ArxivIslamXəbər lentiXəbərlər

Siyəzəndə: Tibb bacısının ”unutqanlığı” ölümə səbəb olub

  • Möhübbət İsrafilov qızının ölümündə həkimi günahlandırır

“Torpaq uğrunda canımı qoymuşam, erməniylə vuruşmuşam ki, 25 ildən sonra Azərbaycanda övladımı öldürsünlər? Uşağım sağ-salamat xəstəxanaya getdi, oradan cəsədi çıxdı. Dörd yüz manat pula görə qızımı öldürdülər”.

Siyəzən rayon sakini Möhübbət İsrafilov Meydan TV-yə belə deyir. Onun sözlərinə görə, 1994-cü il təvəllüdlü qızı Aytən Qasımova ötən il iyunun 11-də Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə (RMX) hamilə vəziyyətində daxil olub. USM müayinədən sonra həkimlər onu qeysəriyyə əməliyyatına götürüb. Əməliyyatdan 20 dəqiqə sonra isə pasiyent vəfat edib:

“Qızım 25 yaşındaydı, ikinci hamiləliyi idi. Həkimi Aynur Quliyeva olub. O, qızıma demişdi ki, iyunun 11-də gəl, doğum vaxtını yoxlayaq. Doğuma isə hələ iyirmi gün vaxt varıydı. Əslində, Aytən həmin gün əməliyyat olunmalı deyilmiş. Pula görə salıblar əməliyyata. Əməliyyat olundu, 20 dəqiqə keçmədi hadisə baş verdi”.

Şikayətçinin sözlərinə görə, qızında ağrıkəsici dərman olan “Analqin”ə qarşı allergiya olub. Əməliyyatdan öncə bu məlumat xəstənin tarix kitabcasına qeyd edilib:

“Qızım əməliyyatdan öncə yazılı formada allergiyasınının olması barədə məlumat vermişdi. Biz də dönə-dönə əməliyyata girən tibbi heyətə qızın allergiyasının olduğunu söyləmişdik. Deyilənə görə, həmin vaxt başqa bir qadın doğuma gəlib, başları ona qarışıb. Xəstəxanada adi xidmətçi də deyir ki, qız yalvarırmış ki, mənə bu iynəni vurmayın. Qızıma da iynəni tibb bacısı vurub. Tibb bacısını da dindiriblər, deyib ki, bilirdim bu iynə ona olmaz, sadəcə unutmuşam. İnsan həyatı bunlar üçün heç nədir. Aynur Quliyevanın səhlənkarlığı ucbatından uşağım ölüb. O, məsuliyyətdən qaçdı, dedi ki, mən təhvil verəndən sonra iynə vurulub. Bu işləri törədən baş həkimdir. Guya o, bilmir ki, xəstəxanada pul yığılır? Biri var, xəstə ola, aparasan, hadisə baş verə, deyəsən ki, olub. Amma qızım onların səhlənkarlığı, məsuliyyətsiliyindən ölüb”.

Siyəzən Rayon Məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə ittiham edilən tibb bacısı Rəna Bağırova 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkəcək.

Möhübbət İsrafilov isə məhkəmə qərardan narazıdır:

“Bilirəm ki, ölümə baiskar Aynurdur. O, dəfələrlə ana və uşaq ölümünə səbəb olub. Puldan verib, adamları susdurub. Aynur birinci dəfə ölüm hadisəsində Siyəzəndən getmişdi. Bir müddətdən sonra geri qayıtdı. Qızımı öldürdülər, sonra da ört-basdır elədilər. Bu ölkə başlı-başınadır. Dəfələrlə Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Milli Məclisə, Səhiyyə Nazirliyinə məktub yazdım, nəticəsi də bu oldu. Aynur həkim bundan əvvəl bizim qohumun uşağını öldürmüşdü. Pul verib, şikayət etməyə qoymadı. Qızımı öldürdülər, qeysəriyyə əməliyyatı zamanı da nəvəmin ayağını çıxarıblar, bir ildir ki, həkimlərdə qalmışıq”.

RMX-nın baş həkimi Dadaş Hümbətov Meydan TV əməkdaşı ilə söhbətində bildirib ki, həmin hadisədən dərhal sonra Tibbi Şuranın iclası keçirilərək, tibb bacısı Rəna Bağırova işdən azad edilib:

“Çünki ölümə səbəb onun səhlənkarlığı olub. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının iclasında Rəna Bağırova özü boynuna aldı, dedi ki, “Analqini mən vurmuşam. Bu, istintaq araşdırması ilə də sübuta yetirilib və eşitdiyimə görə ona cəza verilib. Xəstənin allergiyasının olmasından xəbərimiz vardı. Onun tarixçəsində, eyni zamanda təyinatında da yazılmışdı ki, “Analqin” olmaz. Həkimin heç bir təqsiri yoxdur. Rənaya beş dəfə deyiblər ki, “Analqin” olmaz. O da unudub, iynəni vurub, xəstə anafilaktik şok keçirib, 20 dəqiqədən sonra vəfat edib. Əməliyyatın taktiki gedişində kobud səhvlərə yol verilsəydi, qanaxma olsaydı, tikiş açılsaydı, Aynur Quliyeva günahkar sayılardı. O, əməliyyat zamanı vəzifə funksiyalarını düzgün yerinə yetirib”.

Bundan öncə də Meydan TV-yə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin (RMX) ginekoloq-həkimi Aynur Quliyevadan şikayət daxil olub.

Siyəzən rayon sakini Murad Məmmədovun iddiasına görə, A.Quliyevanın tibbi səhvi, səhlənkarlığı nəticəsində doğuş zamanı 32 yaşlı həyat yoldaşı Bəylərova Zərifə Qəribxan qızı və körpəsi vəfat edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button