Əmir Abdullahian: İran daima Yəmən xalqını dəstəkləyib
İranın xarici işlər naziri Ənsarullah Hərəkatının sözçüsü və Yəmənin Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri ilə görüşdə, İran İslam Respublikasının həmişə Yəmən xalqının iradəsini dəstəklədiyini vurğulayıb.
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü və Yəmənin Milli Qurtuluş hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdül Salam bazar günü Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Əmir Abdullahian bu görüşdə bildirib ki, İran İslam Respublikası Yəməndə atəşkəs rejimini dəstəkləyir və bunu davamlı sülhün bərqərar olması üçün müqəddimə hesab edir.
Eyni zamanda o, Yəmənin blokadasının tamamilə aradan qaldırılması ilə bu ölkədə humanitar böhranın sona çatacağına ümid etdiyini bildirib.
Yəmənin Ənsarullah hərəkatının sözçüsü də öz növbəsində Tehranın Yəmən xalqına verdiyi dəstəyi yüksək qiymətləndirib və İranın xarici işlər nazirinə bu ölkədə baş verən son hadisələr haqqında məlumat verib.
O, atəşkəsin əsas elementlərinin tam yerinə yetirilməməsini tənqid etməklə yanaşı, bu ölkədə sülhə nail olmaq üçün Yəmən xalqının humanitar məsələlərinin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, bir neçə aydır Yəməndə BMT-nin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında atəşkəs rejimi yaradılıb. Amma səud koalisiyası bu atəşkəsi hər gün pozur.