ArxivXəbər lentiXəbərlər

İslamçı məhbusların niyə sualını verməkdə çox böyük haqqları var

“Amnesty İnternational” təşkilatı  heykəl məhbuslarını vicdan məhbusu elan edib. Bu barədə tanınmış vəkil Yalçın İmanov öz şəxsi Facebook səhifəsində yazıb. Vəkil həmçinin maraqlı və düşündürücü status paylaşaraq bir sıra suallar ünvanlayıb.
Yalçın İmanov bildirib ki, heykəl məhbuslarının vicdan məhbusu elan edilməsi yaxşı xəbərdir. Amma hər yaxşı xəbərlər, pis hadisələri də yada salır: “ Niyə eyni adekvat reaksiya digər siyasi məhbuslara münasibətdə nümayiş etdirilmir? İndi kim mənə başa sala bilər ki, ötən ilin dekabr ayının əvvəlindən ağlagəlməz ittihamlarla həbsə atılan Fuad Qəhrəmanlının hələ də vicdan məhbusu elan edilməməsinin səbəbləri nədən ibarətdir?  Vicdan məhbusu kriteriyasına Fuad Qəhrəmanlıdan daha çox uyğun gələn başqa kimsə varmı?  Yaxud Seymur Həziyə münasibətdə anlaşılmaz və izaholunmaz susqunluq nəylə bağlıdır? Və yaxud Murad Ədilov, Məmməd İbrahim, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Qənimət Zahidin qohumları, onlarla mömin dindar hansı mötəbər səbəblərdən diqqətdən kənarda qalır?
Vəkil statusu yazmamışdan bir gün öncə hüquqlarını müdafiə etdiyi Qobustan həbsxanasında cəza çəkən AİP sədri, ilahiyyatçı alim  Mövsüm Səmədovla görüşdüyünü bildirib: “ Hacı Mövsüm Səmədov mənə bircə kəlmə dedi. “Bizim həbsimizdən 5 ildən çox vaxt keçib, amma Avropa Məhkəməsindən bir xəbər yoxdur!…”. Bu, nə ayrı-seçkilikdir? Bu, nə ikili standartlardır? Bu, nə “özümünkü”, “başqaları” söhbətidir? Bu ayrı-seçkiliyi, ikili standartları yaradan təkcə beynəlxalq təşkilatlardır? Yoxsa məlumatlar doğru ötürülmür yaxud heç ötürülmür?. Sizin üçün prinsiplər önəmlidir ya adamlar?
 
 İslaminSesi olaraq vəkil Yalçın İmanovun aidiyyatı insanlara ünvanladığı sualların cavabını elə onun öz dilindən eşitmək üçün əlaqə saxladıq.  Vəkil bildirdi ki, bu sahədə problemlər var. Bu problemlərin kökü həm bizim hüquq müdafiəçilərindədir, həm də ola bilər ki, “Amnesty İnternational” təşkilatı məsələləri daha dərindən araşdıra bilmir: “ Bu iki səbəb ayrı-seçkiliyin yaranmasına gətirib çıxara bilər. Bu gün həbsdə olan dindarların vəziyyəti olduqca ağrdır.  Onlar etmədikləri cinayətlərə və törətmədikləri əməllərə görə hazırda həbsdədirlər. Onlara münasibətdə ikili standartlar var. Siyasi məhbus kimi bəziləri tanınsa da, vicdan məhbusu kimi tanınmırlar. Lakin dinindən və siyasi baxışından asılı olmayaraq bu kriteriyalara uyğun gələn şəxslər vicdan məhbusu elan olunmalıdırlar. Əgər ədalətli məhkəmə araşdırması həyata keçirilməyibsə və yaxud şəxs qanunsuz, əsassız təqibə məruz qalıbsa,  törətmədiyi əmələ görə məhkum olunubsa təbii ki, kriteriyaya uyğun gəlir və vicdan məhbusu elan edilməlidir”.
 
Yalçın İmanovun sözlərinə görə, bu məsələyə həm yerli hüquq müdafiəçiləri, həm də təşkilat özü diqqətlə yanaşmalıdır: “ Yerli hüquq müdafiəçiləri məsələyə daha diqqətlə yanaşmırlar. Yaxud mümkündür ki, dini-siyasi mənsubiyyəti olmayan şəxslər hüquq müdafiəçiləri üçün daha çox önəm daşıyır və onların məhkəmə işinə diqqət yetirilir. Əksinə dini və siyasi mənsubiyyəti olan məhbuslara qarşı laqeyd münasibət sərgilənir. Bu məsələlərdə subyektiv yanaşmanın olmasına tam əminəm. Lakin ayrı-seçkilik yolverilməzdir. Təəssüflər olsun ki, məhbuslara münasibətdə siyasi-subyektiv mülahizələr mövcuddur və hüquq müdafiəçiləri bunu gizlətmirlər. Analoji addımı Avropa Məhkəməsinin qərarlarından da görmək mümkündür. Yəni elə məhbuslar var ki, 1 il həbs müddətində haqqında müvafiq qərarlar qəbul edilir və vicdan məhbusu statusu alır. Lakin on illərlə cəza çəkən şəxslər də var ki, onların işi ilə bağlı heç bir qərar qəbul edilmir. Həmin məhbuslar haqlı olaraq ayrı-seçkiliyin səbəbini öyrənmək məqsədi ilə  niyə Sualını verirlər”. (İslaminsesi)
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button