ArxivFatimi yaşayişIslammədəniyyatNardaranSosialXəbər lentiXəbərlər

MBH sədri həbsxanadan yazır: Əziz generalım! Şəhidlərimizə salamımızı çatdır

Bu barədə MBH mətbuat xidməti məlumat verib.
Məktubu təqdim edirik:
Həbsxanadan şəhid generala məktub.
Mərhəmətli və Mehriban Allahın adı ilə.
Salam, əziz generalım Polad Həşimov! Sizə məktub yazmaq, müraciət etmək o qədər qürurvericidir ki, sətirlərim bu ali hissləri ifadə etməkdə acizdir. Axı torpaqları düşmən tapdağı altında inləyən bir millətə, illərdən bəri həsrətini çəkdiyi bir “Generalım”, xüsusən “Şəhid generalım” söyləmək doğmalığı, qürur və fəxarətini bizə məhz sən yaşatmaqdasan. Məgər bu hissləri, duyğuları sözlərlə canlandırmaq mümkündürmü? Bu bir həqiqətdir ki, sən torpaqları əldən verərək geri çəkilib dəbdəbəli həyat tərzi sürən generallardan deyil, tam əksinə canını vətən uğrunda qurban verərək döyüşən, sadə həyat tərzi ilə öz əsgərlərinin yanında duran, addım-addım şəhidlik zirvəsinə ucalan əfsanəvi bir generalsan. Sən bizim generalımızsan. Dünyada qürur duyacağımız şəhid generalımız! Sən bizim Poladımızsan! Sən bizə təkcə hərbdə deyil, həyatımızın bütün sahələrində polad kimi durmağı, sona qədər mübarizə aparmaq əmanətini qoyub getdin. Şəhid generalım, bundan əmin ol ki, sonuna qədər sənin bu dəyərli əmanətinə sahib çıxacağımıza sədaqət andı içirik. Nə yaxşı ki, uca Rəbbimiz, səni bu millətə bəxş etdi. Axı bu əziz xalqın döyüş ruhunu oyadacaq, onu qələbələrə daşıyacaq mənəvi bir generalın varlığına o qədər ehtiyaclı idik ki… Məhz bu məqamda Xızır kimi yardımımıza yetişən də sən oldun! Bəli, sən öz şəhadətinlə böyükdən kiçiyinə hər bir fərdi müqəddəs amal uğrunda birləşdirərək mənfur düşmənə qarşı savaşda qətiyyətli bir əsgərə çevirdin. Generalım, biz sənin əsgərlərinik və döyüşə tam hazırıq. Körpə Zəhraya qıyacaq qədər alçalmış düşmənlərimizin sənə qıyacaq xain əllərini Allahın yardımı ilə mütləq kəsəcəyik. Zatən mənfur düşmənimiz tülkü kimi təhlükənin yaxınlaşmasını daim hiss etməkdədir. İllərdir unudulmaz milli qəhrəmanımız Mübariz İbrahimovun kabusundan ayılmamış düşmən, yeni bir vahiməli kabusla, general Polad Həşimovla üz-üzə qalaraq qorxulu röyalarını davam etdirməkdədir. Bəli, heç kəsdə zərrə qədər də olsa şübhə olmasın ki, Azərbaycanımızın qeyrətli oğulları bir gün mütləq səksəkə içində olan düşmənin varlığına hakim olan qorxusunu həyat reallığına çevirəcəkdir. İşğal altında olan torpaqlarımızı, Qarabağımızı azad edərək üç rəngli ay-ulduzlu şanlı bayrağımızı uca zirvələrə, məscid minarələrinə sancacadır. Elə xalqımızın qeyrətli oğullarını belə bir məqsədə doğru istiqamətləndirən də siz şəhidlərsiniz. Şübhəsiz, birinci Qarabağ savaşından günümüzə qədər vətən torpağının hər bir qarışı uğrunda şirin canından keçən bütün şəhidlərimiz işğal altındakı qaranlıq torpaqlarımızın azadlığa gedən yollarına işıq saçmaqdadırlar. Odur ki, hər birinizin adı, xatirəsi bizim üçün Qarabağın azadlığı deməkdir. Əziz Generalım! Şəhidlərimizə səmimi salamlarımızı çatdırmağı, fani dünyada olan bizləri xüsusi dua etməyi acizanə surətdə sizlərdən təmənna edirik ki, bizlər də siz şəhidlərin şərəfli karvanına qoşula bilək.
İmam Hüseyn (ə) məktəbinin dəyərli və ləyaqətli davamçılarına Allahın salamı olsun.
Tale Bağırzadə.
Qobustan həbsxanası.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button