ArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: Xarici işlər nazirinin Amerikaya səfərindən heç nə gözləmirəm

“Münaqişənin gedişatına təsiretmə imkanı ən çox Rusiya və Türkiyədədir. Amerika ilə Fransanın təsir imkanları qat-qat aşağıdır. Amerika nə Ermənistana, nə də  Azərbaycana o qədər təsir edə bilməz ki, onlar indiuktiv olaraq geri çəkilsinlər”. 

Siyasi şərhçi Zərdüşt Əlizadə Xarici işlər naziri Ceyhun Bayramovun  ABŞ-a səfərilə bağlı gözləntilərini “Toplum TV” ilə bölüşərkən belə deyib.
Zərdüşt Əlizadənin fikrincə, Ermənistan “öldü var, döndü yoxdur”, “Qarabağ müstəqil olmalıdır” , Azərbaycan isə “ərazisi bütövdür” deyir, yəni danışıq predmenti ola bilməz. Hazırda belə şəraitdə hansısa güzəştli sülh haqqında danışmaq qeyri-mümkündür.

Şərhçi hesab edir ki,  Amerikada bütün fikirlər daxili  seçkilərdədir: “Mən Xarici işlər nazirinin bu görüşündən heç nə gözləmirəm. Çünki noyabrın 3-də ABŞ-da səsvermədir. Trampla Co Bayden bir-birini qırırlar. Yəni kiminsə vecinə deyil ki, yer kürəsinin  o biri tərəfində iki balaca dövlət bir-biri ilə didişir. Düşünmürəm ki, Amerika bu məsələyə həddən artıq böyük qiymət verəcək”.
“Onların başlıca məqsədi uğurla irəliləyən Azərbaycanın qarşısını necə olursa- olsun almaqdır”

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərə görə, bu görüş Minsk Qrupunun Azərbaycana qarşı siyasi-diplomatik hücuma keçməsinin növbəti nümayişidir:   “Onların öz aralarında rəqabət gedir və təşəbbüsü bir-birinin əlindən qapmağa çalışırlar. Humanitar atəşkəs adı ilə Moskva bir çıxış edib və kim münaqişənin həllində  təşəbbüslə çıxış edirsə, onun nüfuzu və çəkisi də artır. Ona görə də indi Vaşinqton öz ağırlığını  qoymaq istəyir və növbəti belə təşəbbüslə çıxış edir”.
Sülhəddin Əkbər hesab edir ki, burada həm də Amerikada seçkiqabağı erməni diasporasının  səsini qazanmaq kimi siyasi niyyət var: “Mən Minsk Qrupuna “Erməni Dostluq Qrupu” deyirəm. Bu qrupdan yaxşı şey gözləmirəm və Azərbaycan bu səfərlərə getməməlidir. Getsə də, yalnız texniki xarakter daşımalıdır”.

“Görüşlərin keçirilməsi müsbətdir”
Deputat Razi Nurullayevin sözlərinə görə, Azərbaycanın diplomatik vasitələri geri çəkilmədiyini beynəlxalq aləmə də  göstərir: “Mənə elə gəlir ki, prezidentin tapşırığı ilə Ceyhun Bayramov bir daha onların nəzərinə çatdıracaq ki, Azərbaycan BMT-nin qəbul etdiyi qətnaməni yerinə yetirir. Azərbaycan öz ərazisində müharibə aparır, Ermənistan ərazisinə iddiası yoxdur”.
Deputatın fikrincə, Azərbaycan danışıqlar zamanı əvvəlki prinsiplərə o zaman qayıdar ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyar: “Bunu Ermənistan ictimai şəkildə dilinə gətirməlidir və Dağlıq Qarabağa müstəqillik iddiasından əl çəkməlidir”.
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də ABŞ-a səfər edəcək. O, dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk Qrupunun həmsdərləri ilə görüş keçirəcək.

Azərbaycan XİN-in rəsmisi Leyla Abdullayeva bildirib ki, Bayramovun erməni həmkarı Mnatsakanyanla görüşü planlaşdırılmır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button