ArxivXəbər lentiXəbərlər

Məhkəmə Cahangir Hacıyevin daha bir şikayətini təmin etmədi

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin cəzasının azaldılmamasına dair məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

C.Hacıyev bir müddət əvvəl Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, məhkəmə müraciəti təmin etməyib.

Qərarla razılaşmayan C. Hacıyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Qeyd edək ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C. Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C. Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılaraq 16 il 3 aya endirilib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button