İctimai fəal Bəxtiyar Hacıyev
Əvəz Zeynallı və Elçin Sadıqov məsələsində bəzi qeydlər:
1) Baş Prokurorluq siyasi sifariş olmasa, heç vaxt, heç kimi rüşvətə görə gecə saatlarında tutmur, gecə saat 4-də məhkəmə qətimkan tədbiri seçmir.
2) Əgər Baş Prokurorluq rüşvətə, korrupsiyaya görə kimisə belə operativliklə məsuliyyətə cəlb etsəydi, 1000 nəfərin imzası ilə ƏƏSMN Sahil Babayevlə bağlı 160 milyon manatdan çox vəsaitlə bağlı 1 ildən artıqdır şikayət vermişik, onu araşdırardı. O cəhənnəm, göz qarşısında baş vermiş cinayətləri belə araşdırmayıblar (məsələn, mənim DİN qarşısında döyülməyim).
3) Rüşvətə görə cinayət işi açılaraq həbslər həyata keçirilsə, gərək dövlət qulluğunda olanların, müxtəlif dövlət orden və medalları alanların böyük əksəriyyəti indi həbsdə olardılar.
4) Cinayət Məcəlləsindəki 311-ci maddədəki rüvşət alma əməli vəzifəli şəxslərə aiddir. Hətta Əvəz Zeynallı və Elçin Sadıqov canlı efirə çıxıb, 20 000 manatı göstərərək “Rasim Məmmədovun müdafiə işinin qurulması üçün bunu almışıq” desəydilər, amma Rasim Məmmədovun “bəzi qeydlər aparmışam, onları açıqlayacam” demiş olmasaydı, Zeynallı və Sadıqov həbsdə olmazdılar.
Ona görə də bu “pul alınıb, yoxsa, alınmayıb” söhbətləri məsələnin əsas mahiyyətindən yayınmaq üçün bəhanədir. Fakt budur ki, hər iki tanınmış şəxs pula görə yox, hansısa məlumatların yayılmaması üçün həbs ediliblər və onlara açılmış cinayət işi də siyasi sifarişli, qondarma işdir, onlara seçilmiş maddə də uzaqdan-yaxından əlaqəsi olmayan maddədir.
Əslində baş verən uzun illər davam edən bir prosesin növbəti addımıdır. Siyasi partiyalara, hüquq müdafiəçilərinə, jurnalistlərə, vəkillərə, fəallara əvvəllər necə repressiya olurdusa, indi də onun kimi həbs ediblər.