ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İlham Əliyev: Azərbaycan Brüssel formatını dəstəkləyir

Azərbaycan Respublikasının prezidenti bəyan edib ki, rəsmi Bakı Brüssel formatını dəstəkləyir.
SəhərAzəri-nin məlumatına əsasən, bu fikri oktyabrın 6-da Praqada səfərdə olan prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşündə deyib.
Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək.
Xatırladaq ki, prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.
Praqada Azərbaycan prezidenti, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti, Fransa prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş də keçiriləcək. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda bildirib. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.
Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşü bu ilin avqustun 31-də Brüsseldə baş tutub.
Bu arada Brüssel ilə Moskvanın vasitəçilik məsələsində rəqabət halında olduqları bildirilir.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Rusiyanın sülh müqaviləsinin bağlanması ilə bağlı hərtərəfli təklifləri Ermənistan və Azərbaycana təqdim edilib.
Onun sözlərinə görə, Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir və XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib.
Zaxarova qeyd edib ki, Rusiya praktiki işlə məşğuldur: “Rusiya bunu hansısa tarix və ya hansısa gözəl format üçün deyil, konkret nəticələri birləşdirəcək şəkildə edir. Rusiya heç bir xüsusi reklam fəaliyyəti ilə məşğul deyil, bunun altında heç nə yoxdur. Sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, davam edən danışıqların təfərrüatını açıq şəkildə şərh etməyi yersiz hesab edirik. O ki qaldı Bakı və İrəvanın mövqeyinə, bu suallar daha çox, onlara ünvanlanmalıdır. Amma biz nəticəyə köklənmişik”, – deyə Zaxarova vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button