ArxivSosialXəbər lentiXəbərlər

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatını ağır dövr gözləyir”

Azərbaycan iqtisadiyyatında böhran halları dərin xarakter daşıyır və onların aradan qaldırılması üçün hökumətin tədbirləri kifayət deyil. Bu fikri iqtisadçı-ekspert, Respublika Alternativi Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Amerikanın Səsi”nin Azərbaycan xidmətinə müsahibəsində bildirib.

“Dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklər COVİD-19 pandemiyasının və neftin ucuzlaşmasının ölkə iqtisadiyyatında yaratdığı çağırılışlara adekvatdırmı? Nəzərdə tutulan tədbirlər biznesin və əhalinin vəziyyətinin yaxşılışdırılması üçün yetərlidirmi?

Bu suala N.Cəfərli belə cavab verib: “Təbii ki, yetərli deyil. Problemlər çox dərindir. Həddindən artıq dərinliyə işləyir. Azərbaycan höküməti nədənsə elə düşünür ki, bir düymə ilə iqtisadiyyatı yenidən işə sala biləcək. Elə deyil, iqtisadiyyatda baş verən problemlər çox dərinliyə işlədiyinə görə uzun zaman alacaq. Həm də əhalinin maddi vəziyyətinin ağırlaşmasının şahidi oluruq.

O qeyd edib ki, hələ aprel-may aylarında 600 min insana 190 manatın verilməsi ciddi bir problemə çevrildi, narahatlıq yarandı. Hətta iyul ayı üçün ortada itdi-batdı. İyul ayı üçün 284 min nəfərə, avqust ayı üçün isə 276 min nəfərə 190 manat verilmısi nəzərdə tutulub. Amma iyul ayı tamamilə yaddan çıxdı.

Biznesə edilən dəstəklər yetərli deyil, hətta biznesin yenidən ayağa qalxması üçün kifayət deyil. Bu ilin sonuna kimi kiçik və orta sahibkarlara 98 milyon nəzərdə tutulub. Çox az  məbləğdir.

2021-ci ilin büdcəsi noyabr-dekabr aylarında təsdiq ediləcək. Hələlik onun parametləri məlum deyil. Böhranın fəsadlarının aradan qaldırılması üçün orada ciddi tədbirlər görülməsə, ölkə iqtisadiyyatını ağır dövr gözləyir.

N.Cəfərli prezident İlham Əliyevin uzun illər dövlətdən böyük maliyyə yardımı almış və ya hökumət təminatı altında xarici borclar götürmüş dövlət şirkətlərinin səmərəsizliyi barədə bəyanatını da şərh edib.

Dövlət şirkətləri dövlətdən böyük subsidiyalar alırdılar, onların vergi və kommunal borcları silinirdi. Bu zaman infrastruktur dövlət hesabına formalaşırdı.

“Bütün dövlət şirkətlərinin borclarını toplasaq Azərbaycan dövlətinin suveren borcundan daha çoxdur. Bu da dövlət üçün əlavə yükdür. Çünki o şirkətlər borclarını qaytara bilməsələr, bunu dövlət qaytarmağa məcbur olacaq. Özəlləşmə üçün vaxt çoxdan yetişib, amma maraqların toqquşması səbəbindən indiyədək baş verməyib”, – o qeyd edib.

Dövlət şirkətlərinin ziyanla işləməsinin ən böyük səbəbi korrupsiyadır. Büdcədən ayrılan vəsatətlərin mənimsənilməsidir, xərclərin şişirdilməsidir. Xərclərin şişirdilməsi təbii ki, gəlirlə işləməyə mane olan faktora çevrilir. Tək bir AZAL-ın timsalında biz bunu görürük.

Rəsmi məlumatlara görə, 2018-ci ildə AZAL 208 milyon manat ziyan edib. Halbuki, insiharçı şirkətdir, bazara digərlərinin buraxılmasına maneçilik törədir. Heç də təsadüfi deyil ki, Azərbaycan vətəndaşları pandemiyadan öncə Gürcüstan üzərindən xaricə uçmağa üstünlük verirdilər. Çünki orada biletlərin qiyməti daha ucuzdur.

Zərərlilik dövlət şirkətlərində ciddi korrupsiyanın nəticəsidir. Özəlləşmə labürddür, amma birdən-birə bütün dövlət əmlakının özəlləşdirilməsi texniki olaraq mümkün deyil. Çox güman ki, ilkin olaraq paylayıcı şirkətlər özəlləşdirməyə çıxarılacaq.

Məsələn, qaz paylayıcı, su paylayıcı, elektrik paylayıcı, bir də böyük şirkətlərin uzun müddətli icarəyə verilməsi də gündəmə gələ bilər. Ya yerli, ya xarici şirkətlərə. Yerli şirkətlərə çətindir, çünki bizdə heç rəsmi milyonçu yoxdur.

 

Xarici şirkətlərin də öz tələbləri var. Azərbaycan Umumdünya Ticarət Təşkilatına üzv olmalıdır, Azərbaycan Avropa İttifaqı ilə normal saziş bağlamalıdır, Azərbaycanda ədalətli məhkəmə sistemi olmalıdır.

Xarici investorlar hansı şirkət və müəssisələrə maraq göstərə bilər? Bu sualın cavabında N.Cəfərli deyib ki,

Demək olar ki, dövlət şirkətlərin hamısı xarici investorlar üçün maraqlıdır. Dəmir yol daşımaçılığından tutmuş AZAL-a qədər.

Həmçinin SOCAR-ın müxtəlif istiqamətdə fəaliyyət göstərən alt qurumları maraq göstərə bilər. Çünki SOCAR-ın tərkibində onlarla digər törəmə şirkəti var.

“Düşünürəm ki, ən çox maraq paylayıcı şirkətlərə olacaq. Elektrik, qaz və su paylayıcı şirkətlərə. Biz vətəndaşlar da keyfiyyətli xidmət istəyirik. Amma dövlət şirkətləri bu keyfiyyətli xidmətləri göstərmirlər”, – ekspert qeyd edib.

Özəl şirkətlər vətəndaşlarla yeni müqavilələr bağlamağa məcbur qalacaqlar və məsuliyyət daşıyacaqlar. Beləliklə, bu, paylayıcı şirkətlərlə vətəndaşlar arasında normal münasibətlərin formalaşmasına səbəb ola bilər”, – N.Cəfərli bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button