ArxivXəbər lentiXəbərlər

AİP islamçıların həbsinin 4 ilini qeyd etdi

Azərbaycan İslam Partiyasının qərargahında qurumun lideri Mövsüm Səmədovun həbsinin 4-cü ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransda partiya rəhbərliyi ilə yanaşı, respublikada fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumların rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, ilahiyyatçılar və mətbuat işçiləri iştirak ediblər.
Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli 4 il əvvəl – 2011-ci il yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun məlum çıxışını xatırladıb və deyib ki, Mövsüm Səmədovun həbsinə səbəb ölkədəki duruma, ictimai-siyasi vəziyyətə, İslamafobiya, rüşvətxorluq və korrupsiya hallarına, insan hüquqlarının pozulmasına, inanclı kəsimə qarşı təqib və təzyiqlərə verdiyi dolğun qiymət olub: “Əlbəttə, bu bir bəhanə idi. Mövsüm Səmədov və digər İslamçı liderlərin, ilahiyyatçı alimlərin həbsi çoxdan planlaşdırılırdı. Sözügedən çıxış, sadəcə, bəhanə idi. Vaqif Abdullayevin həbsxanada dünyasını dəyişməsi, Abgül Süleymanovun, Taleh Bağırovun, Elşən Mustafaoğlunun və digərlərinin həbsi də belə insanların cəmiyyətdən təcrid olunmasına hesablanmışdı. Bütün bunlar sionizmin sifarişi idi, xaricdən diktə olunurdu. Və elə indi də həbsxanada onlara qarşı ayrı-seçkilik edilir, barələrində müxtəlif cəza tədbirləri görülür, bir cəzaçəkmə müəssisəsindən digərinə köçürülür və s.”
A.Heydərli daha sonra sonuncu əfv fərmanına toxunaraq bildirib ki, bu siyahıda tanınmışların, ölkə ictimaiyyətinin ilk növbədə azadlıqda görmək istədiyi, bunun üçün tələb irəli sürdüyü adamların adlarının yer almaması ABŞ-ın, Qərb dövlətlərinin də marağında idi: “Biz günahsız, qondarma ittihamlarla həbs olunan bu insanların azadlığı üçün dəfələrlə beynəlxalq təşkilatlara, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə müraciət etmişik. Buna baxmayaraq nə Hacı Mövsümün, nə də onun kimi günahsız həbs olunan digər İslamçıların azad edilməsi məsələsinə ən yaxşı halda biganə qaldılar. Biz hesab edirik ki, M.Səmədovun, adlarını qeyd etdiyimiz başqa ilahiyyatçıların heç bir təqsiri olmadığı halda əfv diləməsi bütövlükdə cəmiyyətimizə, xalqın mənəviyyatına ağır zərbə olardı. Həmin adamlar özləri də bunu əsas tutaraq, əfv diləmək fikrində deyillər. Vətənini sevən bu adamların vətənə xəyanət maddəsi ilə suçlanması gülüncdür. Amma İslamçı qardaşlarımızın həbsi bizi heç cür rahat buraxa bilməz. Biz onların azadlığı üçün bundan sonra da qanun çərçivəsində əlimizdən gələni edəcəyik”.
AİP-in sədr əvəzi Elçin Manafov da diqqəti M.Səmədovun 4 il əvvəlki çıxışına yönəldərək bildirib ki, onun həbsindən bu qədər vaxt keçməsinə baxmayaraq, yeri hələ də görünür: “AİP liderinin həbsinə qərar verməklə, onu cəmiyyətdən təcrid etməyə çalışırdılar. Ona qarşı qərəz indi də davam etməkdədir. Amma hər şey əksinə oldu, Hacı Mövsümün həbsi onun nüfuzunu gündən-günə artırdı, ümumxalq məhəbbəti qazandırdı. Biz AİP olaraq bundan sonra da onun və digər İslamçı məhbusların müdafiəsini təşkil etməli, azadlığı qovuşmasına nail olmalıyıq”.
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bütövlükdə AİP-in fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu qurum özünün fədakarlığı, vətən yolunda, mənəvi dəyərlərin qorunması uğrunda canını fəda etməsi ilə həmişə diqqət mərkəzində olub: “AİP həmişə bu müqəddəs yükü çiynində daşıyıb. Bəs, İslamçılar nəyə görə təzyiqlərə məruz qalırlar? Bunun sadə bir izahı var: onlar Azərbaycanın maraqlarını heç kimə, heç bir dövlətə, beynəlxalq təşkilata güzəştə getməyiblər. AİP ümumiyyətlə Azərbaycan insanının ədalətsiz ittihamlarla həbsinə göz yummur, biganə qalmır. Hacı Mövsüm 4 il əvvəlki çıxışı ilə yaddaşlarda, ölkə tarixində iz qoydu. Həmin çıxış onun özü ilə bərabər, eyni zamanda AİP-in də nüfuzunu artırmış oldu”.
Həbsdəki İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Natiq Kərimov isə həlli vacib olan məsələni – İslamçıların, ilahiyyatçıların vəhdətinin təşkili məsələsini önə çəkdi: “İnsan hüquqlarının pozulmasına qarşı mütəmadi, qətiyyətli fəaliyyət göstərənlər yeganə olaraq İslamçılardır. Biz tanınmış ilahiyyatçılarla, din alimləri və hüquq müdafiəçiləri ilə birgə işləməli, onların vəhdəti istiqamətində işlər görməliyik. Müxtəlif nüfuzlu təşkilatlara müraciətlərimizdə də onlardan istifadə olunmalı, belələrinin iştirakı ilə konfrans keçirilməlidir”.
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova diqqəti insan hüquqlarının pozulmasına yönəldərək, Azərbaycanın bu sahədə çox acınacaqlı durumda olduğunu vurğuladı: “Əlbəttə, məscid inşa etmək savabdır, yaxşı əlamətdir. Amma məscid tikintisi ilə günahsız İslamçıların, İlahiyyatçıların həbs olunması bir araya sığmır, bir-biri ilə ziddiyyət təşkil edir. Əgər Allah evi inşa edən səlahiyyətli şəxslər bunda səmimidirlərsə, onda həbsxananın qarşısına gedib Mövsüm Səmədov və digər günahsız İslamçıları azadlığa buraxmalıdırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button