ArxivIslamNardaranXəbər lentiXəbərlər

Taleh Bağırzadə: Nardaranda öldürülən beşinci adam kimdir?

“Tərxan dedi ki, sən poçt vasitəsilə məhkəməyə məktub göndər, bildir ki, ifadəni təsdiq edirsən”

“Azadlıq” qəzetinin saytında Nardaran hadisələri barədə yazdığı yazıya görə Taleh Bağırzadə 5 gündür “kars”a salınıb. Onun kitablar və radiosu əlindən alınıb”.
Bunu məhkəmədə “Nardaran işi” üzrə mühakimə olunan Abbas Hüseynov deyib.

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Müstəntiq dedi, imzalamasam başım ağrıyar
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclas başlamazdan əvvəl Abbas Hüseynov çıxış edərək Taleh Bağırzadənin vəziyyətindən danışıb.

Sonra iclas başlayıb və Nardaran sakini olan 17 yaşlı Yusif Fərəcov ifadə verib. Şahid qismində dindirilən Y. Fərəcov istintaq zamanı ifadəni təzyiq altında imzaladığını deyib: “Mən oxumaq istədim. Müstəntiq əlini qaldırıb dedi ki, deyəsən döyülmək istəyirsən. Dedi, imzalamasam başım ağırıyar. Lakin məni vurmadı”.

Y. Fərəcov bildirib ki, noyabrın 23-də məhkəməyə gəlmək istəyib, lakin 42-ci Polis Bölməsinin əməkdaşları onu tutaraq bölmənin rəisi Tərxan adlı şəxsin yanına aparıblar: “Tərxan dedi ki, sən poçt vasitəsi ilə məhkəməyə məktub göndər, bildir ki, ifadəni təsdiq edirsən. Mən də dedim ki, gedib ifadə verəcəm. Ona görə həmin gün məni buraxmadılar. Mənim şəxsiyyət vəsiqəmi orada aldılar. Bir gün bölmədə saxladıqdan sonra buraxdılar. Guya məni oğurluqda şübhəli biliblər. Dedilər ki, Lahıc bağlarında oğurluq olub, səndən şübhəlib saxlanıldığımızı deyərsən. Mən də bu gün səhər saat 7-də evdən çıxıb gəldim buraya ki, məni görən olmasın”.

Nə vaxta kimi bu haqsızlığa göz yumacaqsınız?
İclasda onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq İsmayıl Əliyev tərəfindən dindirildiyi, dindirilən zaman 17 yaşının tamam olmadığı, dindirmədə nümayəndənin iştirak etmədiyi məlum olub.

Abbas Hüseynov isə hakimə “Nə vaxta kimi bu haqsızlığa göz yumacaqsınız” sualını verib.

Hakim Əlövsət Abbasov bildirib ki, şahidin iclasa gəlməsinə mane olan polis əməkdaşları barədə tədbir görülməsi və faktın araşdırlması üçün Bakı şəhər Prokurorluğuna müraciət ediləcək.

T. Bağırzadə isə deyib ki, şahid adından yalan ifadə yazanların rəhbərləri saxtadırlar: “Tərxan 2013-cü ildə məni həbs edəndə cibimə narkotik atmışdı. Sonra iclasa əli sınıq vəziyyətdə gəldi. Yenə də ona dərs olmayıb”.

Fuad Qəhrəmanlı isə bildirib ki, iclas şahidlərə görə yubadılır: “Bu gün şahid gəldi danışdı və məlum oldu ki, onlara polis bölməsində təzyiq edilir və məhkəmə də məhz buna görə bilərəkdən yubadılır. Tələb edirik bütün şahidlər məhkəmədə dindirilsin. Şahidlərin poçtla məhkəməyə göndərdikləri məktublar qəbul edilməsin”.

“Rüşvət götürürsüz, konfet yox?”

İclasda Taleh Bağırzadə isə hakimə konfet vermək istəyib. Bu isə hakimin narazılığına səbəb olub. Fuad Qəhrəmanlı isə bildirib ki, hakimin aqressiv münasibəti psixoloji basqıdır: “Lakin bilməlisiniz ki, burada belə şey keçmir. Nəzərə almalısınız ki, aqressiv davranmaq mənasızdır. Belə şeyə ehtiyac yoxdur”.

Hakim isə bildirib ki, məhkəmə qaydaların pozulmasına görə iradını bildirib.

Taleh Bağırzadə isə “konfer verdim də. Rüşvəti götürürsünüz, konfeti yox” – deyib. Hakim isə ona “Siz fərz edirsiniz. Heç nəyi bilmirsiniz” cavabını verib.

Şahidin statusuna xitam verilsin
Daha sonra iclasda Nardaran sakini olan Allahverdi Hadıyev ifadə verib. O, yazıb-oxumaq bilmədiyini, istintaq zamanı ifadəni imzalamadığını deyib. İclasda məlum olub ki, A. Hadıyev də bir neçə gün əvvəl 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılıb: “Dedilər, bağda oğurluq olub. Sonra oğruları tapdılar, məni də buraxdılar”.

Vəkil Nemət Kərimli onun şahidlik statusuna xitam verilməsini istəyib. Hakim qanunvericlikdə bunun nəzərdə tutulmadığını bildirib.

Vəkil Yalçın İmanov isə şahid Yusif Fərəcovu dindirən müstəntiq İsmayıl Əliyev, Allahverdi Hadıyevi dindirən müstəntiq Fikrət Quliyev və 42-ci Polis Bölməsinin rəisi Tərxan adlı şəxslərin iclasa çağrılmaları barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib. Vəkil Yalçın İmanov ötən iclas zamanı ifadə verən polis əməkdaşı Emin Babayevlə bağlı da vəsatət verib. Bildirib ki, o, iclasda yalan ifadə verib və bununla bağlı sübutlar var. Vəkil onun barəsində cinayət işi başlanılması üçün prokurorluğa müraciət edilməsini istəyib. Hakim deyib ki, buna sonra qiymət veriləcək.

Ramil Usubov məhkəmədə ifadə versin
Taleh Bağırzadə isə Ramil Usubovun məhkəmədə ifadə verməsini istəyib: “Ramil Usubov çıxışı zamanı Nardaranda beş nəfəri məhv etdiklərini deyib. Onlardan dörd nəfərin qəbri Nardarandadır. Bir nəfər kimdir, onu bilmirik. Ramil Usubov gəlib buna aydınlıq gətirsin. Bu, bizim üçün çox vacibdir. Bəlkə öldürülən polisi nəzərdə tutur?”

Hakim bildirib ki, onlarda bu barədə məlumat yoxdur: “Siz o, çıxışı bizə təqdim edərsiniz, müzakirə edərik”.

Şamil Abduləliyev isə deyib ki, iclasa gələn şəxslərin şəxsiyyət vəsiqələri məhkəmədə girov götürülür: “Siz dediniz tədbir görəcəksiniz. Lakin nəsə etmədiniz. Bura gəlib zalda oturan şəxslərdən Faiq Şahbazova 30 sutka həbs cəzası verilib, bundan başqa da cəzalandırılanlar olub”.

Hakim zalda oturanların şəxsiyyət vəsiqələrinin yoxlanıldığını deyib.

F. Qəhrəmanlı isə bildirib ki, yoxlamağa etiraz etmirlər: “Onların şəxsiyyət vəsiqələri icraçılarda saxlanılır və siz də bunu himayə edirsiniz, qanuna uyğun don geyindirməyə çalışırsınız. Siz qanunu təhrif edirsiniz. Xahiş edirəm, bu, mətbuat tərəfindən işıqlandırılsın. Bundan sonra da sizə sifarişli işlər veriləcək. Heç olmasa elə edin ki, formallığı saxlaya biləsiniz”. Hakim ona xəbərdarlıq edib. Bildirib ki, hakimə hörmətsizlik edir.

Proses noyabrın 30-da davam edəcək.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button