ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vəkil: “Bəxtiyar Hacıyev saxlanma şəraitindən narazıdır”

Yanvarın 9-da həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin artıq 4 gündür ki, su qəbulundan da imtina etdiyi bildirilir. Onunla sonuncu dəfə fevralın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində valideynləri görüşüb. Vəkillərinə isə həftəsonu – qeyri-iş günü olduğunu əsas gətirib, fevralın 18-də və 19-da onunla görüşməyə icazə verməyiblər.

Vəkillər 42 gündür aclıq edən, 4 gündür ümumiyyətlə, susuz qalan Bəxtiyar Hacıyevin həyatından narahat olduqlarını əsas gətirərək, fevralın 19-da Ombudman Aparatına müraciət ediblər. Xahiş ediblər ki, heç olmasa, bu qurumun nümayəndəsi Müalicə Müəssisəsində Bəxtiyar Hacıyevə baş çəksin, ondan xəbər gətirsin. Çünki istər yaxınlarında, istər vəkillərində, istərsə də bütövlükdə ictimaiyyətdə onun həyatıyla bağlı ciddi narahatlıq var.
“Vəkilləri Bəxtiyar Hacıyevin görüşünə buraxmırlar, zənglərə də cavab vermirlər. Xahiş edirəm, Ombudsman Aparatı özü Bəxtiyar Hacıyevlə bu gün görüşsün, durumu barədə vəkillərə və ailəsinə məlumat versin”, – vəkil Zibeydə Sadıqova müraciətində göstərib.
Fevralın 19-da günorta saat 16 radələrində Bəxtiyar Hacıyev telefon vasitəsilə vəkili Zibeydə Sadıqova ilə əlaqə saxlayıb. O, saxlanma şəraitindən narazılığını bildirib.
Müdafiəçinin sözlərinə görə, ictimai fəal çox halsızdır, çətinliklə danışırdı:
“Saxlanma şəraitindən şikayət etdi. Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qaldığını bildirdi. Bir neçə nəzarətçi bütün günü otaqda ona nəzarət edir. Bəxtiyar yatanda televizoru yandırırlar, onu oyadırlar. Bəxtiyar xahiş edir ki, televizoru söndürsünlər, yata bilsin. Amma onlar söndürmürlər. Əksinə, Bəxtiyarı oyadırlar ki, televizorda kinoya baxacaqlar”, – vəkil bildirib.
Zibeydə Sadıqova
Zideydə Sadıqova. Foto: VOA
Bəxtiyar Hacıyev müdafiəçisinə deyib ki, pis rəftara görə Bakı İstintaq Təcridxanasına qaytarılmasını istəyir. O, həmçinin vəkilindən xahiş edib ki, baş verənlərlə əlaqədar Penitensiar Xidmətə şikayət hazırlasın.
İctimai fəal həmçinin quru aclığı davam etdirdiyini də deyib.
Fevralın 18-də Müalicə Müəssisəsində oğlu ilə görüşən Solidə Mövlayeva deyir ki, Bəxtiyar Hacıyevin vəziyyəti acınacaqlıdır: “Susuzluqdan dodaqları bir-birinə yapışıb. Yeriyə bilmir. Yalvardım ona ki, aclığı dayandırsın. Səsi o qədər zəif çıxır, danışığı da itib. İnsanın balasını o vəziyyətə salmağı Allah götürməz”.
Anası əlavə edib ki, Bəxtiyar Hacıyev təxminən 6 kvadrat metrlik otaqda saxlanılır və ona orada nəzarət edən şəxs davranışlarıyla əsəblərinə toxunur.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button