ArxivIslamXəbər lentiXəbərlər

Kommersiya məhkəmələrinin yaradılması nəyi dəyişəcək?

Milli Məclisin iyunun 13-də keçirilən plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
I oxunuşda qəbul olunan dəyişiklik kommersiya məhkəmələrinin yaradılması, iş mexanizmi ilə bağlıdır.
Qanuna əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Hüquqşünas Səməd Rəhimli deyib ki, kommersiya məhkəmələri iş adamları və şirkətlər arasında meydana çıxacaq ticari xarakterli mübahisələrə baxmaq üçün təsis edilib: “Əslində, indiyə kimi bunu inzibati-iqtisadi məhkəmələrin iqtisadi bölmələri həyata keçirirdi. Hazırda ayrıca kommersiya məhkəmələri yaradılmaqla bu səlahiyyət onlara ötürüləcək. Hazırkı qanun layihəsindən kommersiya məhkəmələrinin digər məhkəmələrdən xüsusilə nə ilə fərqlənəcəyi aydın deyil – yeganə fərqi kommersiya mübahisələrinə baxmaq olacaq. Prinsip etibarilə bu təşkilati-texniki xarakterli yenilikdir”.
Hüquqşünas deyir ki, kommersiya məhkəmələri üçün özünəməxsus iş prinsipi yaradılmır: “Ona görə də hazırkı məqamda kommersiya məhkəmələrini digərlərindən fərqləndirən ayrıca xüsusiyyətlər yoxdur. Sadəcə, dünənə qədər bu məhkəmələr inzibati-iqtisadi məhkəmələrin tərkibindi idi, indi ayrıldı. Bu yalnız bu işlərə baxan hakim sayının artımına töhfə verəcək. Əgər kommersiya məhkəmələri ilə bağlı islahat bundan ibarət olacaqsa, məhkəmə sisteminin hazırkı vəziyyətini nəzərə alsaq, xüsusi yenilik gözləmək əbəsdir”.
Səməd Rəhimli hesab edir ki, məsələnin daha aydın olması üçün digər qanunvericilik aktlarının qəbul edilməsini gözləməli olacağıq.
Hüquqşünas Əkrəm Həsənov isə bu dəyişikliyin mahiyyətcə hakimlərin ixtisaslaşmasına xidmət etdiyini deyib: “Azərbaycanda kommersiya mübahisələrini daha çox orta və iri sahibkarlar qaldırır. Bu da onun üçündür ki, orta və iri sahibkarların biznesi hansısa hakimin bisavad qərarından asılı olmasın”.
Əkrəm Həsənov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button