ArxivXəbər lentiXəbərlər

”Oğlum döyüşdə yaralanıb, pensiya üçün rüşvət tələb edirlər”

İdrət Azadov: ”Baş həkimdən yazdım, İcra Hakimiyyətinə çağırıb dedilər ki, şikayətləri dayandır”

“Oğlum hərbi xidməti döyüş bölgəsində keçib. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanıb, aldığı güllə yarasından uzun müddət xəstəxanada yatıb, hazırda da durumu ağırdır. Hər gün səhhəti pisləşir, güllədən aldığı zədənin fəsadları getdikcə üzə çıxır. Amma ona pensiya düzəldə bilmirəm. Məndən 2 min manat rüşvət istəyirlər”.

Bunu Meydan TV-yə Lerik rayonu Biləvər kənd sakini İdrət Şəvəqqət oğlu Azadov deyib.

Qorxurdum ki, uşaq sağ qalmayacaq

Ata bildirib ki, oğlu, 1996-cı il təvəllüdlü Azadlı İltimas 9 oktyabr 2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən orduya çağırılıb.

“Orduya sapsağlam uşaq göndərmişdim. İltimas təmas xəttində yerləşən N saylı hərbi hissədə xidmət edib. 2015-ci ilin sentyabrın 3-də döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan güllədən yaralanıb. Güllə bel nahiyəsindən dəyib və bel, həmçinin böyrək zədələnməsi ilə nəticələnən yara alıb. Oradan Müdafiə Nazirliyinin Ağdamda yerləşən Sarıcalı Hərbi Hospitalına gətirilib. Uzun müddət burada müalicə olunub. Həkimlərə dedim ki, tərxis olunmalıdır, bu vəziyyətdə döyüş bölgəsinə göndərilə bilməz. Amma dinləmədilər. Kasıb olduğum üçün pul da verə bilmədim, yarası qismən sağalandan sonra yenidən döyüş bölgəsinə göndərildi. Bir neçə aydan sonra isə hərbi xidmətini başa vuraraq, evə döndü. O, xidmətdə olanda bir ayağım cəbhə bölgəsində idi, qorxurdum ki, uşaq sağ qalmayacaq”.

Aldığı yaradan əziyyət çəkir, böyrəyi incidir

İdrət Azadov deyir ki, Hərbi Həkim Komissiyasının qərarı ilə oğluna ağır travma diaqnozu qoyulub. Qərarda belə yazılıb: ““Sol bel nahiyyəsinin dəlib keçən odlu silah yaralanmasından sonrakı bərkimiş dəri çapığı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

“Hazırda oğlum aldığı yaradan əziyyət çəkir, böyrəyi onu incidir. Artıq müalicəsini də davam etdirməyə maddi imkanım yoxdur”, – deyir İ.Azadov.

Dəfələrlə ölkə başçısına müraciət etmişəm

Onun sözlərinə görə, oğluna pensiya düzəltmək istəsə də, Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Tibbi Hərbi Komissiyasının sədri Mübariz Ağayev ona əlilliklə bağlı müvafiq sənədi – “forma 88”-i verməyib.

Xəstəxananın həkimi, şöbə müdiri Rəfael Ağayevin isə ondan rüşvət tələb etdiyini deyir:

“Həkim məndən 2 min manat pul tələb edib. 2 min manatım olsa, övladımın müalicəsinə xərcləyərəm də. Mən övladımı vətəni qorumaq üçün göndərmişdim. Mənim üçün iş görəndə güllə yarası almayıb axı. Nədir bu biganəliyin və özbaşınalığın səbəbi? Dəfələrlə ölkə başçısına, Birinci vitse-prezidentə, Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə müraciət etmişəm, amma heç bir tədbir görülməyib”.

İcra Hakimiyyətinə çağırıb şikayətləri dayandırmağı tələb edirlər

Lerik sakini deyir ki, indiyə qədər xəstəxana oğluna hər hansı bir tibbi yardım da göstərməyib:

“Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişəm, lakin müraciətim cavabsız qalıb. Oğlum Azadlı İltimasa da heç bir yardım göstərilməyib, əksinə, baş həkim müraciətimi rədd edib. Demək olar ki, rayonda döymədiyim qapı qalmayıb. Baş həkimdən şikayət edən kimi Lerik Rayon İcra Hakimiyyəti məsələyə qarışır, məni çağırıb şikayətləri dayandırmağı tələb edirlər, amma özləri də kömək etmirlər”.

Ondan heç kəs rüşvət istəməyib, böhtan atır

Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev isə Meydan TV-yə açıqlamasında bildirib ki, şikayətçinin iddiaları əsassızdır:

“Əvvəla, ondan heç kəs rüşvət istəməyib, böhtan atır. Səhiyyə Nazirliyinə də, Baş Prokurorluğa da müraciət göndərib, orada deyir ki, əgər pulu olsaydı, oğluna əlillik verilərdi. Əvvəl belə deyirdi, indi də durub böhtan atmaqla məşğuldur, şantaj edir. İkincisi də, əlilliyi biz vermirik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. İndi hər şey elektron sistemlədir. Düzdür, “forma 88”-i biz veririk, amma iki dəfə “forma 88”-i onlayın sistemə yerləşdirmişik, imtina cavabı gəlib. Çünki onun oğlunda “dəlib keçən güllə yarası”dır. Dəlib keçən güllə yarasına da pensiya verilmir. Bu uşaq da o vaxtdan bir dəfə xəstəxanada yatmayıb, hansı ağırlaşmadan söhbət gedə bilər? Özü də mənə yaxın adamdır. Özünə də başa salmışam, amma xeyri yoxdur. Deyirəm, güllə çanaq sümüyünə dəyib, çanaq sümüyündə də heç bir fəsad yoxdur. Adamın Allahı olar, axı kimsə rüşvət istəməyib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button