz məni və Qiyası xatırlayasınız. Mən peşman deyiləm”.

Hökmə əsasən B. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar. Onlar narkotik vasitələrin dövriyyəsində ittiham olunurlar. Lakin təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar şərlənərək həbs olunduqlarını, istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər.

Bir müddət əvvəl Qiyas İbrahimovun da məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

P.S

Yazıda adıçəkilənlərin də mövqeyini dərc etməyə hazırıq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button