ArxivXəbər lentiXəbərlər

Mübariz Qurbanlını dinin başına gətirən yol

Dini proseslərdən kifayət qədər uzaq adam sayılan Qurbanlının DQİDK sədri təyin olunması bu sahəyə nəzarətin, dini icmalara isə təzyiqin güclənəcəyinə işarədir…

İyulun 21-də ölkə başçısı YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin etdi. Komitə sədri postu bu il mayın 2-də Elşad İskəndərov vəzifəsindən azad edildikdən sonra təxminən 80 gün müddətində boş qalmışdı. Və gözlənilmədən dövlət başçısı həmin posta belə deyilərsə, “yad” adamı gətirdi.
Son illər baş verənlərin fonunda Dini Komitə sürətlə öz əhəmiyyətini artırmaqda və strateji dövlət qurumuna çevrilməkdədir. Bu mənada M.Qurbanlı post üçün gözlənilməz namizəd oldu. Daha çox politoloq və siyasətçi kimi tanınan, dini fəaliyyətlə aşağıdan-yuxarıya əlaqəsi olmayan Mübariz Qurbanlının Azərbaycan dövlətinin din siyasətini həyata keçirən, dini fəaliyyətə nəzarət edən bir quruma sədr gətirilməsi birmənalı qarşılanmadı və müxtəlif yozumlara səbəb oldu.
Məsələ ondadır ki, Azərbaycanda dini sahədə ciddi problemlər mövcuddur və hökumətin bu sahəyə yönəlik konkret siyasəti mövcud deyil. Üstəgəl, son illərdə Suriya, eləcə də İraqda davam edən müharibələr Azərbaycanda da məzhəblərarası münasibətlərə təsir edib. Hökumət xaricdə gedən döyüşlərə qatılan azərbaycanlıların qarşısını almaq üçün bir sıra tədbirlər görüb, QMİ Suriyada savaşın cihad sayılmadığı ilə bağlı fətva verib, dindarları geri çağırıb, rəsmi media radikal təkfirçi qruplara qarşı kampaniya başladıb, ölkə boyunca radikalizmə qarşı tədbirlər keçirilib.
Bütün bunların fonunda mayın 2-də qəflətən komitə sədri Elşad İskəndərov vəzifədən çıxarıldı. Onun konkret hansı səbəbdən işdən azad edildiyi bilinməsə də, hökumətə yaxın mediada sədrin nurçu camiə ilə əlaqələrinə görə vurulduğu iddia edilirdi. İskəndərovun işdən azad edilməsindən sonra postun uzun müddət boş qalması müəyyən amillərlə izah olunurdu.
Əvvəla, güman edilirdi ki, hakimiyyət posta daha çox etimad göstərilən, təcrübəli, dini proseslərə nəzarət etmək imkanlarına malik şəxsi gətirəcək. Hətta yeni sədrin müəyyən olunması prosesinin iki aydan artıq uzanması bu istiqamətdə ciddi tərəddüdlərin və sədrlik üçün şərtlərin daha mürəkkəb olduğunu göstərirdi…
Mübariz Qurbanlının təyinatı ilk növbədə onu göstərir ki, hakimiyyət dini qruplar üzərində təzyiqləri daha da artırmaq niyyətindədir. Sədr postuna “kənar” şəxsin gətirilməsi buna işarə sayıla bilər. Eyni zamanda hakimiyyətin dini fəaliyyət üzərində nəzarətinin artacağı, icmaların fəaliyyətinin təftiş olunması prosesinin güclənəcəyi gözlənilir. Bir sözlə, DQİDK dini qurumlar üzərində hökumətin təzyiq siyasətini həyata keçirən orqana çevriləcək.
Sədr postuna YAP rəhbərliyinə daxil olan şəxsin gətirilməsi bu qurum üzərində hakim partiyanın nəzarət əldə etməsi kimi də qiymətləndirilir. Maraqlıdır ki, ötən ilin payızında YAP sədrinin birinci müavini Əli Əhmədov baş nazirin müavini təyin olunub. Eyni zamanda ölkədə ictimai rəyə ciddi təsir rıçaqı hesab olunan Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov və Elmlər Akademiyasının prezidenti Akif Əlizadə YAP sədrinin müavini təyin olunublar. Ölkədə ictimai rəyin formalaşmasında əsas gücə sahib olan və böyük bir əhali kütləsini özündə birləşdirən dini sahəyə məhz YAP kadrının gətirilməsi hakimiyyətin bu sahədə möhkəmlənmək və nəzarəti daha da artırmaq istəyi kimi qiymətləndirilə bilər.
Əslində əksəriyyətin düşüncəsinin əksinə olaraq DQİDK dini bir təşkilat deyil, hökumətin dini qurumların fəaliyyətinə nəzarətini həyata keçirən orqandır. Azərbaycanda formal dini idarə funksiyası isə QMİ-yə verilib. Bu səbəbdən hər iki qurum arasında bir qayda olaraq münaqişə yaşanıb. Baxmayaraq ki, DQİDK sədrləri vəzifəyə təyin olunmamışdan öncə şeyxülislamla yaxın dostluq münasibətlərinə sahib olublar. Hazırkı sədr Mübariz Qurbanlının da Şeyxlə yaxşı münasibətlərinin olduğu bildirilir.
Komitə Azərbaycan hakimiyyətinin dini sahədə pərakəndəliyi aradan qaldırmaq üçün 2001-ci ilin iyununda yaradılıb. DQİDK-nın ilk sədri Elmlər Akademiyasının əməkdaşı, şərqşünas, ərəb ölkələrində iş təcrübəsinə malik Rafiq Əliyev olub. R.Əliyev sədr postunda 5 il çalışıb. Bu dövr komitənin formalaşması ilə yanaşı, QMİ ilə DQİDK arasında gərgin münasibətlərin olması ilə yadda qalıb. Hətta 2006-cı ildə R.Əliyev QMİ sədrinin bütün Qafqazın şeyxi olmadığı haqda açıqlama verməsi ilə münasibətlər pik nöqtəyə çatmışdı. 2006-cı ilin iyulunda R.Əliyev postunu itirdi və onun yerinə keçmiş prezident müşaviri Hidayət Orucov təyin olundu. 15 ilə yaxın Azərbaycan prezidentinin milli məsələlər üzrə müşaviri postunda çalışmış H.Orucov ixtisasca filoloq idi və onun vəzifədə olduğu 6 il ərzində ölkədə dini zəmində münasibətlər daha da gərginləşdi. Bir sıra məscidlər qapadıldı, dini sahədə qadağalar sərtləşdirildi.
Din sahəsində vəziyyətin həddən artıq gərgin olduğu bir vaxtda H.Orucov vəzifədən kənarlaşdırıldı və onun yerinə nisbətən gənc, diplomat, İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İskəndərov gətirildi. E.İskəndərov vəzifəyə təyin olunduqdan sonra dini sahədə yaranmış gərginlik nisbətən aşağı düşsə də, Yaxın Şərqdə başlayan müharibələr səbəbi ilə azərbaycanlıların bu bölgələrə döyüşlərə qatılması və məzhəblər arasında münasibətlərin gərginləşməsi tendensiyası artdı. Hökumət dini radikalizmi təbliğ edən və xarici ölkələrə döyüşçü göndərməkdə ittiham olunan bəzi icmalarda “təmizləmə” işləri apardı. Daha sonra başlayan nurçu ovu fonunda komitə sədri postunu itirdi.
İyulun 22-də yeni sədr Mübariz Qurbanlının Dini Komitədə təqdimatı keçirilib. DQİDK-nın rəsmi saytında verilən məlumatda qeyd olunur ki, təqdimat mərasimində Prezident Administrasiyasının İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla iştirak edib. Maraqlıdır ki, daha əvvəlki iki komitə sədrinin təqdimatında bu səviyyədə yüksək vəzifəli dövlət rəsmisi iştirak etməyib. Bu da hakimiyyətin din sahəsində diqqətinin daha da artmasının daha bir nümunəsi hesab oluna bilər. /musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button