ArxivIslamXəbər lentiXəbərlər

`Müsibətə ağlamaq olmazmış` deyirlər. BƏS, İSLAM NƏ DEYİR?

Şəkk yoxdur ki, şadlıq və əzadarlıq məclisləri təşkil etmək fitri bir məsələdir. Belə ki, əvvəldən tayfa və millətlər arasında rəvac tapıb və ilahi dinlər də bu prinsipin doğru olduğuna imza atıblar. Amma hər il Məhərrəm ayı gəldikdə İslam düşmənləri özləri İslamda olmadıqları halda, guya dinin qeydinə qalırlarmış kimi ağlamağın, əzadarlıq məclislərinin dinə zidd olduğunu söyləyirlər. Amma gəlin görək, İslami mənbələr nə deyir.

1. Quranda ağlamaq 

Bidətin mənalarında olan məsələləri nəzərə alsaq, ağlamaq barəsində Quranda ağlamağın mədh və ya məzəmmət olunmasını müəyyən etmək üçün Quranda olan nöqtələrə işarə edirik.

Ağlayan gözlərə işarə edən ayələr:

“Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]” (Tövbə, 82)

Allah-Təala yuxarıdakı ayədə elə bir işə əmr edir ki, əgər Özü o işə razı olmasaydı, ona əmr etməzdi. Allah-Təala Öz peyğəmbərlərini belə mədh edir:

 “Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.” (Məryəm, 58)

Allah-Təala elm verdiyi kəslərin sifətlərini belə bəyan edir:

“Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.” (İsra, 109)

Allah-Təala Quran nazil olan zaman möminləri belə vəsf edir: 

“Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən.” (Maidə, 83)

Deyildiyi kimi, Qurani-Kərimdə ağlamaq, göz yaşı tökmək müsbət istiqamətdə ruhi dəyişikliyin nəticəsi olaraq məzəmmət olunmamış, əksinə, Allah tərəfindən tərifə layiq bir əməl hesab olunmuşdur. Çünki ağlamaq bəşərin fitri meyllərindən və insan şəxsiyyətinin bir hissəsindən hesab olunur.

2. Peyğəmbərlərin həyat tərzində ağlamaq 

İmam Hüseynə (a) ağlamaq mövzusunda böyük ilahi peyğəmbərlərin əməli həyat tərzinə nəzər etmək, bunun əql və nəql baxımından qanuni olmasını bilmək mühüm ünsürlərdəndir. Çünki peyğəmbərlərin əməli həyat tərzi bizim əməllərimizin din baxımından qanuni olmasına ən yaxşı şahiddir. Necə ki, Allah-Təala onların üslubuna tabe olmağı bizə əmr edir:

“Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır.” (Mumtəhinə, 4)

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.” (Əhzab, 21 )

Müxtəlif hadisələrlə üzləşən zaman peyğəmbərlərin ruhi təəssüratları ilə bağlı yaşayışlarından müəyyən hissələri nəql etməklə bizə qaneedici cavaba yetişməkdə kömək edə bilir. İndi onlardan bəzilərinə işarə edirik:

a) Övladının ayrılığına Yaqub Peyğəmbərin (ə) ağlaması

Həzrət Yusifin (ə) macərası əvvəldən sonadək qorxunc və təsiredici bir faciə kimi nəql olunub. Həsəd atəşi Həzrət Yusifin (a) qardaşlarının ürəyində coşub-daşırdı və bu həsəd qardaşları Həzrəti (ə) yox etmək qərarına gətirir. Belə ki, Həzrəti (ə) quyunun dibinə atır, onun köynəyini parça-parça edərək qana bulayırlar. Atalarına da qardaşlarını canavarın yediyini xəbər verirlər. Bu xəbərdən sonra Həzrət Yaqub (ə) sonsuz qəm-qüssə keçirərək övladının əlindən çıxması ilə əlaqədar gecə-gündüz ağlayırdı.

Allah-Təala bu macəranı Həzrət Yaqubun (ə) dilindən belə buyurur:

“Dedi: “Heyif Yusifdən!” Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.” (Yusif, 84)

Həzrət Yaqub (ə) övladının diri olduğunu və yenidən onu ağuşuna alacağını bilə-bilə bu ayrılığa ağlayır. Həzrət (ə) bu ruhi çətinliyinə təskinlik tapmaq üçün pənahgah axtarır və buyurur:

“Dedi: “Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusifin diri olmasını) bilirəm.” (Yusif, 86 )

Bu ilahi dəlildən övliyalara ağlamağın və zalımlardan, onların pis əməllərindən Allaha şikayət etməyin düzgün olması nəticəsi alınır. Bu da ilahi peyğəmbərlərdən birinin həyat tərzi kimi müsibətlərə əzadarlıq etməyin qanuni olmasına qəti bir dəlildir.

Bu barədə əhli-sünnə mənbələrində də kifayət qədər rəvayətlər var.

Əbu əl-Qasim əz-Zəməxşəri bu ayənin təfsirində özünün “əl-Kəşşaf” kitabında yazır:  “Həzrət Yaqubun (ə) Həzrət Yusifin (ə) ayrılığından onunla görüşənədək ağlamaqdan gözlərinin yaşı qurudu. Bu müddət 80 il davam etdi. Allah yanında yer üzündə bu işdən dəyərli bir iş yox idi.” (Əz-Zəməxşəri, Əl-Kəşşaf, c.2, s.339 )

b) Yusifin (ə) ağlaması 

Nəinki Həzrət Yaqub (ə) bu ayrılığa göz yaşı tökürdü, Həzrət Yusif (ə) də bu ayrılığa yanırdı. İbn Abbasın belə dediyi nəql olunur:  “Həzrət Yusif (ə) zindana düşəndə elə ağlayırdı ki, zindanın qapıları, divarları, hətta tavanı belə onunla birgə ağlayırdı.”(Əbu Abdullah əl-Qurtubi, əl-Cami li-Əhkam əl-Quran, c.9, s.88 )

c) Allah Rəsulunun (s) sünnəsində ağlamaq və göz yaşı tökmək 

I. Yaşlı gözlərə sahib olmağı arzulamaq 

Əl-Qurtubinin təfsirində Allahla münacatı zamanı Həzrət Peyğəmbərin (s) Allahdan belə bir istəyinə işarə olunub: “Ya Allah! Məni Sənin üçün ağlayanlardan və xuşu edənlərdən qərar ver!” (Əbu Abdullah əl-Qurtubi, əl-Cami li-Əhkam əl-Quran, c.11, s.215 )

O Həzrətdən (s) nəql olunan başqa bir duada deyilir:  “Ya Allah! Mənə ağlayan gözlər inayət elə!” (Muhəmməd əl-Munəvi, Feyz əl-qədir, c.2, s.181 )

Həqiqətdə Allah Rəsulu (s) dua və münacatlarının arasında Allahın razı olduğu batini arzusunu Allahdan istəmişdir. Əgər bu iş Allah tərəfindən dəstəklənməsəydi, heç vaxt Həzrət (s) öz münacatında belə bir arzunu Allahdan istəməzdi.

II. Atəşin heç vaxt yandırmayacağı gözlər 

Peyğəmbərdən (s) iki qrupun mədhi haqqında belə bir hədis nəql olunur: “İki göz cəhənnəm atəşindən amandadır: Allah qorxusundan ağlayan göz və camaatın canını, namusunu və əmin-amanlığını qorumaq üçün gecələr yatmayan göz.”( Əbu İsa ət-Tirmizi, əs-Sunən, c.3, s.96 )

III. Allaha görə ağlamaq 

Əl-Buxari öz «əs-Səhih»ində Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edir:

“Yeddi qrupu Allah Öz rəhmətinin kölgəsində qərarlaşdıracaq … Yanında Allah xatırlananda gözlərindən yaş gələn kəsləri.” (Muhəmməd ibn İsmayıl əl-Buxari, əs-Səhih c.7, s.185 )

IV.Allah qorxusundan ağlamaq 

Ət-Tirmizi öz “əs-Sünən”ində belə nəql edir:

Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Allah qorxusundan ağlayan kəs cəhənnəmə daxil olmayacaq.” (Əbu İsa ət-Tirmizi, əs-Sünən, c.3, s.380 )

V. Dünyada ağlamaq axirətdə ağlamağın qarşısını alır 

Hafiz əl-İsfahani öz kitabında Peyğəmbərdən (s) belə bir hədis nəql edir: “Dünyada günahlarına görə ağlayan kəsin üzünə Allah cəhənnəmi haram edər.” (Hafiz əl-İsfahani, Zikru əxbari İsfahan, c.2, s.171 )

1. Həzrət Həmzənin şəhadətində Həzrət Peyğəmbərin ağlaması 

Əbd əl-Müttəlibin oğlu Həmzə İslamın qəhrəman və seçilmiş simalarından idi. O, Uhud döyüşündə şəhadətə çatdı. Allah Rəsulu əmisinin şəhadətə çatmasına çox qəmgin oldu. Həzrət əmisi Həmzəni “Seyyidüş-şühəda” (şəhidlər sərvəri) adlandırdı və onun ayrılığına ağladı.

Uhud döyüşündə Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadət xəbəri Həzrətin (s) qəlbində dərin bir təsir qoydu. Çünki Həzrət (s) tövhid məktəbinin ən böyük müdafiəçilərindən və özünün düzgün himayəçilərindən birini əldən vermişdi.

Buna görə də bu dərdli hadisənin müqabilində haqq olan Allahın elçisinin reaksiyası onun tabeçiləri üçün əbədi nümunədir.

Həzrətin əmisi Həmzənin əzasında ağlaması o qədər şiddətli idi ki, İbn Məsud bu barədə deyir: “Biz Allah Rəsulunun (s) əmisi Həmzəyə ağladığı kimi kimsəyə ağladığını görməmişdik. Həzrət (s) onu qibləyə tərəf qoydu. Sonra cənazənin yanında dayandı, o qədər uca səslə ağladı ki, qəşş etmək halına yetişdi. Sonra cənazəyə xitabən buyurdu: “Ey Allah Rəsulunun (s) əmisi! Ey Həmzə! Ey Allahın şiri! Ey Allah Rəsulunun (s) şiri! Ey Həmzə! Ey yaxşı işlər görən! Ey Həmzə! Ey çətinlikləri həll edən! Ey Həmzə! Ey Allah Rəsulunun (s) çətinliklərini uzaqlaşdıran!”

Lakin Həzrət Peyğəmbərin (s) ağlamaq macərası Həzrətin (s) Uhud döyüşündən qayıdan zaman Mədinə camaatının evlərindən şəhidlər üçün qalxan ağlamaq səsləri ilə başladı: 

“Həzrət Peyğəmbər (s) Mədinə camaatının (Bəni Əbd Əl-Əşhəl və Bəni Zəfər qəbilələrinin) evlərinin yanından keçərkən onların öz şəhidləri üçün ağlamaq və növhə səslərini eşitdi. Həzrətin (s) gözləri doldu və ağladı. Sonra isə buyurdu: “Lakin əmim Həmzənin ağlayanı yoxdur.” Səd ibn Məaz və Useyd ibn Həzir Bəni Əbd əl- Əşhəl qəbiləsinin evlərinə qayıdarkən onların qadınlarına göstəriş verdilər ki, öz qəm-qüssələrini sinələrində dondurub əvvəlcə Həzrət Peyğəmbərin (s) əmisi Həmzə üçün ağlayıb əzadarlıq etsinlər.” (İbn Cərir ət-Təbəri, ət-Tarix, c.2, s.210; İbn Hişam, Əs-Sirə ən-Nəbəviyyə, c.3, s.613; İbn Hibban, Əs-Siqat, c.1, s.234; İbn Kəsir, əl-Bidayə və ən-Nihayə, c.4, s.54-55)

Bundan sonra Peyğəmbərin (s) bu göstərişini eşidən hər kəs hər hansı bir şəhidə ağlamamışdan əvvəl birinci Həmzəyə ağlayardılar: “Peyğəmbərin (s) “Əmim Həmzənin ağlayanı yoxdur!” kəlamını eşidəndən sonra heç bir qadın öz ölüsünə Həmzə üçün ağlamazdan əvvəl ağlamadı.” (İbn Həcər əl-Heysəmi, Məcmə əz-Zəvaid, c.6, s.126)

Möminlər və Həzrət Peyğəmbərin (s) düzgün davamçıları Həzrətin (s) əməli sünnəsini öz əməllərinin meyarı hesab edir. Buna görə də Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadətində təşkil etdiyi əzadarlıq övliyaların, din rəhbərlərinin şəhadəti münasibətilə keçirilən əzadarlıqlara şəri bir meyardır.

2. Cəfər ibn Əbi Talibin (Cəfər Təyyar) şəhadətində Həzrət Peyğəmbərin ağlaması 

Cəfər ibn Əbi Talib Təyyar Mutə döyüşünün komandirlərindən idi. Allahın Rəsulu (s) Cəfərin şəhadət xəbərini eşidən kimi onun övladlarının yanına getdi. Evə daxil olan kimi Cəfərin uşaqlarını səslədi. Mübarək gözlərindən yaş axa-axa o uşaqları iylədi.

Cəfərin həyat yoldaşı nəyinsə baş verdiyini hiss etdiyi üçün Həzrətdən (s) soruşdu: “Atam-anam sənə fəda olsun, sizi ağladan nədir? Cəfər və onun yoldaşlarından sizə bir xəbərmi yetişib?”

Buyurdu: “Bəli, onlar bu gün şəhid oldular. Ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar.” (6 İbn Əbd əl-Birr, əl-İstiab, c.1, s.313; İbn əl-Əsir, Usd əl-ğabə, c.1, s.241; İbn Həcər əl-Əsqəlani, əl-İsabə, c.2, s.238; İbn əl- Əsir, əl-Kamil fi ət-tarix, c.2, s.420)

Həzrət Peyğəmbərin əməli üsulu və sünnəsi (s) ölənlərə ağlamağı və əzadarlıq mərasimlərini təsdiq etməsindən əlavə qeyd olunmuş bu nümunələr Həzrətin (s) imzası hesab olunur. Çünki ağlayıb əzadarlıq edən müsibət sahiblərinə Həzrət (s) bu işi qadağan etmədi. Əksinə, bu qadağanı qoymamaqdan əlavə Həzrətin (s) özü əzadarlıq edib ağlayır.

3. Zeyd ibn Harisənin şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması 

Zeyd ibn Harisə də Mutə döyüşünün komandirlərindən idi. Belə ki, o, Allah Rəsulunun (s) göstərişi ilə Cəfər ibn Əbi Talib və Abdullah ibn Rəvahə ilə birlikdə müharibənin rəhbərliyini öz öhdəsinə götürmüşdü. Onun şəhadət xəbəri bildirilən kimi Allah Rəsulu (s) onun evinə getdi. Zeydin qızı Həzrəti (s) görən kimi boğazını qəhər tutdu və uca səslə ağlamağa başladı. Həzrət (s) də ağladı. Soruşdular ki, “niyə ağlayırsınız?” Həzrət (s) buyurdu:

“Dostun dosta olan məhəbbətindən (ağlayıram).” (Muhəmməd əl-Munəvi, Feyz əl-qədir, c.3, s.695)

4. Peyğəmbərin (s) Əbd əl-Müttəlib üçün ağlaması 

Həzrət Əbd əl-Müttəlib dünyasını dəyişəndən sonra Allah Rəsulu (s) əziz babası üçün ağladı. Ümmü Əymən deyir: “Mən Allah Rəsulunu (s) Əbd əl-Müttəlibin yatağının aşağı tərəfinə gedərək ağladığını gördüm.”

5. Peyğəmbərin (s) Fatimə bint Əsəd üçün ağlaması 

Əbu Talibin həyat yoldaşı və Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd Həzrət Peyğəmbərin (s) yanında sevimli kəslərdən idi. O da həmçinin Həzrəti (s) müdafiə etmək üçün çox səy göstərmişdi. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər (s) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarixçilər belə deyir: “Peyğəmbər (s) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.” (Muhib əd-Din ət-Təbəri, Zəxair əl-uqba, s.56)

FaktXeber.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button