AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Azərbaycan prezidenti İran vasitəsilə Ermənistana silah daşınması ilə bağlı şayiələri təkzib edib

Azərbaycan Respublikası prezidenti cümə günü Ermənistana silah daşınmaması üçün öz hava məkanını və quru yollarını bağlamış Tehrana təşəkkürünü bildirib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran ərazisindən Ermənistana silah daşınması ilə bağlı yayılmış şayiələri təkzib edərək, Bakının bu haqda məlumatının olmadığını deyib.

Cümə günü axşam saatlarında Türkiyənin “A Haber” telekanalına müsahibə verən prezident Rusiya silahlarının İran vasitəsilə Ermənistana daşınması ilə bağlı yayılmış şayiələrə aid sualı cavablandıraraq deyib: “İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik.”

Azərbaycan prezidenti əlavə edib: “Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir.”

İlham Əliyev müsahibəsinin davamında Rusiyada yaşayan erməni iş adamlarının muzdlu qüvvələr cəlb edərək onları Azərbaycan qüvvələri ilə döyüşmək üçün Qarabağa göndərməsini tənqid edib və deyib ki, onlar tank əleyhinə silahlar alaraq mülki təyyarələr vasitəsilə Ermənistana göndərirlər. Prezident vurğulayıb: “Biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.

Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər.”

Əliyev ötən həftənin şənbə günü Rusiyanın vasitəçiliyi ilə elan edilmiş atəşkəslə bağlı deyib ki, Ermənistan bu atəşkəsdən istifadə edərək Azərbaycan qüvvələrinin mövqelərinə hücum etmək istəyirdi və Gəncə şəhərinə namərd hücum təşkil etdilər, bu şəhəri raket atəşinə tutdular.

Prezident daha sonra deyib: “Ermənistan cəbhə reallıqlarının çoxunu qəbul etmək istəmir, Hadrutun erməni qüvvələrinin əlində olması ilə bağlı yalan təbliğat aparır. Halbuki, bu şəhər azad edilmişdir və Hadrutda Azərbaycan bayrağı dalğalanır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button