ArxivXəbər lentiXəbərlər

Yasamalda 7 nəfərlik şəhid ailəsinin evi xəbərdarlıqsız uçuruldu

Rəna Babayeva: “İşdən qayıdıb təzə tikdiyim evimin dağıntıları ilə qarşılaşdım…”

Yasamal rayonu, “Qanlı göl” ərazisində yaşayan, Füzuli rayonundan məcburi köçkün olan Rəna Babayeva evinin heç bir xəbərdarlıq edilmədən, kompensasiya verilmədən uçurulmasından şikayət edir.

Redaksiyamıza müraciət edən şikayətçi deyir ki, 1993-cü ildən kiçik bir daxma tikərək həmin ərazidə məskunlaşıb. Bu müddət ərzində dəfələrlə onları heç bir sığınacaq vermədən həmin daxmadan çıxarmaq istəyiblər. 2014-cü ildə isə oğlunu evləndirib ayırmaq üçün kiçik daxmasının yaxınlığında 130 kvadratmetrlik yeni bir ev tikib. Evin tikinti xərclərini qarşılamaq üçün isə, bankların birindən 20 min dollar pul götürüb.
Şikayətçinin sözlərinə görə, evin tikildiyi 4 ay ərzində nə icra hakimiyyətindən, nə də MİS-dən heç kim gəlib onları narahat etməyib. Lakin ev tikilib başa çatdıqdan sonra Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri ailə üzvləri işdə olduğu vaxtda heç bir xəbərdarlıq etmədən gəlib həmin yeni tikilini dağıdıblar. İşdən evə dönən Babayevlər ailəsi isə borc hesabına tikdikləri evin xarabalıqları ilə qarşılaşıblar.

R.Babayeva prezident İlham Əliyevin qərarını xatırladaraq bildirir ki, tikilib başa çatmış ev heç bir halda kompensasiya verilmədən uçurula bilməz. İki ildir mülkiyyət hüquqlarını təmin etməyə çalışan Rəna Babayevanın cəhdləri isə heç bir nəticə verməyib: “24 ildir birotaqlı kiçik mənzildə yaşayırıq. Ailəmiz 7 nəfərdən ibarətdir. Böyük oğlumun 32, kiçiyin isə 30 yaşı var. Evimiz darısqal olduğundan böyük oğlum ailəsi və iki uşağı ilə birlikdə qayınatasının evinə sığınıb və orada çətinliklə yaşayırlar. Kiçik oğlum isə 4 ildir ki, nişanlıdır və onu evləndirmək üçün nə bir daxmam, nə də maddi imkanım var. Bankdan borc götürüb geniş bir ev tikmişdim ki, oğlanlarımı evləndirib yerləşdirim. Həmin evi də darmadağın etdilər. Materialları da oğurlanıb getdi. İndi xarabalıqları qalan həmin evə görə, hər ay neçə yüz manat banka pul ödəyirəm.

Pulu dollarla götürdüyüm üçün devalvasiyadan sonra borcun məbləği də iki dəfəyə yaxın qalxıb. Mən 0.78 məzənnə ilə götürmüşdüm, sonra 1.05-lə hesabladırlar. İndi 10 min manata yaxın borcum var banka. Tikib yaşamadığım evin pulunu ödəyirəm. İndi bilmirəm nə edim, başıma nə çarə qılım?”.

Şikayətçi deyir ki, probleminin həlli üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb, lakin heç birindən müsbət cavab ala bilməyib: “Qohumlarımdan biri mənim adıma ev alıb və mən də orada qeydiyyata düşmüşəm. Yasamal rayonunda adım qeydiyyatda olduğu üçün onun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məni qəbul etmirlər. Nə qaçqın kimi, nə də yerli kimi mənim şikayətimə baxan yoxdur. Mən uşaqlarım evsiz-eşiksiz qocaldı. Həm nazirlər Kabinetinin, həm də icra hakimiyyətinin siyahısında adımız ev növbəsindədir. Bəs, 24 ilə həll olunmayıbsa, bu neçənci ildə həll olunacaq? Axı biz də insanıq. Səbrimiz tükənib… Mən şəhid və Milli Qəhrəman ailəsiyəm. Mən bu torpaq uğrunda 3 şəhid vermişəm. Ancaq mənə dəstək olmaqları bir yana, öz pulumla tikdiyim evi əlimdən alıblar. Burada müvafiq dövlət qurumlarına səslənirəm ki, mənim problemimi həll eləsinlər”. /musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button