Tarix

Nardaran torpağının yetişdirdiyi “Əzadar” təxəllüslü şair

Qasımov Paşa Mirzəbağır oğlu”Əzadar” təxəllüslü şair 1917-ci ildə Bakının Nardaran kəndində anadan olmuşdur. Uşaq yaşlarından şerin sirlərinə yiyələnən Paşa Əzadar əsasən həmkəndlisi Hacı Şeyxəli Tutini özünə ustad hesab etmişdir. Şerlərini əsasən iki janrda; qəzəl və mərsiyə janrlarında qələmə alan şair qəzəllərində “Paşa”, mərsiyələrində isə “Əzadar” təxəllüsünü işlətmişdir.
İndinin özündə də “Paşa dayı” deyə anılan şair 1980-cı ildən vəfat etdiyi zamana qədər Nardaran Rəhimə Xanım ziyarətgahında (Nardaran Piri) rəis kimi ziyarətə gələn zəvvarlara xidmət etmişdir. Uzun sürən xəstəlikdən sonra 1989-cu ildə vəfat etmişdir. Məzarı Rəhimə Xanımın ziyarətgahının yaxınlığındadır.

Ey vücudi-baisi-icadi-xilqət, ya Əli.
Zərbü tiğunlə rəvac oldu şəriət, ya Əli.

Sən nə nuri-paksən, ey məzhəri-nuri-Xuda,
Xilqəti-dünyavu-aləm sənlən olmuş ibtida,
Baş qoyar dərgahuva cinnü bəşər, şahü gəda,
Cəbrəilə sən veribsən elmi-hikmət, ya Əli.

Müstəfadən qeyri məxluqatə nurundur dəlil,
Nari-Nəmrudi gülüstan etdi ismünlən Xəlil,
Göstəribdir astanında sədaqət Cəbrəil,
Peyki-Xəllaq olmağa tapdı ləyaqət, ya Əli.

Vəsfinə gəlmişdi Quranda sənün “vəl-adiyat”,
“Həl-əta” oldu sənün şənündə xəlqə iltifat,
Nuri-pakündür verüb tufandən Nuhə nicat,
Verdi Beytullahə mövludun şərafət, ya Əli.

Zahirən gərçi bəşərsən, batinən nuri-Xuda,
Natiqi-Quran sənsən, həm vəsiyyi-Müstəfa,
Hər iki aləmdə sənsən cinnü insə rəhnüma,
Eyləmiş Xaliq səni məxluqə hüccət, ya Əli.

Olmasaydı gər vucudun, ey imami möhtərəm,
Xəlq olunmazdi nə ərzü nə səma, lövhi-qələm,
Masəva sənlən tapib rövnəq, əya kani-kərəm,
Pişivasən ümmətə ruzi-qiyamət, ya Əli.

Ya Əli, mən də “Əzadarəm” sizə sübhi-məsa,
Dadikəs yoxdur, dolannam dərgəhündə bir gəda,
Gəh Hüseynə ağlaram, gahi dilimdə Kərbəla,
Can verəndə et “Əzadarə” şəfaət, ya Əli.
****************************************
Ey başi nizələrdə gəzən dilbərim, Əli,
Sənsiz xəzanə döndi mənim güllərim, Əli.

Məcnunivar çəkdilə zəncirə bacuvi,
Leyla tək ağlayır sənə bu gözlərim, Əli.

Görsə cida başında Züleyxa camalüvi,
Yusifdən imtina edər, ey sərvərim Əli.

Yusif nədür bərabər ola hüsndə sənə,
Sən Əhmədə şəbihsən, ey Heydərim Əli.

Kim qəbrə qoydu nəşüvi, kim matəmin tutub,
Kim ağladı sənə, de Əli Əkbərim, Əli?

İndi gəlib fəğanə “Əzadarın” ağlayır,
Hüzzarilən bu qəmdə, mələk mənzərim Əli.
****************************************
Şəm tək yandım, məni pərvanələr yad etmədi,
Aşinalər halımı bildikdə imdad etmədi.

Xos günümdə dustlər ətrafımı dövr etdilər,
Pis zamanımda dağıldı, heç biri şad etmədi.

Axdı gözdən eşgi-çeşmim, gül üzə silabi var,
Hər görən tən ilə baxdı, qeyri bir zad etmədi.

Hər kimi gördüm yıxılmış, əl uzatdım qoymadım,
Mən yıxıldıqda məni heç kimsə dilşad etmədi.

Afərin indi Paşa bildim ki, çox mərdanəsən,
Heç kimə dil açmadı, bir ləhzə fəryad etmədi.
***************************************
Fərağı hicrüvə, ey mahiru ki, tab elədim,
Fənayə ömrümü verməgligə şitab elədim.

Keçən gecə səni röyadə şadiman gördüm,
Vüsalə vasitə oldum, böyük səvab elədim.

Şitab ilən ayılıb görmədim əsər səndən,
Dübarə vəslə yetişməkdən ötrü xab elədim.

Xəyali-xam ilə yatdım ki, yarı birdə görüm,
Nedim ki, gəlmədi canan, çox iztirab elədim.

Ağardı zülfi-siyahım sənin xəyalın ilə,
Nə gül üzün görə bildim, nə hicrə tab elədim.

Məlamət eləməyin, eşqə düşmüşəm, pirəm,
Yanar od üstə mən öz qəlbimi kəbab elədim.

Paşa ayırmagilən qəlbivi gözəllərdən,
Gözəllər ilə sən öz qəlbivi şəbab elədin.
***********************************
Ey könül, eşq aləmi büxli-həsəddən dur olur,
Vadiyi-vəhdətdə hər kəs eşq ilən məşhur olur.

Payə-payə seyr edər uşşaq bu eşqin aləmin,
Eşqi hər qədr olsa, həzzi ol qədər məqdur olur.

Hansı bir aşıq alıb canandan müjgan oxu,
Sancılıb qəlbində, qəlbi xaneyi zənbur olur.

Eşqə yol tapmaq dilərsən, et fənaliğ ixtiyar,
Çün fənalığ rahi hər bir rahdən pürnur olur.

Mahi-rulərdən uzaqlaş, tut təriqi-eşqi-yar,
Yar əlilə kim asılsa daridən Mənsur olur.

Piri-Kənan ağladı qırx il çəkib hicran odu,
Kim gözəlçün ağlasa axırda mütləq kur olur.

Get xərabata Paşa, eşq aləmin seyr etməyə,
Seyr edən eşq aləmin nə istəsə fil-fovr olur.
***************************************
Aşinalərdən sədaqətdən əlamət görmədim,
Əqrabalərdə riyadən başqa adət görmədim.

Xoş günümdə dövrəmi dövr eylədi min aşina,
Pis günümdə aşinalərdən sədaqət görmədim.

Dövr edib dünyanı gəzdim ki, tapım əhli-vəfa,
Əhli-dünyadə riyadən başqa halət görmədim.

Şəridə derlər ki, bir gün eyliyər aləm qiyam,
Yarın hicranından özgə bir qiyamət görmədim.

Seyri-gülzar eylədim gördüm güli çox bivəfa
Bülbüli-şeyda kimi sovti-məlahət görmədim.

Bivəfalərdən uzaqlaşsa Paşa, vardur yeri,
Eylədim təhqiq qəlbində xəyanət görmədim.

Qeyd: “İslam Həqiqətləri” dini-ictimai qəzetinin poeziya-ədəbiyyat bölməsini Kərbəla səfərində şəhid olmuş İntiqam Rüstəmov hazırlayaraq oxuculara təqdim edirdi. Onun bu sahələrdə hazıladığı bir çox yazılar qəzetin elektron ünvanında yerləşdirilməyib. Yeri gəldikcə həmin yazıları oxuculara təqdim edəcəyik. Əziz oxuculardan xahiş edirik ki, bu sətirləri oxuduqdan sonra Şəhid İntiqamın ruhuna salavat göndərsinlər.

nardaranpiri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button