ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/Səkkizinci gün

Məhərrəm ayının təqvimi

Qafqaz mədəniyyət mərkəzi- Məhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

Səkkizinci gün

Xarzəmi “Məqtəlul-Huseyn” və Xiyabani “Vəqayiul-əyyam” kitabında yazır ki, məhərrəm ayının səkkizinci günündə imam Hüseyn (ə) və əshabı çox susuzlamışdılar. İmam külüngünü götürür və çadırların arxasında qiblə səmtində on doqquz addımlıq məsafədə torpağı qazır. Oradan su çıxır. Hamısı sudan içirlər və məşkləri doldururlar. Sonra o, su gözdən itir və bir daha da görünmür. Bu xəbər ibn Ziyada çatan kimi Ömər ibn Sədin yanına adam göndərib deyir: “Mənə xəbər çatmışdır ki, Hüseyn quyu qazır və su çıxardır. Bu məktub sənə çatan kimi diqqətini daha da artır və onların əlinin suya çatmasına imkan vermə, işi onlara daha da çətinləşdir.” Ömər də onun əmrini yerinə yetirir.

Bu günü Yəzid ibn Həsin Həmədani imamdan icazə alır ki, Ömər ibn Sədlə danışıq aparsın. Həzrət icazə verir. O, salam vermədən Ömərin yanına daxil olur. Ömər deyir: “Ey həmədanlı kişi! Səni mənə salam verməməyə nə vadar etdi? Mən müsəlman deyiləmmi?” İbn Həsin deyir: “Əgər sən özünü müsəlman hesab edirsənsə, niyə Peyğəmbərin (s) ailəsinə qarşı çıxmısan? Onları öldürmək istəyirsən, heyvanların içdiyi Fərat çayını onlara qıymırsan?” Ömər başını aşağı salıb deyir: “Ey Həmədani! Mən bilirəm ki, bu ailəni incitmək haramdır. Mən həssas bir vaxtdayam. Bilmirəm ki, nə edim? Rey hökumətini buraxım, yoxsa, əlim Hüseynin qanına batsın. Bilirəm ki, bu işin cəzası cəhənnəmdir. Ey Həmədani! Rey hökuməti gözümün işığı kimidir. Mən ondan keçə bilmərəm.”

Yəzid ibn Həsin geri qayıdır və bu söhbəti imama danışıraq deyir: “Ömər, Rey hökuməti qarşılığında sizi qətlə yetirməyə hazırdır.”

İmam Hüseyn (ə) səhabələrindən olan Əmr ibn Qərzətə adlı bir nəfəri Ömərin yanına göndərir və ondan istəyir ki, gecə vaxtı iki ordunun arasındakı yerdə görüşsünlər. İmam gecə vaxtı 20 nəfərlə və Ömər də 20 nəfərlə həmin yerdə görüşürlər. İmam, qardaşı Abbası (ə) və oğlu Əli Əkbəri (ə) yanında saxlayıb, başqalarını geri qaytarır. Ömər də yanında oğlu Həfəsi və qulamını saxlayıb, digərlərini geri qaytarır. Bu görüşdə imam Hüseyn (ə), Ömər ibn Sədə höccət tamam edir. Ömər, imamın hər dəfə “mənimlə müharibə etmək istəyirsən?” sualının qarşısında bir üzr gətirir. Bir dəfə deyir: “Qorxuram ki, evimi dağıdalar.” İmam buyurur: “Mən evini düzəldərəm.” Ömər deyir: “Qorxuram ki, əmlakımı əlimdən alsınlar.” İmam buyurur: “Mən Hicazda olan malımdan ondan yaxşısını sənə verərəm.” Ömər deyir: “Mən qorxuram ki, ibn Ziyad Kufədə olan ailəmə qəzəblənsin və onları qılıncdan keçirsin.” İmam görür ki, Ömər öz qərarından daşınmayacaq və bəhanə ardıncadır. Yerindən qalxır və buyurur: “Sənə nə olacaq? Allah sənin canını yatağında alsın və səni Qiyamət günü bağışlamasın. Allaha and olsun ki, mən bilirəm, sən İraqın buğdasından yeməyəcəksən.”

İbn Səd istehza ilə deyir: “Arpası da bəsdir.”

Bu hadisədən sonra Ömər ibn Səd, Übeydullaha məktub yazır və təklif edir ki, imam Hüseyndən (ə) əl çəksin. Çünki özü deyir ki, ya Hicaza qayıdacaqdır, ya da başqa bir məmləkətə gedəcək. Übeydullah bu məktubu öz adamlarının arasında oxuyur. Lakin Şimr onu ibn Sədin bu təklifi ilə razılaşmağa qoymur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button