AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Son iğtişaşların hicab, yaxud bir qadının ölməsi ilə əlaqəsi yoxdur

 

Ayətullah Amili: Bu hadisədə əsas tərəf küçələrdə olanlar deyil. Onlar bizim öz övladlarımız və millətimizin bir parçasıdır ki, düşmən onların ağlını çox düyünlərlə üz-üzə qoyub.

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində Prezidentin BTM-dəki çıxışına toxunaraq deyib: “Möhtərəm Prezidentə Birləşmiş Millətlər Təşkilatındakı çox əhatəli və layiqli çıxışına görə təşəkkür etmək lazımdır. Bu nitq böyük millətimizin və İslam İnqilabının şəninə uyğun, eləcə də dini kimliyimizin tələbinə uyğun idi. Bütün cümlələr hesablanmış, dəqiq və vaxtında idi. Prezidentlərin əksəriyyətinin dünya idarəçiliyinin əsas problemlərindən söz açmağa cəsarəti və gücü çatmır. Bu çıxış İranın müstəqilliyinin və milli suverenliyinin tam zühurudur. Qonşu dövlətlərdən birinin prezidenti ötən illərdə bizim prezidentlərdən birinə demişdi ki, sizin dediyiniz sözlər bizim ürək sözlərimizdir. Biz də demək istəyirik, lakin siz bacarırsınız, biz isə bacarmırıq!”

Ərdəbil imam cüməsi bugün ölkəmizdə baş verənlərin hicaba, yaxud bir qadının ölməsinə aid olmadığını bildirərək deyib: “Əgər belə olsaydı, həll olunası bir məsələ idi. Məhkəmə sistemi tam diqqətlə və zərərçəkənin ailəsi ilə birlikdə bu işi izləyəcək və kameralara baxacaq, əgər işdə cinayətkar varsa, göz yummaddan onu cəzasına çatdıracaq. Hal-hazırda bu məsələ tamamilə araşdırılır. Bu məsələdə əsas tərəf küçələrdə olanlar deyil. Onlar bizim öz övladlarımız və millətimizin bir parçasıdır ki, düşmən onların ağlını çox düyünlərlə üz-üzə qoyub. Bunun da həll yolu zehndəki düyünlərini açmaq və onları başa salmaqdır. Onların İranın milli birliyinə və beynəlxalq nüfuzuna təsir edən bu hadisənin niyə baş verdiyini soruşmaq hüququ var.

Bəli, əsas məsələ bu deyil. Əsas məsələ komanda qərargahının, yəni düşmən kanallarının onların dilinə saldığı “İranı geri alacağıq” şüarıdır. “Geri alacağıq” sözünün mənası budur ki, İran birinci kiminsə əlində olub, indi də onu əvvəlki vəziyyətə qaytarmaq istəyirik. İran kimin əlində idi? 28 mordada qədər murdar və xəbis İngiltərənin, sonra da ABŞ-ın əlində idi. Elə buradan bu şüarı bəzi gənclərin dilinə salmaqda peyk kanallarının nə istədiyini, hansı məqsəd ardınca olduqlarını yaxşı anlayırıq. Beləliklə, əziz İranımızın Amerikanın əlində olduğu dövrə nəzər salaq ki, onların məqsədi bizə tam aydın olsun.”

Ayətullah Amili Amerikanın İranı idarə etdiyi dövrdə Amerikanın üsullarından səkkiz nümunəni ətraflı şəkildə izah edərək vurğulayıb: “İran 35 il Amerikanın əlində oldu. Təbii ki, indi yenə gəlsə, İranı eyni üsulla idarə edəcək. O vaxt onun metodu hansı idi? Bu metodun səkkiz xüsusiyyəti var.

Birinci xüsusiyyət: Amerika “İsrail”in hərbi üstünlüyünü qorumaq üçün İranın hərbi üstünlüyünə malik olmamasının lazım olduğunu bildirdi. İran hərbi cəhətdən o qədər geri qalmışdı ki, Səddam öz raketləri ilə şəhərlərimizi asanlıqla şumladı, cənub və qərb şəhərlərimizi asanlıqla aldı. İran ən sadə döyüş silahlarında yadlara möhtac qalmışdı. Deməli, Amerikanın İrana gəlməsi ilə İsrailin üstünlüyünü qorumaq üçün İranın raket, nüvə və pilotsuz uçuş aparatları məhv edilməlidir ki, İsrail rahat nəfəs ala bilsin. Raketsizləşdirmənin nə demək olduğunu bilirsinizmi? Bu o deməkdir ki, dünyanın ən kinli və qəddar canavarları ilə əhatə olunduğunuz zaman müdafiə vasitəniz yoxdur. Bu o deməkdir ki, millətimiz sel kimi həlak olmalı, əziz İran düşmən çəkmələri altına düşməlidir.

İkinci xüsusiyyət: İran çox böyükdür və geniş ərazi güc göstəricilərindən biridir. Yaxın Şərqdə güc mərkəzi formalaşmamalıdır. Bu səbəbdən İran bölünməlidir. Elə buna görə də Amerika İrandan Bəhreyni ayırdı, Sistanın böyük bir hissəsini ayırdı və üç adanı da İrandan ayırmaq ərəfəsində idi ki, inqilab baş verdi. Deməli, Amerika İranı ələ keçirsə, parçalanma davam edəcək. İlk növbədə, üç ada Birləşmir Ərəb Əmirliklərinə də verilməyəcək, ABŞ, Fransa və İngiltərənin bazalarına çevriləcək. Necə ki, Bəhreyn ayrılıqdan sonra belə oldu və indi hər üç ölkənin donanması orada yerləşir. Qeyd edək ki, İran sahillərindən adalara qədər olan məsafə çox uzaqdır. Yəni, problem təkcə ada deyil, dəniz səthinin ən strateji hissəsinin çox böyük bir sahəsinin İrandan ayrılması məsələsidir. Bundan sonra Böyük Kürdüstan, sonra Böyük Azərbaycan və…

Əmirəl-möminin (əleyhis-salam) buyurdu ki, fitnənin gələndə səsi olmur, işini görüb gedəndən sonra səsi ucalır.”

Ayətullah Amili Amerikanın İranı idarə üsullarının digər xüsusiyyətlərini də sadalayaraq səkkizinci xüsusiyyəti belə izah edib: “Səkkizinci xüsusiyyət ondan ibarətdir ki, bütün nüvə bilikləri dəfn edilməlidir. Şah Amerikadan nüvə biliyi istədi, lakin vermədi. Atom elektrik stansiyası istədi, amma vermədi. Almanlardan almağa məcbur oldu. Buşehr Atom Elektrik Stansiyasının bazasını Almaniya tikirdi, amma inqilabın əvvəlində buraxıb, getdilər. Amerika hesab edirdi ki, bölgədəki nüvə biliyi yalnız “İsrail”in əlində olmalıdır ki, onun təhlükəsizliyini qorusun. İranın Amerikanın əlinə keçməsi, sionist rejimin əlinə keçməsi deməkdir. Sionist rejim bu yaxınlarda bildirdi ki, İranı artıq nüvə silahından məhrum etmək mümkün deyil. Çünki İran nüvə biliyinə yiyələnmişdir və Trampın nüvə sazişindən çıxmasından istifadə edərək, lazımi zənginləşdirilmiş materialları istehsal etmişdir. Bu sözün mənası odur ki, sionist rejim İrana ayaq açsa, bütün nüvə alimlərimiz terror ediləcək. ABŞ-ın İraqa hücumundan sonra beş yüz həssas iraqlı alim sionist rejim tərəfindən qətlə yetirildi. Suriyaya hücumdan sonra bu ölkənin bütün böyük alimləri yoxa çıxdı. Suriyanın bütün tədqiqat mərkəzləri sionist rejim tərəfindən bombalandı. Bu günlərdə Almaniya və Fransa özlərinin bütün atom elektrik stansiyalarını işə saldılar. Çünki Rusiyadan gələn neft və qaz kəsilib. Bir gün bizim də neftimiz və qazımız bitəcək. Onda biz nüvə enerjisi olmayan ən bədbəxt ölkəyə çevriləcəyik. Sionist rejimin ayağı hələ İrana açılmayıb, bu qədər nüvə alimimizi terror edib. Əgər ayağı İrana açılsa, onların hamısını qətliam edəcək. Xütbənin vaxtı məhdud olduğuna görə bu səkkiz xüsusiyyətlə kifayətlənirəm. Əks təqdirdə Amerikanın İran üzərində hökmranlığı dövrünün zillət və rüsvayçılığı bitib-tükənən deyil.”

İmam cümə xütbəsinin davamında İslam Respublikasının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərə toxunaraq deyib ki, İslam Respublikasının 40 ildə etdiklərini on mində birini də Amerika 35 ildə etmədi. İslam Respublikası müdafiə sahəsində, elmi sahədə sözlə vəsf edilməsi mümkün olmayan böyük işlər görmüşdür, milli hakimiyyət mövzusunda lazım olan hər bir şəraiti həyata keçirmişdir, xalq asanlıqla Ekspertlər Məclisinin sədrini dəyişə bilir, ölkənin icra hakimiyyətinə rəhbərlik edən cinahları dəyişə bilir. Müstəqillik mövzusunda böyük işlər görüb. Qaz təchizatı, su təchizatı, elektrik enerjisi təchizatı, bəndlər, yollar və suya nəzarət üzrə rekordlar qırıb, qadınlara qayğı göstərməkdə misilsiz işlər görüb, universitetlərin və həssas ixtisas sahələrinin imkanlarının 60%-i qadınların ixtiyarına verilib, bugün qadınlarımız beynəlxalq idman yarışlarında ciddi təmsil olunurlar. Ölkənin təhlükəsizliyinin təmin olunmasında uğurlu addımlar atılıb və xaricdə bayrağını qaldırıb. Sionist rejim deyir ki, biz heç vaxt İrana hücum edə bilmərik, çünki Hizbullah öz raketləri ilə “ölkəmizi” şumlayar. Əziz İranımız üçün bu təhlükəsizliyi yaradana alqışlar olsun. İslam Respublikası Yaxın Şərqdə elmi mərkəzlərin və universitetlərin inkişafına töhfə verdi. Bir çox həssas sahələrdə çox yüksək elmi dərəcələr qazanmışdır. Milli qürurun qorunub saxlanması və qlobal mövqeyin dirçəldilməsində böyük işlər görmüşdür. Kök hüceyrələr, nüvə enerjisi, nanotexnologiya sahələrində, raket, gəmiqayırma və sualtı sənayelərdə, habelə, çox həssas dron sənayesində, neft-qaz və neft-kimya sənayesində, kosmosa peyklərin göndərilməsində, aerokosmik və digər sahələrdə İranı canlandırmışdır.

İmam cümə bu günlərdə xüsusi şüarlarda iki ağrılı şüarın olduğuna toxunaraq deyib: “Birincisi, şüar İranı parçalanma dövrünə qaytarmaqdır. Əziz İranı biz ərdəbillilər Şah İsmayılın əli ilə birləşdirib, İranı bərpa etmişik. Ona görə də biz azərilər, xüsusən də ərdəbillilər İranı müdafiə edtməyə daha çox layiqik. Mühit Təbatəbai deyir ki, Ərdəbil olmasaydı, İran da olmazdı. Cənab Sistani üç dəfə dedi ki, Ərdəbil olmasaydı, İran da olmazdı. Deməli, Səfəvi irsini qorumağa biz ərdəbillilər, ümumilikdə azərilər daha layiqik. Ona görə də kim İranı zəiflətməyə, parçalamağa çalışırsa, biz azərbaycanlılar onun sırasında olmamalıyıq, əksinə, bütün gücümüzlə ona qarşı çıxmalıyıq. Burada bəyan edirəm ki, mənim bir canım var və min canım da olsa, əziz İslami İran üçün fəda edəcəyəm ki, Amerika və İsrail İrana ayaq açmasın. Bu fədakarlığı ən xalis şəhidlikdən biri bilirəm.”

Xətib əlavə edib: “İkini şüar, bizim Rəhbərimizə hörmətsizlik edilməsidir. (Xətib ağlayır və cümə namazı iştirakçıları düşmən əleyhinə şüarlar səsləndirirlər) Dünyanın heç vaxt görmədiyi və görməyəcəyi bir Rəhbər. Dünyanın indiyə qədər gördüyü ən ideal bir rəhbər həzrət Ayətullahül-üzma İmam Xameneidir. Mən İnqilabın Rəhbəri ilə ikimiz İmam Rza əleyhis-salam zalında idik. Mən onun məhzərinə bir cümlə ərz etdim. Dedim ki, ustadım cənab Pəhləvaniyə daim “canım və ömrüm sənə qurban olsun” deyirdim. O, məni bu işdən çəkindirirdi və deyirdi ki, belə dua etmə, çünki şagirdlərimdən biri belə dua etdi və canını itirdi.

Sonra dedim: Ağacan! Cənab Pəhləvaninin dediyinin həqiqət olduğunu bildiyim halda (Sizə) deyirəm: Ağacan, mənim canım və ömrüm Sizin canınıza və ömrünüzə fəda olsun. Bu barədə düşmənlərə də deyirəm ki, İmam heç bir illüziyaçının əlinin çata bilməyəcəyi ulduz kimidir.”

Ayətullah Amili xütbəsinin sonunda Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin sərhədçilərinə təşəkkürünü bildirərək vurğulayıb: “Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin sərhədçilərinə səmimi təşəkkürümü bildirirəm ki, biri Xudafərin, digəri isə Aslanduzda olmaqla iki  avtomobili saxladılar. Hər iki sürücü yerli deyildi, həm də avtomobil trotil və həssas silahlarla dolu idi. Biz sərhədçilərin təmin etdiyi süfrənin ətrafında oturmuşuq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button