ArxivNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nardaran işi: ‘Oğluma qarşı nəyin nifrətidir, başa düşmürəm…’

2015-ci ilin noyabrında Nardaranda keçirilən polis əməliyyatı zamanı ona dəymiş üç güllədən ikisini hələ də bədənində gəzdirən 35-yaşlı Şamil Abduləliyevin həyatının təhlükə altında olduğu bildirilir. Bu barədə məlumat verən atası Adil Abduləliyev bildirib ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində oğlunun sağlıq durumu hər keçən gün pisləşir.

Hələ üç il əvvəl Ş.Abduləliyevin bədənində qalmış güllələrin yerinin və vəziyyətinin dəqiq müəyyənləşdirilməsi üçün kompüter tomoqrafiya olunanda həkim rəyi belə olmuşdu ki, o, təcili əməliyyat edilməli, sağ ayaqda olan güllələrin ikisi də çıxarılmalıdır.

“Üç ildən çox vaxt keçib, xəbər yoxdur”

“Əməliyyat eləmədilər. Daha haralara müraciət eləməmişik, xeyri yoxdur. Adam gözümüzün qarşısında əriyir. O vaxt tomoqrafiyanın nəticələrindən görünürdü ki, güllələr qalan ayaq həddindən artıq nazilib, o biri ayaqdan 10 santimetr qısalıb. İndi lap ağır vəziyyətdədir. Kəskin ağrılar olur, dözə bilmir, ağrıkəsici də kömək eləmir. Günahsız həbs ediblər, o qədər ağır cəza veriblər, bununla da kifayətlənmirlər. Düşmənin belə müalicəsinə imkan verərlər. Bu, nəyin nifrətidir, niyə belədir, başa düşə bilmirəm”, – A.Abduləliyev belə deyir.

Ailəsi Ş.Abduləliyevin öz vəsaitləri hesabına öncə əməliyyat olunması, sonradan da müalicəni davam etdirməsinə imkan verilməsi üçün sonuncu dəfə bu ilin oktyabrında Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Məktubun surəti Penitensiar Xidmətin və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbərliyinə də ünvanlanıb. A.Abduləliyev deyir ki, yalnız Penitensiar Xidmətdən cavab alıblar. Orada da yazılıb ki, “müraciət aidiyyəti üzrə baxılması üçün Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə göndərilib”.

Təxminən üç il əvvəl Tibb Baş İdarəsindən ailəyə bildirilib ki, Ş.Abduləliyev əməliyyat üçün növbəyə salınıb.

“Növbəyə salınmasından üç ildən çox vaxt keçib, hələ xəbər yoxdur. Növbənin nə vaxt çatacağı da məlum deyil. Belə getsə, təkcə ayağını yox, həyatını da itirə bilər. Onun azyaşlı qızı var…”, – atası əlavə edib.

“Nə qədər gec deyil…”

Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova da AzadlıqRadiosuna müvəkkilinin vəziyyətinin ağır olduğunu söyləyib. Onun sözlərinə görə, Şamilin səhhətindəki problemlərlə əlaqədar dövlət orqanlarıyla yanaşı, məhkəməyə də müraciət olunub.

Şikayətdə göstərib ki, müvəkkilinin sağ ayağı çürüyür, bütün bədənin zəhərlənmə təhlükəsi yaranır: “Belə vəziyyətdə onun cəzaçəkmə müəssisəsində saxlanması ədalətli deyil”.

Amma Nizami rayon Məhkəməsi Ş.Abduləliyevin səhhətindəki problemlərlə əlaqədar vaxtından əvvəl həbsdən buraxılması haqda şikayətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Yaxın günlərdə Ali Məhkəmə bu məsələyə baxacaq.

Məhkəmələr Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi həkim ekspert komissiyasının rəyini əsas götürüb. Həmin rəydə isə yazılıb ki, Ş.Abduləliyevin xəstəliyi onun həyatı üçün təhlükə yaratmır: “Mövcud postravmatik qalıq əlamətləri hazırda onun cəza çəkməsinə imkan verir”.

“Biz bugünlərdə Bakı İstintaq Təcridxanasında vəfat edən Müşfiq Qurbanovla bağlı da həyəcan təbili çalırdıq, onun səhhətində problemlər olduğunu deyirdik. Təəssüf ki, nəzərə alınmırdı. Hesab edirəm ki, bu cür məsələlərə həssas yanaşmaq lazımdır. Nə qədər gec deyil, Şamillə bağlı tədbir görülməlidir. Bir insanın həyatından söhbət gedir”, – vəkil bildirib.

Ş.Abduləliyevin durumu ilə əlaqədar Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə sorğu ünvanlasaq da, cavab verilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button