ArxivXəbər lentiXəbərlər

“Nəfəs ala bilmirəm” sözləri ABŞ-ın 30 şəhərini ayağa qaldırdı – Araşdırma

ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili Corc Floydun yerli polis tərəfindən dəhşətli ölümü ölkədə böyük narazılıq yaradıb. Qaradərili amerikalının polis tərəfindən vəhşicəsinə öldürülməsinə etiraz olaraq ABŞ-ın ən azı 30 şəhəri nümayişlərə başlayıb. “Associated Press”in verdiyi məlumata görə, Minneapolis, Nyu-York, Atlanta, Albuquerque, San Xose, Hyuston, Finiks və Denverdə nümayişçilər polislə kütləvi qarşıdurmalara giriblər.
Asayiş keşikçiləri artıq 50-dən çox nümayişçini həbs edib. Maraqlıdır ki, onların arasında CNN televiziyasının müxbirləri də var. Hakimiyyət Milli Qvardiyanı bəzi şəhərlərə göndərmək qərarına gəlib.
Bundan əvvəl Minneapolisin meri Ceykob Frey cümə axşamından etibarən şəhərdə komendant saatı tətbiq olunduğunu açıqlayıb. Bu barədə şəhər rəhbərliyi “Twitter” səhifəsində məlumat yayıb. Qərarın üç gün davam edən kütləvi etiraz aksiyalarından, soyğunçuluqdan və yanğından sonra verildiyi qeyd olunur. Komendant rejimi bütün ictimai yerlərdə və küçələrdə yerli vaxtla 20:00-dan 06:00-dək etibarlıdır. Təcili yardım briqadaları, xilasetmə və digər təcili yardım xidmətləri, KİV, habelə evsiz insanlar və “təhlükədən qaçmağa məcbur olanlar” komendant saatlarından azad edilib.
Corc Floyd necə öldürüldü?
Son məlumatlara görə, Floydun avtomobili saxta əskinaslardan istifadə çağırışına cavab verən polis əməkdaşları tərəfindən dayandırılıb. Ona avtomobildən uzaqlaşması əmri olunub. Polis onun həbs edilərkən müqavimət göstərdiyini iddia etsə də, üzərindəki kameranın görüntüləri ictimaiyyətdən gizlədildi. Polis əməkdaşları Corc Floydu yerə sərdikdən sonra onun əlinə qandal bağlayıblar. Floyd yerdə köməksiz vəziyyət olarkən bu sözləri təkrarlayıb: “Nəfəs ala bilmirəm, Boğuluram!”, “Məni öldürmə”. Ətrafdan keçənlər onun başına toplaşaraq polisdən Floydu boğmağı dayandırmağı və nəbzini ölçməyi tələb ediblər. Bir müddət sonra Floyd hərəkətini dayandırır və təcili yardım onu ​​götürür. Xəstəxanaya arıtq onun cəsədi aparılır.
Aksiyalar necə başladı?
Minneapolisdəki ilk etirazlar çərşənbə axşamı günortadan sonra, yüzlərlə insanın Floydun öldürüldüyü yerə gəlməsindən sonra başladı. Təşkilatçılar etiraz aksiyasını dinc keçirməyə çalışdılar və iştirakçılar sosial məsafədəki qaydalara riayət etdilər. İştirakçılar “boğuluram” və “onun yerində mən ola bilərdim”, – deyə şüarlar səsləndirdilər. Daha sonra bir neçə yüz adamdan ibarət qrup, polisin Floydu saxladığı güman olunan bölməyə yürüş etdi. Cümə axşamı etirazlar davam etdi. Fəallar polisə daş parçaları və gözyaşardıcı qaz atdılar. Gecəyə doğru izdiham bir neçə minə çatdı və yenə polis bölməsində böyük bir qarşıdurma oldu. Etirazçılar içəri girməyə çalışdılar və polis isə canlı qüvvələrlə zəncir yaradaraq girişi bağladı.
Floyda bənzər ölüm
Corc Floydun polis tərəfindən öldürülmə halı ABŞ-da ilk dəfə deyil baş verir. Belə ki, oxşar hadisələr müxtəlif illərdə dəfələrlə qaradərili insanların başına gəlib. Bütün detallarda Floydun başına gələnlər 2014-cü ildə Erik Qarnerlə baş vermiş hadisəyə bənzəyirdi. Qarner də tutulduqdan sonra ölən qaradərili bir şəxs idi. O da saxlanıldıqdan sonra boğularaq həyatını itirmişdi. Qarnerin “Mən boğuluram” sözləri, ABŞ-ın qaradərili insanlarına qarşı polis zorakılığına etiraz edən fəalları üçün şüara çevrilmişdi. Onun ölümü nəticədə “Black Lives Matter” (Qaradərililərin həyatı vacibdir) hərəkatının ortaya çıxmasına səbəb oldu. Dünyanın bir çox ölkəsinin liderləri, idmançıları və tanınmış simaları ABŞ polisi tərəfindən bu vəhşiliyi sərt dillə qınayıblar. Con Boyeqa, Lebron Ceyms, Beyons və Castin Biber də daxil olmaqla bir çox məşhur Floydun ölümünə qəzəblərini ifadə ediblər və irqçiliyi pisləyiblər.
ABŞ-da öldürülən qaradərililərin statistikası
Birləşmiş Ştatlarda polislərlə qaradərili vətəndaşlar arasında yaşanan silahlı insident bir nömrəli gündəm mövzudur. Alabama Tuskegee Universitetinin statistik araşdırmasına görə, 2015-ci il ABŞ-da qaradərililərin ən çox öldürüldüyü ildir. Belə ki, ABŞ-da 1880-1960-cı illər arasında qaradərililərlə ağdərili vətəndaşların eyni məkanlarda olması barədə qadağalara rəğmən, həmin illərdə belə bu qədər afroamerikan vətəndaş öldürülməyib. Həmin illərdə 2911 qaradərili öldürülüb ki, bu da ildə 39 nəfər edir. Ən çox ölümün yaşandığı 1892-ci ildə isə 161 qaradərili qətl edilib. Bu rəqəm isə 2015-ci ilin göstəricilərinin yanında çox az sayılır. Belə ki, 2015-ci ildə ABŞ polisi 258 qaradərili vətəndaşı öldürüb. 2016-cı ildə də vəziyyət fərqli deyil. Həmin ilin iyul ayına qədər polis tərəfindən ölən zəncilərin sayı 123 olub.
qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button