“Əliyev Blinkenə şərt qoyursa, demək, Azərbaycan rəsmilərinə qadağa qoyulub”
“Əgər İlham Əliyev Blinkenə Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərinə icazə verilməsi ilə bağlı şərt qoyubsa, demək, belə bir fakt üzə çıxır ki, Azərbaycan rəsmilərinə hansısa qadağa qoyulub”.
Noyabrın 27-də ABŞ Dövlət katibi Blinken Azərbaycan Prezidentinə zəng edib.
Rəsmi media yazır ki, Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
“Prezident Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”, – məlumatda vurğulanır.
“Əgər müzakirə varsa, demək, qarşılıqlı istəklərin olması da təbiidir”
Seymur Həzi isə deyir ki, hökumət mediasında aparılan bu təbliğat Azərbaycan rəsmilərinə qadağanın qoyulması ilə bağlı faktı üzə çıxarmış olur:
“”Əliyev Blinkenə belə bir şərt qoya bilərmi?” sualından öncə bir şeyə diqqət etməliyik ki, deməli, ABŞ Azərbaycanın yüksək vəzifəli rəsmilərinə qadağa qoyub. Yəni bu təbliğat ilə belə bir məsələni fakta çevirir. Söhbətin ikinci hissəsinə gəlincə, əgər müzakirə varsa, demək, qarşılıqlı istəklərin olması da təbiidir. Yəni münasibətlərin normallaşmasını istəyən tərəf varsa, buna şərt də demək olar, müzakirə predimeti olan istək də”.
“Mən düşünürəm ki, belə bir istək ola bilər, çünki münasibətlərin normallaşması hansısa bir kommunikasiyalardan keçir. Yəni Azərbaycan və ABŞ hökumətləri münasibətlərin normallaşmasını istəyirlərsə, hansısa qarşılıqlı addımlar atmalıdırlar. Amma ABŞ rəsmisinin Azərbaycana səfəri gündəmdədir və Dövlət Departamentinin saytında da bu barədə məlumat var. Amma Azərbaycan rəsmilərinin dedikləri ABŞ-ın dövlət orqanlarının saytlarında yoxdur. Heç Azərbaycan dövlət orqanlarının saytlarında da dərc edilməyib. Bu, sadəcə, hakimiyyət mediasının tirajladığı xəbərdir”, – Seymur Həzi qeyd edib.
“Hakimiyyətin məqsədi də münasibətləri korlamaqdır”
“Bəs ABŞ rəsmilərinə belə bir qadağa qoyula bilərmi?” sualına isə Seymur Həzi belə cavab verib:
“O məsələ belədir ki, bu gün Azərbaycan hökumətinin apardığı repressiv siyasət demokratik dünya ilə münasibətlərin kəsilməsinə hesablanıb. Bu baxımdan Azərbaycan hökuməti diplomatik dillə “bunu qəbul etmirəm” deyə bilər. Yəni siz bizi qəbul etmirsinizsə, biz də sizi qəbul etmirik. Əlbəttə, bu, baha başa gələr, amma buna baxmayaraq, ifadə edə bilərlər. Çünki faktiki olaraq, elə hakimiyyətin məqsədi də münasibətləri korlamaqdır”.
“Daxili auditoriyaya hesablanan informasiyadır”
Politoloq Azər Qasımlı isə Meydan TV-yə deyir ki, burada bir neçə məsələyə diqqət çəkmək lazımdır:
“Burada üç məsələ var: birincisi odur ki, İlham Əliyevlə sülh məsələsi müzakirə olunub. Yəni bu gün ABŞ-ın istəyi açıq ortadadır. Müzakirənin də açar sözü sülh olub. Hətta Dövlət Departamentinin saytında yerləşdirilmiş mətnə baxsanız, görərsiniz ki, ən çox istifadə olunan söz sülhdür. Açıq görünür ki, ABŞ sülh sazişinin imzalanmasına cəhdlər edir”.
“İkinci məsələ odur ki, Azərbaycan rəsmilərinə qadağanın qoyulması gündəmdədir. Yəni Azərbaycanın yüksək vəzifəli şəxslərinə ABŞ-a səfər etmək, orada müzakirələrdə iştirak etmək qadağası qoyulubmuş. Yəni bu informasiya təbliğat olmaqla yanaşı, həm də Azərbaycan hakimiyyəti faktı etiraf etmiş oldu, çünki həmin xəbər rəsmi mediada da tirajlandı”, – deyə politoloq vurğulayıb.
“Azərbaycan yalnız etirazını bildirə, xahiş edə bilər”
Onun fikrincə, Əliyevin Blinkenə şərt qoyması ilə bağlı informasiya daxili auditoriyaya hesablanıb:
“Üçüncü məsələ odur ki, guya Azərbaycan rəhbəri Blinkendən nəyisə tələb edib, ona şərt qoyub. Buna inanan varmı ki, Azərbaycan ABŞ-dan nəyisə tələb edə və ya şərt qoya bilər? Azərbaycan yalnız mövqeyini, etirazını bildirə, xahiş edə bilər. Amma tələb və şərt şəklində etməsi inandırıcı deyil. Bu, sadəcə, daxili auditoriyaya hesablanan informasiyadır, başqa heç nə. Qısaca, insanların hisslərini manipulyasiya etməyə hesablanmış növbəti cəhddir”.