AktualAktualArxivXəbər lentiXəbərlər

Amerika ilə müzakirələrə müxalifik!

SEPAH-ın dəniz qüvvələri komandanları və işçiləri, hərbçi ailələri ilə görüşdə bəyanat

Bismillahir-rəhmanir-rəhim, vəlhəmdulillahi rəbbil-aləmin vəssəlatu vəssəlamu əla səyyidəna Muhəmmədin (s) və alihit-tahirin

Mənim əzizlərim, əziz qardaşlar, əziz bacılar, möhtərəm ailələr, çox xoş gəlmisiniz!
Qətiyyətli, əzm və iradə, iman təcəssüm etdirən çöhrələriniz bütünlüklə böyük milli sərvətlərdir. Həm mömin insanlar, həm istəklər və möhkəm qəlblər bu sərvətdəndir. Heç bir ölkədə belə layiqli və işgüzar qüvvə sərvəti təsəvvür olunmur. Bu günlər də mühüm günlərdir. Həm heyrətamiz mübahilə hadisəsi, həm Həl əta surəsinin nazil olması, həm məhərrəm günlərinin yaxınlaşması, həm məntəqədəki vəziyyət və baş verən hadisələrin həssaslığı mühümdür. Bu günlər hamı üçün əhəmiyyətlidir.
SEPAH-ın dəniz qüvvələri üçün mühüm olan məsələ inqilab övladları və inqilabi qüvvələrin dənizdə hüzurudur. Bu çox həssas və mühüm nöqtədir. Bir millətin bütün tərəqqilərinin infrastrukturu təhlükəsizlikdir. Təhlükəsizlik yoxsa, nə iqtisadiyyat var, nə mədəniyyət var, nə şəxsi və ictimai xoşbəxtlik var. Dənizdə təhlükəsizlik sahil ölkələri üçün müxtəlif baxımlardan əhəmiyyətlidir. Dəniz beynəlxalq əlaqələr vasitəsidir. Böyük güclərin, millətlərin dənizdə hüzuru istisna hadisə sayılmır və zəruri bir işdir. Dənizə çıxışı olan bir ölkə həmin sularda təhlükəsizliyə nail ola bilməsə əslində daxili sabitliyinin mühüm sütununu qura bilməyib. Buna görə dənizdə təhlükəsizlik çox mühümdür. Həmd olsun Allaha, gənclərimiz İslam İnqilabı Keşikçiləri Korpusunda bu sahədə böyük işlər görüblər. Layiqli və dəyərli işlər həyata keçirilib. İnqilabdan sonrakı həssas tarixdə bunları nəzərdən qaçırmaq olmaz.
Hazırda cənub məntəqəsində ailələrin məskunlaşması böyük və mübarizə dolu bir işdir. Bunu möhtərəm ailələrin hüzurunda deməliyəm. SEPAH-ın dəniz qüvvələrinin Bəndər Abbas sahil məntəqəsi, çətin şəraitli ərazilərdə mövqe tutması, onların ailələrinin həmin çətin şəraitdə yaşayıb problemlərə dözməsi çox dəyərlidir. Bütün bunlar asanlıqla üstündən keçiləsi məsələlər deyil.
Cənub məntəqəsi, Buşehr ustanı, Bəndər Abbas dəniz hadisələri ilə üzləşən məntəqədir. İnqilab illəri boyu bu məntəqə yaxşı imtahanlar verib. Əvvəllər inqilab dəniz sahəsində çox hiss olunmurdu. Sonra inqilab övladları inqilabın tərbiyə etdiyi insanlar, inqilab gəncləri bu sahəyə qədəm qoydular, vəziyyət dəyişdi. Şərait yarandı, məntəqə əhalisi, məntəqənin gəncləri məntəqədə olan qaynar istəklər düzgün xətdə qərarlaşdı. Baxın, Buşehr məntəqəsində şəhid Nadir Məhdəvi kimi bir şəxs ərsəyə gəldi. Şəhadət və cihada könül verən belə insanlar, Nadir Məhdəvi və onun kimi çöhrələr, böyük işlər görən şəxslər düşmənin gözünün odunu aldılar, İran xalqına şəxsiyyət qazandırdılar, İslam nizamı, İslam Cümhuriyyətinin iqtidarını düşmənə qəbul etdirdilər. Bu insanların xatirəsi yaşamalıdır. Yazılı və şifahi tarixdə onların adı və xatirəsi yaşamalıdır. Eyni zamanda düşmənlərin düşmənçilikləri tanınmalıdır.
Fars körfəzi məntəqəsində inadkar və alçaq mövcudu, yəni Səddamı himayə edənlər, onun müdafiəsində duranlar, insan haqlarından dəm vuranlar, sonradan özləri Səddama qarşı cəbhə açanlar İran İslam Respublikasına qarşı ona görə çıxırdılar ki, Fars körfəzini ölkəmiz üçün böhranlı, qeyri-sabit etsinlər. Bu Fars körfəzinin təhlükəsizliyinin əhəmiyyətini göstərir. Bu o qədər mühümdür ki, düşmənçilikdə məqsədləri daha böyük su sərhədi olan İran üçün Fars körfəzi, Oman dənizində təhlükə yaratmaqdır.
İnqilabçı gənclərin, inqilab keşikçilərinin, dəniz qüvvələrinin hüzuru, bu qüvvələrin yaradılıb səhnəyə çıxarılması səbəb oldu ki, dəniz onların özləri, düşmənlər üçün qeyri-sabit oldu. Gəmiləri, vertolyotları, neft tankerləri xəsarət gördü. Başa düşdülər ki, İran İslam Respublikasının taleyi ilə istədikləri kimi oynaya bilməzlər. Bu İslam Respublikasının mənəvi iqtidarıdır. Quran bizə əmr edir: “Kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin…” (Ənfal, 60). Sizin hüzurunuz, vəziyyətiniz, hərəkətləriniz düşməni qorxuya salmalıdır. Düşmən xislətcə təcavüzkardır. İmperialistlərin xarakteri təcavüzdür. Xislətləri istila, işğal, caynaq atmaqdır. Təbiətləri belədir. Əgər torpaqlarınıza nüfuza yol olsa nüfuz edərlər. Elə hərəkət edin ki, o nüfuz edə bilməyəcəyini anlasın. Ölkənin cənubunda inqilabi cəbhənin yaradılması, SEPAH-ın dəniz qüvvələri qismində, sahil məntəqəsi gəncləri timsalında, bu şücaətli, dünyaya əsir olmayan gənclərin timsalında bu Quran hədəfi əldə edildi: “Allahın düşmənləri və öz düşmənlərinizi qorxudun…” Bu vəziyyət həmişə davam etməlidir. Biz dəfələrlə demişik ki, heç vaxt müharibəyə başlamayacağıq. Bunun üçün dəlillərimiz var. Müharibəyə başlamayacağıq, amma düşməndən müharibəyə başlamaq cəsarətini almalıyıq. Düşməni tanımaq, onun təbiətindən xəbərdar olmalıyıq.
Bu gün imperialist qüvvələr məntəqədə təhlükəli məqsədlər izləyirlər. Onların məqsədlərinin millətlərin taleyinə aidiyyatı var. İstifadə etdikləri vasitələr də çox təhlükəli, qeyri-insani, zəhərli vasitələrdir. Günahsız insanları məhv edəcək üsullardan çəkinmirlər. Baxın bizim qərb məntəqələrinə, İraqda, Suriyada, ya şərq məntəqələrində, Əfqanistanda, Pakistanda nələr edirlər! Heç nədən çəkinmirlər, insan həyatının onlar üçün dəyəri yoxdur. Onların insan haqları, vətəndaş hüquqları kimi iddiaları puç və mənasızdır, həqiqətdən uzaqdır. Bunun sübutu müşahidə etdiklərimizdir. Xəstəxanaya hücum edirlər, onlarla xəstəni raket zərbələri ilə qətlə yetirirlər. Sonra deyirlər ki, bağışlayın, səhv olub!! Bəzən heç üzr də istəmirlər. Qəzzədə, Yəməndə, Bəhreyində, Suriyada, İraqda başqa məntəqələrdə insanı heyrətə gətirən amansızlıqlar, faciələr baş verir. Bu faciələri yaradanlar necə bacarırlar?! İnsanı qəfəsə salıb diri-diri yandırırlar! Beynəlxalq hüquq təşkilatları da oturub tamaşa edir. Bir it, bir pişik quyuya düşəndə, bütün texnologiyaları işə salırlar ki, onu quyudan salamat çıxarsınlar. Yəni biz canlıların himayəçisiyik!! Dünyanın təhlükəsi bu riyakarlıqdır, bu yalanlardır, bu nifaqdır. Düşmən belədir. Məqsədi məntəqədə öz məqsədlərinə çatmaqdır. Əlbəttə ki, İslam Respublikası Allahın tövfiqi və yardımı ilə təkcə özünü qorumur, həm də düşmənin məntəqədəki planlarına yol verməyəcək. Bu Allahın tövfiqi, Allahın qüdrətidir. Bizi bundan bəhrələndirən siz gənclərin əzm və iradəsidir. Təcavüz etmək istədikləri məntəqələrdə İran İslam Respublikasının iqtidarı səbəbindən planları pozulur, istəklərinə çata bilmirlər. Buna görə də İslam Respublikasına düşmənçilik üzərində təmərküzləşiblər. Bu yolda hər işə əl atırlar. Müzakirə və dialoqdan da nüfuz etmək üçün istifadə edirlər.
Bəziləri müzakirə məsələsində səhlənkarlıq edir, səthi düşünür, məsələni düzgün dərk etmir. Bəziləri də biganədir, cəmiyyətə biganədir. Nə baş verəcəyinin onlar üçün əhəmiyyəti yoxdur. Ölkənin mənafeləri tapdansın, zərbəyə məruz qalsın, onlar üçün fərqi yoxdur. Onlarla işimiz yoxdur. Amma bəziləri biganə deyil, səhlənkarlıqla düşünür, məsələnin dərinliyinə varmır. Müzakirədən söz düşəndə deyirlər ki, nə üçün Amerika ilə müzakirələrə müxalifsiniz? Deyirlər Əmirəlmöminin (ə) də filankəslə, İmam Hüseyin (ə) də filankəslə müzakirə apardı. Bu sözlər məsələyə ciddi yanaşmamağın göstəricisidir. Mövzunun dərinliyinə varmırlar. Ölkənin taleyüklü məsələlərini belə təhlil etmək olmaz. Belə ümumi, sadəlövh baxışla ölkənin manafelərini təmin etmək olmaz. Əvvəla Əmirəlmöminin (ə) Zübeyrlə, İmam Hüseyn (ə) İbn Sədlə söz danışır, qarşı tərəfə nəsihət verirdi. Bugünkü mənada müzakirə aparmırdılar. Bu gün müzakirə deyəndə müamilə, nəsə verib, əvəzində nəsə almaq nəzərdə tutulur. Əmirəlmöminin (ə) məgər Zübeyrlə müamilə aparırdı? Nəsə verib, nəsə alırdı? İmam Hüseyn (ə) İbn Sədlə müamilə aparırdı? Bir şey verib, başqa bir şey alırdı? Məqsəd bu idi? Tarixi belə başa düşübsünüz? İmamların həyatını belə təhlil edirsiniz? İmam Hüseyn (ə) fəryad çəkdi, nəsihət verdi, dedi ki, Allahdan qorxun. Əmirəlmöminin (ə) Zübeyrə nəsihət verdi. Ona Peyğəmbərin (s) dövrünü xatırlatdı, dedi ki, Allahdan qorxsun. Bunun təsiri də oldu. Zübeyr döyüş meydanından uzaqlaşdı. Bu gün müzakirə həmin mənada deyil. Böyük şeytan olan Amerika ilə müzakirə aparmaq üçün bir qrup sadəlövh, avam insan həqiqi vəziyyəti dərk etmədən misal çəkir. Qəzetdə və saytda yazırlar, danışırlar ki, Əmirəlmöminin (ə) Zübeyrlə müzakirə apardı, siz Amerika ilə nə üçün müzakirə aparmırsınız? Yəni məsələnin dərkində bu qədər yanlışlıq var. Hazırda müzakirə o mənada deyil.
İkincisi, biz elə bugünkü mənada müzakirəyə müxalif deyilik. Biz bu gün bütün dünya ilə müzakirə aparırıq. Avropa dövlətləri ilə, Latın Amerikası dövlətləri ilə müzakirələr gedir. Müzakirə aparmaqla problemimiz yoxdur. Amerika ilə müzakirədən imtina etməyimiz ümumiyyətlə müzakirədən imtina etmək mənasında deyil. Biz Amerika ilə müzakirələrə müxalifik. Bunun səbəbi var. Düşüncəli insan səbəbini dərk edir. Başqaları ilə müzakirə aparırıq. Danışanlar arasında düşmənlər də var, biganələr də. Biz müzakirə aparmağa müxalif deyilik. Amma Amerika ilə müzakirə İran İslam Respublikası üçün təhlükəsizliyə nüfuz deməkdir. Onların müzakirəyə qoyduğu ad belədir. Onlar nüfuz etmək üçün yol axtarırlar. Bu gün dünyanın nəhəng təbliğat maşını Amerikanın əlindədir. Bu gün dünyanın, bəşəriyyətin amansız düşməni sionizm cərəyanı Amerika ilə bir libasdadır. Əlləri bir köynəkdən çıxır. Onlarla müzakirə aparmaq iqtisadiyyat, mədəniyyət, siyasət, təhlükəsizlik sahəsində ölkəmizə nüfuzlarına yol açmaqdır.
Nüvə müzakirələrində fürsət tapan kimi, onlara meydan verilən zaman nüfuz etdilər. Həmd olsun Allaha ki, İran tərəfi diqqətli idi. Bununla belə onlar üçün müəyyən fürsətlər yarandı. Milli mənafeimizə zidd hərəkətlər etdilər. Qadağan edilən budur. Amerika ilə müzakirə aparmaq qadağandır. Bunun səbəbi saysız zərər-ziyandır. Faydası isə qətiyyən yoxdur. Bu müzakirə eyni imkan və marağa malik olmayan ölkələrlə müzakirədən fərqlənir. Bunlar fərqli müzakirələrdir. Bəziləri bunu anlamır.
Məmləkətin bugünkü problemi belə azsaylı insanlara görədir. Onlar əzəmətli inqilabi cəmiyyətin qarşısında dayanıb, fəaldırlar, yazırlar, danışırlar, təkrarlayırlar. Düşmən də onlara kömək edir. Bu gün İslam Respublikasının düşmənlərinin fəaliyyətlərindən biri də ölkəmizin məsullarının hesabatına təsir göstərmək, ictimai fikri dəyişmək, gənclərimizin zehninə təsir göstərməkdir. Əlbəttə ki, bizim bu barədə məlumatımız var, nə iş gördüklərinə diqqətliyik. İnqilabi düşüncəni, dini düşüncəni ölkənin mənafeləri ilə bağlı mövzuları hədəfə alıblar. Əsl hədəfləri isə gənclərdir. Belə bir vəziyyətdə gənclər çox diqqətli olmalıdır. Həmd olsun Allaha ki, diqqətlidirlər. Həm universitetlərimiz, həm silahlı qüvvələrimiz, həm hərbi qurumlarımız, ordu və SEPAH, BƏSİC və polis oyaqdır. Mənim bu baxımdan heç bir nigarançılığım yoxdur. Mənim siz inqilab övladlarına, inqilabçı gənclərə sözüm budur ki, öz işinizin əhəmiyyətini biləsiniz. Həmd olsun Allaha ki, siz ölkənin mühüm bir məsələsi olan dənizin təhlükəsizliyində fəalsınız. Mübahilə hadisəsində iman küfrün qarşısında dayandı. Bu gün İran İslam Respublikasının imanı küfr qarşısındadır. Peyğəmbər (s) və onun ailəsi öz mənəviyyatı, mənəvi gücü ilə düşməni meydandan çıxardığı kimi İran xalqı da Allahın fəzl və qüdrəti ilə, öz mənəviyyatı ilə düşməni meydandan çıxaracaq. İnqilab keşikçilərinin dənizdə rolu mühümdür. Cənub məntəqəsində, Buşehr ustanında gənclərin fəaliyyətləri, bütün sahil məntəqələrində fəaliyyətlər böyük əhəmiyyətə malikdir. Cənub gəncləri həqiqətən imtahanlarını veriblər. Sübuta yetiriblər ki, ölkələrinin, inqilablarının, respublikalarının heysiyyətini sözün həqiqi mənasında müdafiə edə bilərlər. Həmin məntəqədə məskunlaşmaqla razılaşmış möhtərəm ailələrin, orada yaşayanların rolu çox mühümdür. Əgər ailələr ailə başçısı ilə həmfikir olmasa iş irəli getməz. Bu gün xoşbəxtlikdən ölkəmizin qadınları çox aydın, səmimi, agah düşüncəyə malikdir. Bütün müharibə dövründə belə oldu. Bəzən şəhid ailələri ilə əyləşib söhbətləşmək tövfiqi olur. Şəhid anaları şəhid atalarından şövqlü olmasalar da, şövqsüz də deyillər. Bəzi hallarda onların şövqü və bəsirəti daha güclüdür. Bu bizim cəmiyyətin qadınlarıdır. Bunun ölkəmiz üçün dəyəri böyükdür.
Sözüm budur ki, hazırlığınızı gücləndirin. Həm elm və araşdırmalarda, həm hərbi texnologiyalarda hazırlığınız yüksək olsun. Hərbi komandan qeyd etdiyi kimi, düşmənlər SEPAH-ın meydana çıxardığı silahlar qarşısında strategiyalarını dəyişməyə məcbur olub. SEPAH-ın ixtiralarının dənizdə tətbiqi səbəb olub ki, onlar öz üsullarını dəyişsinlər. Demək sizin ixtiralar, kəşflər, yeniliklər düşmənin imkanları, texnologiyaları ilə müqayisədə inkişaf etməlidir. İnsan düşüncəsinin yeniliklərinin sonu yoxdur. Bir gün SEPAH bu qənaətə gəldi ki, sürətli katerlər əldə etsin. Bundan da üstün texnologiyalara yiyələnmək olar, bu barədə düşünmək lazımdır. Həmişə üstünlüyü əldə saxlayın. Allah düşmənlərini qorxudun. Düşmən qorxmasa təcavüz edər. Düşmən qorxmasa cürətli olar. Bu ikinci tövsiyə idi.
Üçüncü tövsiyə həmkarlıqdır. Bu gün həmd olsun Allaha ordunun dəniz qüvvələri inqilabın ilk illərindəki dəniz qüvvələrindən çox fərqlənir. Mən həm o dövrdəki qüvvələri tanıyırdım, həm hazırkı qüvvələri tanıyıram. Mömin və hazırlıqlı gənclərdir. Həmkarlıq edin, qəlbiniz bir olsun. Bir-birinizə kömək edin, bir-birinizin təchizatından faydalanın. Bu sizin gücünüzün artmasına kömək edəcək. Bu milli sərvəti artırın. Bu mənim sizə deyəcəyim sözlər idi.
Bilin ki, Allah sizin himayəçinizdir. Şübhə etməyin ki, Allah ona yardım edənlərin yardımçısıdır. (Muhəmməd, 7) Gərək biz çalışaq ki, Allahın yardımı olsun. Allaha yardım edək. Əgər niyyətimiz, əməlimiz, hərəkətlərimiz “in tənsurullah” əmrinə uyğun olsa bunun ardınca “yənsurkum” gələcək. Buna şübhə yoxdur. Allahın vədi dəyişməz. Bu hərəkəti davam etdirin. Bu ciddiliyi davam etdirin. Gələcək sizindir. İslam düşmənləri, müsəlmanların düşmənləri həm Qərbi Asiyada, həm də başqa məntəqələrdə məğlub olacaq. Həm təhlükəsizlik və hərbi sahədə, həm Allahın yardımı ilə iqtisadiyyat və mədəniyyət sahəsində uğursuzluğa məhkumdurlar. Bir şərtlə ki, biz iş görək. Əgər ayağımız üzəngidə olsa, əgər sözün həqiqi mənasında meydanda olsaq, şübhəsiz düşmən məğlub olacaq. Buna heç bir şübhə yoxdur.
Allah-Taaladan sizin üçün tövfiq diləyirəm. Allah-Taaladan istəyirəm ki, inşallah siz əziz cavanların xoşbəxtliyini, İran xalqının tərəqqisini günbəgün artırsın. Böyük İmamın pak ruhunu, inqilabın əziz şəhidlərinin ruhunu, bütün SEPAH və SEPAH-ın dəniz qüvvələrinin şəhidlərinin ruhunu inşallah ali dərəcəyə çatdırsın.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button