ArxivIslamXəbər lentiXəbərlər

Ramazan orucu nə zamandan tutulur?

Müsəlman dünyasında 1395 ildir ki, Ramazan orucu tutulur.
Əvvəla qeyd edək ki, Ramazan orucu müsəlmanlığın ilk əvvəllərində yox idi. Həzrət Peyğəmbər (s) Mədinədə oturaq hala gəldikdən sonra öz din anlayışını yəhudilik və xristianlıqdakı oruc ibadətindən ayırmaq üçün Ramazan ayında orucu buyurdu. Və İslamda Ramazan orucu vaxt keçdikcə imanın şərtlərindən biri kimi qəbul edildi.
Digər dinlərdə oruc
Oruc təkcə İslamda deyil, bütün dinlərdə bu və ya başqa formalarda var. Məsələn, yəhudilikdə bu oruclar var: Yom Kipur, Ester orucu, Asara Betevat, 17 iyul Siva Asar, Tisa Be Av. Yəhudilikdə oruc sadəcə 1 günlə məhdudlaşır və 24 saatdır.
Xristianlıqda pəhriz orucu bildirir. Bu dində oruc, insanın törətdiyi günahların cəzasını bu dünyadaykən çəkilməsinə yönəlib. İncil bu məsələyə çox əhəmiyyət verir və oruclu insanları da tərifləyir. Ancaq xristianlıqda orucun vaxtı və qaydaları haqqında tam birlik yoxdur.
Bu dində Həzrəti İsanın (ə) öldürüldükdən sonra dirildiyi və göyə qaldırıldığına inanılan Pasxada oruc tutulması çox qiymətli ibadət kimi qəbul edilmişdir.
Ən qədim dinlərdən olan Atəşpərəstlikdə (Zərdüştlük) oruc insanın özünü təmizlənməsinin bir forması olaraq yer alırdı.
Yaxın Şərqdə İslamdan qabaq mövcud olan dinlərdən birində – Sabiilikdə oruc özünü pisliklərdən təmizlənmənin yolu kimi qəbul edilirdi.
Mani dinində orucun böyük əhəmiyyəti var idi və 12-ci ay oruc ayı idi.
Hind dini olan Brahmanizmdə oruc demək olar ki, insanın özünü aclıqdan öldürməsi dərəcəsində əhəmiyyət qazanmışdı. Buddizm bunu olduqca yumşaltmış, amma orucu əsas tapınma yollarından biri kimi qəbul etmişdir.
İslamda oruc
Müsəlmanlıqda oruc ərəbcədə “sovm” olaraq adlandırılmışdır.
Oruc ərəblər tərəfindən bütpərəstlik dövründə yenə Ramazan ayı ərzində tutulurdu. Bundan başqa, yəhudilərin orucu olan və 10 Məhərrəm tarixi ilə üst-üstə düşən gündə də 1 gün oruc tutulurdu.
Ramazan ayında oruc tutulması 624-ci ilin Şaban ayında vacib bilinmişdir. Bu zərurət “Bəqərə” surəsinin 183,184 və 185-ci ayələrində yer alır.
“Bəqərə” surəsi, 183-cü ayə: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.”
184: “Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «müdd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyrə artırsa (və iki müdd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!”
183-cü ayənin işarə etdiyi kimi, Ramazan ayında tutulan oruc insanı doğru yola düzəltmək məqsədi daşıyır və onun edəcəyi səhvlərə qarşı bir pəhriz kimi təqdim edilir.
Qurandakı digər oruclar
Ramazan ayından başqa bu oruc formaları da Qurani-Kərimdə göstərilmişdir:
1. “Bəqərə” surəsi, 196-cı ayəyə görə: “…Qurbanlıq tapmayan şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür.”
2. “Nisa” surəsi, 92-ci ayə: “Heç bir möminə səhv və xəta istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mömini öldürsə, bir mömin qulu azad etməli və öldürülənin qohumlarına bağışlamadıqları təqdirdə qanbahası verməlidir… (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir.”
3. “Maidə” surəsi, 89-cu ayə: “Allah sizi bihudə və niyyətində olmadığınız andlara görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlara görə cəzalandırar. Buna görə də onun kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır.”
4. “Maidə” surəsi, 95-ci ayə: Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür… Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır ki, öz işinin cəzasını dadsın.”
5. “Mücadilə” surəsi, 3-cü və 4-cü ayələr: “Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir… Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir.”
6. “Əhzab” surəsi, 35-ci ayə: “Şübhəsiz, Allah müsəlman kişilər və qadınlar… oruc tutan kişilər və qadınlar… üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”
Quranın göstərdiyi kimi, İslam dini oruc məsələsində çətinlik təklif etmir, əksinə, asanlıq gətirir.
Ramazan ayının orucunun İslamın əsas şərti kimi göstərilməsi və bu orucu tutmayanların inancının əskik olmasının söylənilməsi isə heç bir ciddi əsasa söykənmir.
Əvvəlki dinlərdə olduğu kimi, İslam dini də orucu insanın tərbiyə edilməsi baxımından tövsiyə edir.
Yəni oruc iman üçün deyil, insanın tərbiyə edilərək cəmiyyətə qazandırılması üçün təlim forması kimi buyurulmuşdur.
Amma unutmaq olmaz ki, Xanım Zəhra (s.ə) buyurub ki, Allah-Təala orucu ixlas üçün qərar verib.
İslam dini Həzrət Məhəmməd (s) tərəfindən 610-cu ildən başlayaraq Məkkədəki Ərəblərə çatdırılmağa başlandı. Peyğəmbərə göndərilən İlahi vəhylər hissə-hissə bu cəmiyyətə çatdırıldı.
Həzrət Peyğəmbər İslamı o dövrdəki gənclərə, kölələrə, qadınlara, əzilmiş vəziyyətdəki tayfalara izah etdi. Oruc qulların və yoxsulların qanı, canı üstündə keyf sürən ərəb dövlətlərinə aclığı xatırlatmaq üçün gözəl nümunə idi.
Lakin qısa müddət sonra zənginlər orucu nümayiş üçün tutdular, əsl orucu yenə yoxsul təbəqələr tutdular.
Təəssüf ki, bu gün də vəziyyət belədir. Orucu yoxsullar tutur, bayramı zənginlər edir.
Oruc, ancaq onu tuta bilənlərin tutması lazım olan bir ibadətdir. “Oruc tutmuşam” deyərək evdə dava salanlar, yolda kiməsə söz atanlar, yol kəsənlər, savab deyil, günah qazanırlar. Hələ oruc tutmayanları sözləri ilə olsa belə, incitməyə cəhd edənlər yoxdurmu?
Bu ayda xüsusi ilə yoxsulları unutmayaq. Unutmayaq ki, bir müsəlmanın oruc tutmasının sadəcə quru bir ibadət olmadığını göstərək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button