ArxivXəbər lentiXəbərlər

İŞİD Rusiyanın “qapısını döyür” – Təhlil

Yelena Suponina: “Rusiya da, hətta dövlətlərin tam bir koalisiyası da Yaxın Şərqdəki yanğını söndürmək gücündə deyil”

Rusiyanın İŞİD-lə mübarizə və Yaxın Şərqdə maraqlarının qorunması üzrə strategiyası yoxdur. Bu arada istisna olunmur ki, Donbasın aqibəti ölkənin bu münaqişənin həllində iştirakından asılı olacaq.

Rusiyada İŞİD-lə fəal mübarizənin zərurətindən yalnız son aylarda danışmağa başlayıblar. Ali Məhkəmə hələ 2014-cü ildə İŞİD-i terror qurumu kimi tanıyıb və ölkədə fəaliyyətini qadağan edib. Buna baxmayarq, İŞİD-in bu yaxınlara qədər Rusiya rəhbərliyində rəsmən ancaq Yaxın Şərq hüdudlarında bölgəsəl təhlükə kimi qəbul edilməsi üstünlük təşkil edirdi. Hökumətimiz bu qurumu əsas beynəlxalq təhlükələrdən biri kimi ona görə tanımaq istəmədi ki, Ukraynadakı  hərəkətlərə görə Rusiyanın özü heç nəyi ilə Qərb üçün İŞİD-dən yaxşı görünmürdü, bəzi Amerika məmurlarının sözlərinə görə isə, hətta daha təhlükəlidir. Lakin artıq iyulun əvvəlində BRHÇG-nin Ufa sammitində XİN başçısı Sergey Lavrov etiraf etdi ki, İŞİD həm Rusiya, həm Avropa, həm də ABŞ-a təhlükə təşkil edir və bu şərə qarşı birgə mübarizə aparmaq lazımdır. Lavrov buna qədər məsələni ABŞ Dövlət Departamentinin başçısı Con Kerri ilə müzakirə edib. Bundan sonra Amerikanın Moskvanın ünvanına ritorikası da yumşaldı.

Rusiya tərəfini danışıqlara həm də Quzey Qafqaz respublikalarının İŞİD-in “vilayətləri” elan edilməsi haqda xəbərlər məcbur etdi.

İŞİD tərəfdən rusiyalıların ələ alınmasının miqyası da Rusiya hökumətini narahat etməyə bilməz. Xüsusi xidmətlərin məlumatına görə, onlar artıq 2 min nəfəri keçib. Ən qalmaqallı hadisə isə MDU-nun tələbəsi Varvara Karaulovanın islamçı radikalların yanına qaçması oldu.

Şayiələrə görə, ABŞ-ın Ukrayna, xüsusən də Donbas üzrə güzəştlərə getmək hazırlığı Rusiyanın İŞİD-lə münaqişənin həllinə cəlbedilmə dərəcəsindən asılı olacaq.  

“Kürəsəl mübadilə” danışıqlarının həqiqətən getdiyi haqda söhbətlər dolayısı ilə rus rəsmilərinin, həmçinin iyuldan başlayaraq İŞİD-ə qarşı çıxmağın yollarını ciddi şəkildə müzakirəyə çıxardan ekspertlərin  artan fəallığından xəbər verir. Lakin istisna olunmur ki, hökumət bu qayda ilə rusiyalıların diqqətini diş qamaşdıran “Qərb təhlükəsi”ndən “İslam təhlükəsi”nə yönəltməklə xarici siyasət gündəliyini dəyişmək istəyir.

Hər necə olsa da, İŞİD problemi təkcə bu həftə dərhal bir neçə rəsmi meydançada – Dövlət Dumasında, İctimai Palatada və s.-də müzakirə olunub. “Ədalətli Rusiya”dan deputat Oleq Nilov Rusiya tərəfdən BMT Təhlükəsizlik Şurasında İŞİD üzrə beynəlxalq tribunal yaradılması təşəbbüsünün qaldırılması təklifi ilə XİN başçısına müraciət göndərib. Və İctimai Palatada əsasən əks-təbliğat mexanizmləri və rusiyalıların islam radikalları tərəfindən cəlb edilərək sonradan Yaxın Şərqə göndərilməsinə və yaxud Rusiyada özəklərin yaradılmasına qarşı çıxmaq üsulları müzakirə olundusa, Dövlət Dumasında “Açıq tribuna”nın ekspert yığıncağındakı müzakirələr İŞİD-lə hansısa mübarizə strategiyasının zəruriliyinə gəlib çıxdı.

İŞİD-i “XXI əsrin dünya təhlükəsi” adlandıran Dövlət Dumasının spikeri Sergey Narışkinin bəyanatı siqnal oldu.

Çoxlarının hesab etdiyi kimi, tez-tez qeyri-rəsmi şəkildə Kremlin ideyalarını səsləndirən RLDP lideri Vladimir Jirinovski isə bildirdi ki, İŞİD məhz Rusiya, Avropa və Çinə zərbə endirmək qəsdilə yaradılıb. RLDP liderinin ehtimaına görə, İŞİD Rusiya üçün isə ona görə qorxuludur ki, onun vasitəsilə ölkəmizi iki cəbhədə müharibəyə cəlb etmək mümkün ola bilər. O, Almaniyanın guya iki ildən sonra ABŞ-dan qopmaq və müstəqil olmaqdan ötrü  “Ukraynadakı yaraqlılarla” Rusiyaya qarşı müharibəyə başlayacağı haqda hansısa məlumatlara isnad etdi. Jirinovski dedi: ““Barbarossa planı” imzalanıb, biz sonra zəif düşərək İŞİD-ə görə Orta Asiyanı itirəcəyik”.

Lakin siyasətçilərdən fərqli olaraq Rusiyanın islam radikallarına qarşı “qaynar müharibəyə” qətiyyən girməli olmadığını hesab edən başqa ekspertlər onun proqnozlarına şübhə etdilər.

Bununla belə, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskinin təsdiq etdiyi kimi, İŞİD-in nüvəsi “yetərincə zəifləyib” və onun hesablamasına görə, döyüşçülər cəmi 30 min qalıb. Ekspert ehtimal edir ki, Qətərin maliyyələşdirəcəyi halda, Qafqazda islamçılarla problem yarana bilər.

Bununla belə, Dövlət Dumasında Rusiyanın İŞİD-dən müdafiəsində ən zəif yeri Orta Asiyanın ən zəif bərkidilmiş əfqan-türkmən və Tacikistan sərhədlərini hesab etdilər. Qırğızıstanın Avrasiya iqtisadi birliyinə daxil olacağı halda da durum mürəkkəbləşə bilər.

Satanovski qeyd etdi: “Lakin bizim əsas problemimiz yenə də Quzey Qafqaz, Özbəkistanın islam təşkilatı və sistemli dostluq qurmaq üçün islamçıların hökumətə daxil olmasıdır”.

Başqa ekspertlər əmindirlər ki, Rusiyanın İraq və Suriya kürdləri ilə təmasları təzələməyi, Suriyada Əsəd rejiminə dəstəyi davam etdirməyi və yaxud İsrailin etdiyi kimi bölgədəki mötədil islam qurumlarına güvənməyi lazımdır.

Bu arada Rusiya Strateji araşdırmalar mərkəzinin prezident administrasiyasına yaxın olan direktorunun müşaviri Yelena Suponina əmindir ki, heç bir dövlət kimi Rusiya da, hətta dövlətlərin tam bir koalisiyası da Yaxın Şərqdəki yanğını söndürmək gücündə deyil.

Onun fikrincə, Rusiyanın gücünü çatacağı ən böyük iş “proseslərdən təcrid olunmaq və onlara bizim əraziyə soxulmağa imkan verməməkdir”.

Suponina əmindir: “Problem və münaqişələrə dərindən girişmək lazım deyil. Diplomatiya və sosial yardımlar çərçivəsində məhdud təmaslar lazımdır”.

Ekspertlər ehtimal edirlər ki, Yaxın Şərqdəki neqativ proseslərin katalizatoru məhz ABŞ-ın fəaliyyəti oldu. Bunun nəticəsi isə yaxın on illərdə bütün bölgənin xəritəsinin yenidən cızılması olacaq. Lakin, deyəsən, Rusiyanın maraqlarının qorunması və Yaxın Şərqdə mövqelərin möhkəmləndirilməsi üzrə hökumətimizin strategiyası yoxdur – ən radikal islamçılarla mübarizə üçün dəqiq planın olmadığı kimi. Təsadüfi deyil ki, bu cür suallara cavab verməli olan XİN təmsilçiləri Dövlət Dumasının toplantısına gəlməmişdilər…

Yelena Zemskova

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button