ArxivXəbərlər

Son 10 ildə Azərbaycanda iki jurnalist öldürülüb, hazırda 6 bloger həbsdədir

Bahar Muradova müstəqil QHT-ləri hər zaman dinləmyə hazır olduğunu deyib

İyunun 29-da ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair xüsusi dinləmələr keçirilib.
“Turan İA” xəbər verir ki, dinləmələrin moderatoru ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri, portuqaliyalı deputat İzabel Santos olub.
İzabel Santos dinləmələrin assambleya üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Çünki ATƏT-in bütün fəaliyyət istiqamətlərində vətəndaş cəmiyyətinin iştirakı vacibdir və bu məqsədlə parlament assambleyası qeyri-hökumət təşkilatlarının rəylərini dinləyir”.

Tədbirdə üç məruzə dinlənilib.
İnternational media support (İMS) təşkilatının proqram meneceri Gülnarə Axundova vətəndaş cəmiyyətinin problemlərindən danışıb. O, “nəhayət, parlamentin vətəndaş cəmiyyətinin rolunun vacibliyini başa düşməsindən, bu tədbiri ləğv etməməsindən, hətta tərcüməçi təqdim etməsindən” məmnun olduğunu bildirib.
Xanım Axundova xatırladıb ki, bir ay öncə həmin Fairmont hotelinin rəhbərliyi ATƏT deputatları üçün analoji tədbirin keçirilməsi ilə bağlı QHT fəallarının təklifindən imtina etmişdi.
O, Azərbaycanda vətəndaş cəmiyyətinin gələcək mövcudluğu ilə bağlı narahatlığını bildirib. “Mənim tərəfdaşlarımın əksəriyyəti fəaliyyət göstərə bilmir. Hökumət onlara ayrılan qrantı qeydiyyata almaqdan imtina edir. Bir sıra yerli və xarici QHT-lərə, o cümlədən İMS-ə qarşı cinayət işi qaldırılıb. Araşdırmaçı jurnalist Aynur İmranova bizim təşkilatın ona ayırdığı kiçik qrantı ala bilməyib. Çünki hüquq-mühafizə orqanları onun şəxsi bank hesabına həbs qoyublar” deyə Gülnarə Axundova bildirib. Və İMS-nin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ayırdığı qrantın Ədliyyə Nazirliyi tərəfindən imtina edilməsini xatırlafıb.

Proqram meneceri həmçinin üç QHT liderinin həbsdə saxlandığını bildirib.

RATİ-nin direktoru Emin Hüseynov isə diqqəti ifadə azadlığı ilə bağlı problemlərə yönəldib. O, ifadə azadlığının reallaşmasına görə 10 jurnalistin həbsdə saxlandığını deyib. “Son 10 ildə Azərbaycanda iki jurnalist öldürülüb – Elmar Hüseynov və Rafiq Tağı. Bu qətllərin üstü açılmayıb” –deyə o söyləyib.
Sonra o, ölkənin bütün telekanallarının hakimiyyətin nəzarətində olduğunu bildirib. “Digər tərəfdən, müstəqil medianın yaşaması üçün reklam bazarı olmalıdır ki, bu da iqtisadiyyatdakı inhisar səbəbindən məhdudlaşdırılıb. Çap mətbuatı aşağı tirajla nəşr edilir ki, bu da yalnız Bakı və Sumqayıtı əhatə edir. Cəmi iki müxalifət qəzeti qalır. Digər müxalifər qəzeti olan “Zerkalo” maliyyə problemləri səbəbindən bir ay əvvəl nəşrini dayandırıb” – Emin Hüseynov belə deyib.
on-line ifadə azadlığına gəlincə, E.Hüseynov qeyd edib ki, texniki baxımdan İnternetə giriş bloklanmır. Lakin hökuməti tənqid edənlərə qarşı təzyiqlər var. Hazırda 6 bloger və sosial media fəalı həbsdədir və bu, özünüsenzuraya xidmət edir.

Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbri Rəsul Cəfərov diqqəti siyasi məhbuslar probleminə yönəldib.

Onun sözlərinə görə, təkcə jurnalistlər, blogerlər və hüquq müdafiəçiləri deyil, gənc fəallar, müxalifət partiyalarının fəalları, dindarlar da cinayət təqiblərinə məruz qalırlar.
Rəsul Cəfərov deyib ki, ölkənin 11 QHT-i vahid siyahı tərtib ediblər və bura 81 siyasi məhbusun, o cümlədən Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınan 19 nəfərin adı daxildir.
Dinləmələri hökumətyönlü QHT-lərin böyük sayda nümayəndələri, həmçinin dinləmələri Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Rəbiyət Aslanova, deputat Azay Quliyev izləyiblər.
Lakin əvvəlki illərin praktikasından fərqli olaraq hökuməti tənqid edənlərə qarşı aqressiya nümayiş etdirilməyib, sadəcə deyilənlər təkzib edilib.
Deputat Azay Quliyev deyib ki, obyektiv informasiyanın formalaşması üçün Azərbaycan hökumət nümayəndələrinin dəvəti də vacibdir.
“Hökumətin tənqidi dinləməsi üçün o, obyektiv olmalıdır” – Azay Quliyev vurğulayıb.
O bildirib ki, rəhbərlik etdiyi QHT-lərə Dövlət Dəstəyi Şurası hər zaman dialoqa açıqdır və vətəndaş cəmiyyəti institutlarını narahat edən problemlərin həllinə yardım göstərir.
Vitse-spiker Bahar Muradova müzakirələrin sona yaxınlaşması barədə moderatorun xəbərdarlığı ilə əlaqədar diskussiyanın uzadılmasını xahiş edib ki, vətəndaş cəmiyyətinin digər nümayəndələrini də dinləmək mümkün olsun.
“Mən qürur duyuram ki, bizdə güclü vətəndaş cəmiyyəti var və onun nümayəndələri cəsarətlə öz fikirlərini söyləyə bilir. Lakin başqa fikirli insanlar da var, onları da dinləmək lazımdır. ATƏT PA-da vətəndaş cəmiyyəti ilə müzakirələrin aparılmasının təşəbbüsçüsü məhz Azərbaycan nümayəndə heyətidir” – viste-spiker xanım Muradova belə deyib.

Bundan sonra müzakirələrin müddəti yarım saat uzadılıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, vəziyyət məruzəçilərin təqdim etdikləri qədər də pis deyil. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda cəmi 1 QHT ləğv edilib. QHT-lərə qarşı cərimələr artırıldıqdan sonra isə iki il öncə qrantın qeydə alınmamasına görə 1 QHT cəzalandırılıb: “Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasında qrantların qeydiyyatı probleminin həlli üzrə hökumətlə birgə işçi qrupu yaradılıb.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT haqqında qanunvericilikdə diskriminasiya ilə bağlı normanın olmadığını bildirib. Onun sözlərinə görə, diskriminasiya beynəlxalq donorlar tərəfindən aparılır: “Son illərdə ayrılan 22 milyon avro həcmində qrantın 85 faizi 22 QHT-yə verilib, yəni, vəsait eyni təşkilatlara verilir”.
Tədbir başa çatdıqdan sonra jurnalistlərin iştirakı ilə Azərbaycan parlamentinin deputatları və vətəndaş cəmiyyətinin məruzəçiləri arasında qeyri-rəsmi söhbət olub.
Bahar Muradova onları hər zaman dinləməyə hazır olduğunu bildirib. O, hökumət və parlamentə təqdim olunmaq üçün bütün təkliflərin QHT-lərə Dövlət Dəstəyi Şurasına verilməsini tövsiyə edib./meydan.tv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button