ArxivXəbər lentiXəbərlər

İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları

Bu günkü dünyamızda həyatın təməl ehtiyaclarından birinə çevrilən, hətta hava və su kimi dəyərli olan internet həyatımızı elektrik enerjisi, mətbəə, telefon qədər dəyişdirdi. Təkcə bir ünsiyyət vasitəsi deyil, həm də bir çoxumuzun həyatının bir parçası oldu.

Texnologiya biz istəsək də, istəməsək də inkişaf edir. Əlbəttə ki, bu inkişaf internet üçün də keçərlidir. Balansı qoruyaraq internetdən faydalanmaq və zərərlərindən qaçmaq öz əlimizdədir.

İnternet aləmi 

İnternet 1960-cı illərin sonu, 70-ci illərin əvvəlləri Amerikada ARPA adı ilə quruldu. Daha sonra isə internet adı ilə istifadə edildi. İnternet ilkin vaxtlarda komputer mütəxəssisləri, elm adamları və kitabxanaçılar tərəfindən istifadə edilirdi. Yəni, əvvəllər hər kəsin bu günkü kimi internetdən yararlanmaq imkanı yox idi.

Zamanımızın ən önəmli ixtiralarından biri olan internetdən bilmək istədiyimiz hər bir şeyi tapa bilərik. İnternetdən faydalı şəkildə istifadə etməyi, qarşıya çıxan neqativ hallardan qorunmağı bacarmalıyıq.

İlk öncə internetin saysız-hesabsız faydalarından bəzilərinə nəzər salaq:

1. İstədiyimiz məlumatı tapmağa kömək edir.

2. Məlumatları çox tez əldə etməyimizə səbəb olur.

3. Gedib görmədiyimiz yerlər haqqında əvvəldən məlumat tapmaq mümkündür.

4. Faydalı film, musiqi, sənədli film və.s istənilən mövzuda videoları izləyib ya dinləməklə vaxtımızı daha səmərəli keçirə bilərik.

5. Sosial şəbəkələrdə həmfikir ola biləcəyimiz və yeni şeylər öyrənə biləcəyimiz çoxlu sayda insanla tanış ola bilərik.

6. İnternetdə alış-veriş edə bilərik.

7. İnsanlara faydalı ola biləcək məlumatlar, video çarxlar və.s yerləşdirə bilərik.

8. İnternet vasitəsilə virtual təhsil almaq imkanımız var.

9. İnternet vasitəsilə milyonlarla elektron kitaba sahib ola bilərik.

10. Əzizlərimizlə istədiyimiz an görünütülü şəkildə əlaqə saxlaya bilərik.

11. Hətta, nəzarət altında internetdən istifadənin uşaqlara belə faydası vardır.

Düşünək ki, internet yoxdur və burda sadalananları internet olmadığı vaxtlardakı kimi əldə etməyə çalışırıq. Görün nə qədər əlavə məsrəf çıxacaq. Əgər düzgün istifadə etsək, həm zaman, həm maddi cəhətdən internetin faydası danılmazdır.

Məsələn, evinizdə oturaraq hər hansı xarici dili öyrənirsiz, ya da universitet oxuyursunuz. Bununla geyimlərinizin, ayaqqabınızın daha gec köhnəlməsinə, kosmetik vasitələrinizin daha gec bitməsinə, nəqliyyata və dərs vəsaitlərinə xərcləyəcəyinizin pulun cibinizdə qalmasına, ən əsası saatlarla tıxacda qalıb əsəblərinizin korlanmamasına və zamanınızn boşa getməməsinə səbəb olursunuz.

İnternet haqqında söz düşərkən, ələxsus uşaqların isternetdən istifadəsi şüurlu, ya da şüursuz şəkildə əksər vaxt tənqid olunur. Lakin araşdırmalara görə, internetdən düzgün istifadə uşaqlara nəinki ziyan, üstəlik faydalıdır. Bu faydalar nədən ibarətdir?

Müşahidələrimizdən də gördüyümüz kimi hətta 2 yaşında uşaqlar belə, artıq telefon, tablet və.s kimi elektron cihazlarla tanışdırlar, 5 yaşlarında və daha tez artıq sərbəst şəkildə bu cihazlardan istifadə edə bilirlər. 7-8 yaşlarında isə oxuma və yazmağı bildiklərindən bu cihazların istifadəsi onlar üçün daha da asanlaşır. İnternetin uşaqlara verdiyi faydaları belə sıralaya bilərik:

– Öyrənmək və hafizə – adət olunmuş öyrənmə üsulları yalnız ailə, dostlar və sahib olduqları materiallar həddindədir. Lakin internetlə axtardığımız və öyrənmək istədiyimiz bütün məlumatlar əlimizin altındadır və bu məlumatlara istədiyimiz an baxıb xatırlaya bilərik.

– Məsələləri həll etmə – şagirdlər artıq valideyn və ya müəllimin gəlməsini gözləmədən belə, özləri məlumatı axtarıb taparaq, qarşıya çıxan çətinliyi həll etməyə çalışır. 4-5 yaşında olan uşaqlar arasında aparılan araşdırmaya görə, özünü inkişaf yönündə proqramlarla tez-tez ünsiyyətdə olan uşaqlarda 9 ay ərzində IQ səviyyəsi 5 bal artır və hafizələrinin uzun müddətli olmasına səbəb olur.

– Analiz etmə bacarığı – uşaqlar internetdən istifadə edərkən təbii olaraq, bir-birinə zidd olan məlumatlarla üzləşirlər. Bu zaman uşaqların qarşıya çıxan ziddiyətləri analiz edib seçmə bacarığı formalaşır.

– Qavrama – evdə internetdən istifadə edən uşaqların xüsusilə, oxu və testlərdə daha müvəffəqiyyətli olduqları müşahidə olunub. İnternetdə bəzi oyunları oynarkən belə, oxuyub-qavrama lazım olduğu üçün, uşaqlarla bilmədən sürətli oxu və qavrama məşqləri edirlər.

Təəssüf ki, internetdən lazımi şəkildə istifadə edilmədikdə çoxlu sayda zərərlər və təhlükələr önə çıxır:

1. Həddindən artıq istifadə zaman itirməyimizə səbəb olur.

2. Zərərli internet saytları istər böyüklər, xüsusilə də uşaqlar üçün çox təhlükəlidir.

3. İnternet vasitəsilə oynanılan bir çox oyunlar uşaqların zamanlarını boşa keçirmələrinə və zərərli vərdişlərə yiyənləmələrinə səbəb olur.

4. Ailə ilə keçirilən zamanın azalmasına səbəb olur.

5. Göz, boyun, bel və əllərdə müxtəlif narahatlıq və xəstəliklərin yaranmasına şərait yaradır.

6. İnternet vasitəsilə edilən alış verişdə dələduzluq halları dəfələrlə müşahidə edilib.

7. Pornoqrafik səhifələrin mənəviyyata vurduğu zərərlər qaçılmazdır.

8. Elm və bilik əldə etmək yerinə vaxtını oyuna sərf edən insanların zəkalarında mənfi halların aşkarlanmasına səbəb olur.

9. İnsanların sosiallaşmasının qarşısını alır.

10. Uzun müddət internet istifadəsi fiziki problemlərə və insanların çəkilərinin artmasına səbəbdir.

11. Kitab oxumaq vərdişinizə mane olar və zamanla kitab oxumamağa başlayarsınız.

12. Yuxu rejiminizin pozulması.

13. İnternetlə çox məşğul olmaq beyninizə zərər verər.

14. Bir çox işi eyni anda etmək insanların yaradıcılıq qabiliyyətinə mənfi təsir edir.

15. İş və dərsdə uğursuzluqlar .

16. Virtual təcavüz.

“Forensic Psychology” tərəfindən aparılan araşdırmalar onu göstərdi ki, insanların bir neçə işi bir vaxtda etməsi onlarda stresə səbəb olur və yaradıcılıq qabiliyyətini öldürür.

Online bir mühitdə eyni anda bir çox işin öhdəsindən gəlmək beynimizə və zehnimizə heç də yaxşı təsir etmir və bu insanlar depressiyaya girməyə daha meylli olurlar. Üstəlik, internet alışqanlığı beynimizdəki ağ maddənin – yəni hafizə və duyğularımıza aid bacarıqlarımızın işləməsini təmin edən transmiterlərin azalmasına səbəb olur.

Virtual təcavüz 

İnternetin yayılması ilə ortaya çıxan ən mühüm təhlükələrdən biri də virtual təcavüzdür. Yəni, internet mühitində insanlara psixoloji təzyiq, narahat etmə və.s kimi sıxıntılara səbəb olmaqdır.

Almaniya orta məktəblərində şagirdlər arasında keçirilən sorğuda şagirdlərin 25%-nin bu cür təcavüzə məruz qaldığı öyrənilib. Bu kimi təcavüz halları təəssüflər olsun ki, hər gün daha da artmaqdadır. Ələxsus da 11-12 yaşında olan uşaqların bu təcavüzlər nəticəsində intihar etmə faktlarının çoxluğundan dolayı valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar.

Bəs bu vəziyyətdə uşaqlar nə edə bilərlər? Virtual təcavüzə məruz qalan uşaqlar və ya gənclər “virtual təvüzkarı” əngəlləyə (blok), cavab verməyə, bunu başqalarına da deyib xəbərdarlıq etmək kimi nümunəvi davrana bilərlər.

Amma təəssüflər olsun ki, çox zaman uşaqlar ya gənclər internetdən məhrum ola biləcəklərini düşündükləri üçün bu ailələrindən gizlədirlər.

Kitab oxuma vərdişimizin yoxa çıxması 

Son illər artıq məktəblərdə təhsilin tamamilə elektron olması və şagirdlərin yalnız tabletlərlə məktəbə gedib gəlməsi məsələsi üzərində işlənilir. Hətta hədəfimiz “Çantasız və kitabsız təhsil”dir deyənlər də var. Əbəttə internetin faydaları danılmazdır, şagirdlər ağır çantalardan xilas olacaq.

Lakin, 6-7 yaşındakı bir uşaq internetlə əlaqələrini düzgün tənzimləyə biləcəkmi? Kitab və kitab mədəniyyətini aradan aparılmasına çalışmaq çox təhlükəlidir.

 

 

Səadət Əliyeva / Xarici Dillər Universitetinin məzunu

 

 

 

 

Ardı var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button