ArxivFatimi yaşayişIslammədəniyyatXəbər lentiXəbərlər

“Lavrovun açıqlaması Ermənistana yox, Paşinyana təzyiqdir”

  • Rusiyanın Xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama verib

12-16 iyul tarixlərində Ermənistan və Azərbaycan arasındakı sərhəd münaqişəsi 2016-cı ilin aprelindən sonra ikinci ən genişmiqyaslı münaqişə olub. Son 26 il ərzində ilk dəfə olaraq artilleriya, minaatan və zərbəçi pilotsuz uçan aparatlardan istifadə edilən döyüşlər Qarabağda deyil, iki ölkə arasındakı dövlət sərhədində baş verib.

Bu barədə Moskvanın “Trud” (“Əmək”) qəzetinə müsahibəsində RF XİN başçısı Sergey Lavrov bildirib.

Gərginliyin səbəbinə toxunan Lavrov qeyd edib: “Ermənistan tərəfin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km məsafədə yerləşən köhnə sərhəd nəzarət-buraxılış məntəqəsini bərpa etmək qərarı bəzilərinin narahatlığının artmasına, digərlərinin əsassız cavab reaksiyasına səbəb oldu və nəticədə təxminolunmaz nəticələri ola biləcək qarşıdurmaya gətirib çıxardı”.

Vəziyyəti sabitləşdirmək üçün bu il iyulun 13-də Rusiya XİN tərəflərə dərhal atəşi kəsmək çağırışı ilə müraciət edib. ATƏT MQ-nin rusiyalı həmsədri Popov hər iki ölkənin XİN rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb. Nəticədə, ilk cəhddə olmasa da, iyulun 16-da atəşkəs rejiminə keçilib.

“Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin ən qısa müddətdə bərpa ediləcəyinə ümid edirik. ATƏT-in Minsk Qrupundan olan tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik”, deyə Lavrov bildirib.

“Turan” İA S.Lavrovun etirafını sensasiya hesab edib:

“Belə ki, indiyədək Ermənistan tərəfi Azərbaycanın erməni mövqelərinə hücum etdiyini iddia edirdi. Bundan başqa, ermənilər sadəcə olaraq məntəqə qurmaq istəmirdilər, həm də Azərbaycan tərəfin hərəkətlərinə qeyri-adekvat reaksiya veriblər”.

Ancaq Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Ermənistana təzyiqlə Baş nazir Nikol Paşinyana təzyiqi fərqli sayır:

“Lavrovun açıqlaması Baş nazir Paşinyana təzyiqdir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyinin bir çox addımı Kremlin xoşuna gəlmir. Yəni Moskva Paşinyanı qəbul etmir. Çünki Kreml Ermənistanda başqa liderlərə istinad edir, əsasən sabiq prezident Köçəryana. Ona görə Moskvanın təzyiqini Yerevana təzyiq kimi qəbul etmək düzgün deyil”.

Rauf Mirqədirovun sözlərinə görə, Rusiyanın Ermənistanla bağlı ciddi problemi yoxdur:

“Bir şeyi anlamaq lazımdır ki, Dağlıq Qarabağ probleminin mövcud olduğu zamana qədər Ermənistan Rusiyanın vassallığında qalacaq. Problem həll olunmadıqca, Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək”.

Siyasətçi Azər Qasımlı Rauf Mirqədirovun fikirlərini bölüşür. O da hesab edir ki, Moskva XİN başçısının bəyanatıyla Baş nazir Nikol Paşinyana təzyiq göstərir:

“Paşinyan hakimiyyətdə olsa da, Rusiya onu hökumət başçısı kimi görmək istəmir. Bununla onu göstərmək istəyirlər ki, Rusiya mövcud hökumətlə yaxın deyil”.

Azər Qasımlının fikrincə, Lavrov məlum müsahibəsilə ölkəsinin Türkiyənin, Azərbaycanın və Avropanın marağında olan iqtisadi nəqliyyat layihələrinə qarşı hərəkət etmədiyini demək istəyib. “Yəni 12 iyul atəşkəsinin pozulması Ermənistan hökumətinin qərarıdır, Rusiya bu oyunda yoxdur”, – siyasətçi deyib.

İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub, döyüşlər gedir. Döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. Ermənistan Müdafiə Nazirliyi 7 hərbçisinin öldürüldüyünü təsdiq edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button