ArxivXəbər lentiXəbərlər

Bu ölkənin həqiqi sahibi İmam Zamandır (ə.f)

Bu ölkənin birinci postunun həqiqi sahibi İmam Zamandır (ə.f).
İran xalqı bir daha dünyaya demokratiya dərsi keçdi. Qapalı ölkə kimi gördükləri İran İslam Respublikasının xalqının 70 faizi seçkidə iştirak etdi. 80 milyonluq xalqın 56 milyondan çoxunun (nəzərə alaq ki, yerdə qalan sayın böyük hissəsini seçkidə iştirak etmək üçün kifayət qədər yaş həddi olmayanlar təşkil edir) seçkidə iştirak etməsi bu xalqın öz taleyinə biganə qalmamasının göstəricisidir. Allahın Quranda buyurduğu kimidir: bir qövm nəfsində (özündə) olanı dəyişməyincə Allah onda olanı dəyişməz. Bu özündə olanı dəyişməyi də, öz aqibətinə biganə qalmamağı da bu əzəmətli xalqa İslam öyrədib.
İranda prezident seçkiləri başlamazdan əvvəl də, sonra da daim bu proses hegemon dövlətlərin diqqətində olan məsələ olub. İran düşmənlərindən tutmuş dostlarına qədər ara-sıra çox insan öz düşündüyü kimi hadisələri mühakimə və müzakirə etməyə qalxıb. Kiməsə görə hazırda prezident olan şəxs bu ölkəni yaxşı idarə edə bilmir, ondan yaxşısının gələcəyinə ümidlər bəslənilir. Kiməsə görə elə hazırda prezident olan şəxs daha münasibdir. Bu xalqın dindarı da, dünyəviliyə, avropaya daha çox həvəs göstərəni də, sağçısı da, solçusu da, iqtidarı da müxalifəti – sənli-mənli öz taleyinə biganə deyil. Düşməni zatən qorxudan da budur – İrandakı seçicilərin sayı. Hər vasitə ilə İran xalqının əzmini qırmaq, həvəsdən salmaq, seçkiyə olan rəğbətini öldürməyə çalışırlar, bununla da İranı Şimali Koreya, ərəb baharından öncəki Liviya, Tunis, Misir kimi prezident seçkisinə həsrət qalmış diktatura ölkələrinə bənzətməyə çaışırlar. İran xalqı isə hər seçkidə düşmənlərin diqqətinə çatdırmaq istəyir ki, bizim ailədaxili söz-söhbətlərimiz özümüzə aiddir, naməhrəm adama heç bir dəxli yoxdur.
Doğrudur, biz öz aləmimizdə nəyisə ölçüb-biçə bilərik, öz meyarlarımızı işə salıb səhvləri, doğruları müzakirəyə çıxara bilərik. Amma unutmamalıyıq, bu ölkənin həqiqi sahibi İmam Zamandır (ə.f). Bu ölkənin birinci postunun həqiqi sahibi İmam Zamandır (ə.f).
Rəisi olmasın, Həsən Ruhani olsun, Həsən Ruhani olmasın, Əhmədinejad olsun – hər kim prezident postuna əyləşir əyləşsin, İran dövləti İslam dövlətidir və əslində bu ölkənin İmam Zamana (ə.f) təhvil verilən günədək ağaları, böyükləri dəyərli İslam üləmasıdır. İran Vatikan deyil, ölkənin Ali Dini Lideri Seyyid Əli Xamenei (Allah qorusun) isə Roma Papası kimi fəqət xeyir-dua vermək və dini ağsaqqal olmaq səlahiyyətinə sahib deyil. Dövlətin ilk rəsmi səlahiyyətli şəxsidir, istənilən zaman din üçün xətər gördükdə hətta xalqın seçdiyi prezidenti belə öz vəzifəsindən uzaqlaşdıra bilər. Çünki dindar İran xalqı bu insana – Ali Məqamlı Dini Rəhbərə tam mənada etimad edir. Bu ölkədə hətta prezidentə belə cavab qaytarmaq, tənqid etmək demokratiya nümunəsidir, amma xalq öz qırmızı xəttini gözəl bilir, o, öz taleyini İslama, İslam üləmasına, Ali Məqamlı Rəhbər Seyyid Əli Xameneiyə (Allah hifz eləsin) həvalə edib.
Ali Məqamlı Dini Rəhbər isə söz demənin, məsləhət vermənin yerini və zamanını çox gözəl bilir. Hətta namizədlər İrandakı demokratiyaya və İslamdakı söz azadlığına arxalanıb bir-birinin ünvanına tənqidi ifadələr işlətsələr də, nəhayətdə son sözə sahib olan Ali Məqamlı Rəhbər bu insanların inqilab xəttinin nümayəndələri olduğunu bir daha onlara xatırladır və bir ağsaqqal kimi inqilaba zərbə gəlməsinin qarşısını məharətlə ala bilir.
İran İslam Respublikasında əslində iki nəfər seçilib. Biri Allah-Təala tərəfindən Ali Məqamlı rəhbər postuna təyin edilən Ali Dini Liderdir. Həqiqətən də, mərhum İmam Xomeyni (r) və İmam Xamenei (Allah hifz eləsin) kimi insanlar Allah tərəfindən seçilən, Allaha arxalanan və müvəffəq olan insanlardır. Bu insanları adi insanlar seçə, müəyyən edə bilməzlər. İkinci seçilən şəxs isə prezidentdir ki, İslama söykənən xalq tərəfindən seçilir.
İkinci seçilən şəxslərə gəldikdə isə… İran dövlətində o zamanlar ilk dəfə prezident seçilən şəxsin əslində cəsus olduğu müəyyənləşdildən və xəyanəti aşkarlandıqdan sonra ölkədən qaçdı. Düşmən bununla İran xalqını xəyal qırıqlığına uğratmaq, dövlətin sütunlarını zəiflətmək istədi. Amma bacarmadı. Çünki Allah tərəfindən seçilən şəxs insanlar tərəfindən seçilən şəxsdən daha güclü və bəsirətli idi. Allah ən gözəlini biləndir və vaxtında xatırladandır. Bununla da İran dövlətini Allah qorudu. İkinci seçilən prezident mərhum Rəcai isə qısa bir zamanda terrora məruz qalıb şəhid edildi. Bir daha düşmən İran xalqının əzmini qırmağa çalışdı. Amma yenə bacarmadı. Çünki Allahın seçdiyi insanın bəsirəti vaxtında xalqın dadına çatdı. O gündən bu günə xalq tərəfindən seçilən bir neçə prezident gəlib gedib, Allahın seçdiyi şəxslərin – Dini Rəhbərləri sayəsində İnqilaba heç bir xətər dəymədi. Çünki bu ölkənin həqiqi sahibi İmam Zamandır (ə.f). Həzrət İmamın (ə.f) nəzəri bu ölkəni xain əllərdən, naməhrəm baxışlardan qoruyur.
İran xalqının növbəti seçimi bir daha Allah-Təala tərəfindən xeyrə çevrilər. Allah-Təala bu dövləti İmam Zamanın (ə.f) dövlətinə qədər payidar qərar versin.(nur-az.com)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button