ArxivFatimi yaşayişIslamNardaranŞəxsiyyətlərXəbər lentiXəbərlər

Zindandakı körpələrə qeybdən uzanan ƏLLƏR…

…Bir də, bu dünyada əllərini göylərə açan körpələr var… Onlar istədikilərini tapa bilməyəndə belə edirlər… Qeybdən uzanan gözəgörünməz əllər sığallayır körpələri bu anda… Biz görmürük bu ƏLLƏRİ, ancaq körpələr görür. Körpələrin sudan saf, çiçəkdən təmiz ruhları görür bu ƏLLƏRİ. Odur ki, qəfil üzlərində bir rahatlıq yaranır, gözləri dolur, dodaqları sallanır… onlar tək olmadıqlarını anlayır və bu böyük sevgidən kövrəlirlər.

 

Unudulmayan zindan qoxusu

…Bu ağrını isə ancaq yaşayanlar duyar. Uşaq idim və həyətimizdə eşitdiyim hər maşın səsindən diksinib qapıya qaçırdım, “dədəm gəldi” deyə ümidlənirdim.

Dədəm ədalətsizliyə etiraz etdiyinə görə həbs edilmişdi. Aradan uzun illər keçdi, biz böyüdük, qayğısız uşaqlığımızdan qalan acı həbs xatirələrini isə unutmadıq. Hər dəfə məhbus ailələrini görəndə, atası məhbus olan körpələri görəndə o acını yenidən yaşadım.

Biz böyüdük amma bu məmləkətdə ədalət istəyənlərə açılan zindan qapıları bağlanmadı…

Sonralar ağlım kəsəndə bir həqiqəti anladım-məhbus övladları da ataları ilə birgə yaşayır o zindan həyatını. İstədiyin anda qollarını atanın boynuna dolaya bilmirsən, o zaman nə fərqi var, məhbəsdəki sənsən, yoxsa, atan…

Görün, bu gün Azərbaycanda nə qədər insanlar günahsız yerə şərlənərək həbs edilib. Görün bu gün bu məmləkətdə nə qədər körpə ZİNDANDADIR, MƏHBUSDUR.

19755924 1147781215366295 1338244067 n

10 aylıq adsız Əbülfəzlabbas

Ötən həftə balaca Həsəni, körpə Əbülfəzlabbası bağrıma basanda bir anlığa uşaqlığıma qaytdım və zindandan evə dönən dədəmin qoxusunu duydum sanki.

Bu balacaların yol çəkən gözlərinə baxanda İraqdakı, Suriyadakı müharibə, partlayış səsindən xoflanan uşaqların baxışını gördüm. Nə fərqi var, burda da müharibə gedir, özü də daha şiddətli. Ədalətsizliyin tüğyan etdiyi bütün məmləkətlərdə hər gün partlayış, hər gün terror olur. Nə yazıq ki, bəzi qulaqlar “kardır”, bəzi gözlər “kordur”, “görmür”, “duymur” və etiraz etmir. Amma müharibə qurban tələb edir. “Karlara”, “korlara” isə xəbər ən sonda çatır və cəzaları daha şiddətli olur, hər iki dünyada…

 

Həsənlərin, hüseynlərin “NİYƏ” sualı

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı Nardaran əməliyyatında şərlənərək həbs edilən Tale Bağırzadənin ailəsinə baş çəkib. Yəqin bilirsiz ki, Tale Bağırzadə sübut olunmayan ittihamlara əsasən 20 il müddətinə azadlıqdan məhrum edilib. 20 il çox uzun müddətdir.

Tale Bağırzadə həbs edildikdən sonra dünyaya gələn oğlu Əbülfəzlabbas 20 ildən sonra atasının azadlıq mübarizəsini davam etdirəcək. Bu gün rəsmi qurumların hətta adından qorxduğu bu şirin körpə dil açıb atasını soruşacaq, həbs olunduğunu eşidəndə isə bir yekə NİYƏ sualını verəcək. Hə, o məşhur əsərdə deyildiyi kimi AXI NİYƏ?

19832774 1147781992032884 343326233 n

Hüseyn Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında

Amma bu gün o sualın hər gün narahat etdyi körpə qəlbləri var. Tale Bağırzadənin oğlu Həsən, Hüseyn və yüzlərlə həsənlərin, hüseynlərin kiçikli –böyüklü verdikləri NİYƏ sualı gətirəcək Zamanın SAHİBİNİ. O ana qədər gözləyək, ədalətin qələbə çaldığı günü. Axı biz gözümüzü açıb bu məmləkətdə nə zaman insan haqlarının, ədalətin olduğunu gördük ki…

 

Müaviyyələrin bitməyən Əbülfəzlabbas qorxusu 

10 aylıq Əbülfəzlabbas isə indidən qara qəlblərə qorxu, xof salıb. Belə olmasaydı, bu balacanı adsız qoyardılarmı?

2016-cı il iyulun 25-də dünyaya gələn Əbülfəzlabbasa bu adın verilməsinə Yasamal Rayon Qeydiyyat Şöbəsi imkan vermir. Qrum uşağa bu adın verilməsinin mümkün olmadığını əsas gətirərək, doğum haqqında şəhadətnamə verməkdən imtina edib. İlahiyyatçının xanımı deyir ki, qrum Əbülfəzlabbasın adındakı “l” hərfinin bu adda artıq olduğunu iddia edir.

19832796 1147784902032593 1757517308 n

Leyla xanım danışdıqca bu qadındakı əzəmətə, dərin məntiqə, gənc olmasına baxmayaraq bu qədər zərbəyə əzmlə sinə gərməsinə mat qalıram. Hardandır bir qadında bu qədər qüdrət?

Xanım Zeynəb əleyhasalamın həyatı nümunə deyilmi?

Yəqin xatırladız tarixin yaddaşına həkk olan o məşhur səhnəni.

Kufənin cəllad valisi İbn Ziyad, Kərbəla müsibətində qardaşlarını  itirən xanım Zeynəbə xitab edərək deyir:  Gördünmü Allah sizə neylədi?

Xanım Zeynəb əleyhasalam onun cavabında buyurdu:

“Mən (Kərbəlada) yalnız gözəlliklər gördüm. Onlar bir dəstə idilər ki, Allah onlara mübarizəni vacib etmişdi. Onlar öz məqamlarına çatmaq üçün mübarizə etdilər”.

Leyla xanıma baxdıqca qulaqlarımda səslənirdi xanım Zeynəbin bu kəlamı. Bu Kərbəla məktəbidir. Bu zülmə dimdik dirənən, qanı ilə, şəhadəti ilə zülmlə döyüşən MƏKTƏBDİR!

Bu gün bu məmləkətə baxdıqca gözümüz bu gözəlliyi görür. Zülmlə döyüşən, namərdə boyun əyməyən, ŞƏHADƏTİ ilə döyüşənlər təkcə məmləkətimizi deyil, dünyamızı gözəlləşdirir.

Bu gənc xanımın, üç uşaq anası olan Leylanın da çətinliklərə mərdliklə dözməsi, üzündəki rahat ifadə içindəki gözəlliyin işığıdır. Xanım Zeynəbin yolunu tutanlar dünyada ancaq gözəllik görər. Bu gözəlliyin adı isə DÖYÜŞDÜR.

“Atama azadlıq!”

Nardaran işi məhkəmə prosesini izləməyə gələnlər Tale Bağırzadənin üç övladını da orda analarının yanında görüblər. Məhkəmə başlayan zaman Leyla xanım prosesi izləmək üçün iclasa girəndə uşaqlar çöldə analarını gözləyirdi. Bu uşaqlarla hamı kimi mən də məhkəmədə tanış oldum. İnsanın içini acıdan, gözlərini yaşardan mənzrədir. Amma bu mənzərə balaca Həsəni də Hüseyni də yaşından tez böyütdü.

19755953 1147785258699224 229806886 n

Bu dəfə Hüseyni görə bilmədik. Kəndə aparmışdı nənəsi. Qapını bizə Həsən açdı. İçəri girəndə diqqətimi ilk çəkən divardan asılmış tablo oldu. Taxta çərçivənin içində Tale Bağırzadənin şəkli vurulmuşdu. Şəklin üstünə “atama azadlıq” yazılmışdı. Bu Həsənin əl işidir. Həsən bu balaca taxta parçasına, balaca əlləri ilə qəlbinin ən böyük arzusunu yazıb: ATAMA AZADLIQ!

Hər dəfə atasının adını çəkəndə üzünə qəribə təbəssüm qonur.

Həsən birinci sinifdə oxuyur. Şahmat oynamağı sevir. Hələ şahmat üzrə keçirilən yarışmada yer tutub, fəxri fərman da alıb.

19756248 1147785808699169 1033420816 n

Deyir, böyüyəndə hərbi həkim olacam. Bu uşaqda olan vətən sevgisinin mində biri Tale Bağırzadəyə vətən xaini damğası vuran məmurlarda olsaydı. Yoxdur. Olmayacaq da. Çünki bu sevgi genlə, qanla gəlir. Tale də vətənini çox sevir, ona görə azadlığını, bu ölkədə haqqın bərqərar olmasını istəyirdi və bunun uğrunda mübarizə aparırdı… Bu mübarizə bu gün də davam edir, sabah da edəcək… Tale Bağırzadənin məhkəmə iclasında dediyi hər kəlmə aforizmə çevrildi. Bundan böyük mübarizə…?

“Anadangəlmə hakim” yuxudadır…

Həsən balaca Əbülfəzlabbasdan danışır. Deyir ki, qardaşım böyüyəndə hakim olacaq: “Qardaşım anadan olandan işinə hakimlər baxır, o, anadangəlmə hakimdi”.

19758396 1147786098699140 564003487 n

Yuxudan oyanan Əbülfəzlabbas qonaqların gəlişinə sevinir. Elə bil tanıdığı, doğma adamları görüb, qollarını açıb Rövşən Əhmədlinin boynuna sarılır, qucağında oturub oynamağa başlayır.

Görüş zamanı bəlli oldu ki, Tale Bağırzadə bu gün evə zəng edib ailəsi ilə danışıb, dostlara, Hacı Rövşən Əhmədliyə salamını çatdırıb. Durumundan razılıq edib.

19858490 1147786752032408 1237069178 n

Rövşən Əhmədli Hacı Talehin ailəsini zülmə dirənişin simvolu adlandırdı: “Hacı Talehin ailəsi son 10 ildə azad, ədalətli, hüquqi dövlətin qurulması uğrunda mücadilə verən insanların çarəsizlik, həbs, işgəncə qorxusununa qələbəsi rəmzidi.

 

Torpaqlarımızın əsirlikdə qalması dərdinə,  canından artıq sevdiyi vətəndə saxta, qondarma ittihamlarla məhbəs həyatı yaşayan qeyrətli övladlarımızın ailələri qarşısında xəcalətli qalmaq iztirabı da əlavə olundu. Amma əminəm ki, heç bir cinayət cəzasız qalmayacaq!”

P.S

Bizi yola salmağa 10 aylıq Əbülfəzlabbas da çıxmışdı. Qollarını bərk-bərk Rövşən Əhmədlinin boynuna dolamışdı. Qığıldayırdı, gülürdü, nəsə deməyə çalışırdı. Amma onu bu qədər xoşbəxt edən səbəb var idi. Tale Bağırzadənin oğlu olmaq xoşbəxtliyi…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button