ArxivIslamXəbər lentiXəbərlər

İslam Partiyası Azərbaycan xalqını təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev AİP adından müqəddəs Ramazan ayının bitməsi və Fitr bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan təbrikdə deyilir:

“Əziz müsəlman qardaş və bacılar, əziz möminlər, möminələr! On bir ayın sultanı müqəddəs Ramaz ayının başa çatması və Fitr bayramı münasibətilə sizləri səmimi qəlbdən təbrik edirik. Allahın bu rəhmət və mərhəmət ayında tutduğunuz orucların, etdiyiniz duaların, Uca Yaradan qarşısında ibadət və itaətlərinizin qəbul olunmasını, günahlarınızın bağışlanmasını arzulayırıq. Hər birinizin evinizə, ailənizə bu ayın fəzilətinin, bərəkətinin, rəhmət və mərhəmətinin nazil olmasını Allahdan diləyirik.

Ramazan Allahın buyurduğu hikmət dolu bir aydır. Bu ayın əməlləri insanları və ümumən cəmiyyətləri birliyə, bərabərliyə, fərdləri nəfslərilə mübarizəyə çağırır. Başqa sözlə, Ramazan İlahi, mənəvi kamillik yolunun açarı sayılır. Bu ayın bütün fəzilətlərilə bəhrələnən insanlara Allahın böyük və tükənməz rəhməti nəsib olur.

Ramazan ayının ən başlıca ilahi dəyəri bu ayda müqəddəs Qurani-Kərimin yer üzünə nazil olmasıdır. Məhz bu ayın Qədr gecələrinin birində insanlığa ən doğru yolu göstərən, bu yolu xilqətə açıq dəlilləri ilə aydınlaşdıran, haqqı batildən ayıran Qurani-Kərim lövhi-məfhuzdan tam şəkildə nazil olub.

İlahi ziyafət ayı Ramazan həm də müsəlmanların vəhdət ayıdır. Bu ayda İslamın əzəməti daha da güclənir, insanların öz fitrətinə qayıdışı baş verir. Bu yüksək dəyərli əlamətlər qarşısında müsəlman torpaqlarına göz dikən, onlara zülm edən qəsbkar düşmənlər çox zəifdirlər. Qüdsün, Fələstin torpaqlarının, İraq, Suriya, Əfqanıstan, Kəşmir, Yəmən, Bəhreyn, Dağlıq Qarabağ torpaqlarının azad edilməsi məhz müqəddəs dinimizin, Ramazan ayının bizə təlqin etdiyi bu vəhdətdən, birliyimizdən keçir. Allahın köməkliyi ilə qələbə yaxındadır.

Ramazan mərhəmət ayıdır. Fitr gecəsi hər kəs yoxsul, ehtiyac içərisində olan bəndələri düşünərək onlara əl uzatmağa çalışır. Ona görə də yer üzünün bütün müsəlmanları bu bayramı sevinclə qeyd edirlər.

Təəssüflər olsun ki, işğal olunmuş və dağıdılmış müsəlman torpaqlarında evsiz-eşiksiz yaşayan, ədalətsiz müharibələrin qurbanına çevrilən körpələrin valideynləri, valideynlərini itirmiş körpələr bu bayramı sevinclə qeyd etməkdən məhrumdurlar. O cümlədən ölkəmizdə də bir çox ailələr onlara qarşı baş verən haqsızlıq ucbatından hələ də bu bayramı niskil içərisində keçirir. Çox sayda insanların, dindarların, ruhani alimlərin şərlənərək zindanlara salınması cəmiyyətimizdə ciddi narahatlıqlar yaratmaqdadır. İslamın müqəddəs dəyərlərinin daşıyıcılarının İslam düşmənlərindən, terrorçu qruplaşmalardan fərqləndirilməməsi ölkəmizdə acı bir həqiqətdir. Bu, sadəcə istismarçı və qəsbkar siniflərin, terroru dövlət səviyyəsində həyata keçirən rejimlərin, ümumən düşmənlərimizin sevincinə səbəb olmaq kimi qiymətləndirilir. Arzu edək ki, günahsız məhbuslar tezliklə ailələrinə qovuşsunlar, cəmiyətimizdə haqq və ədalət bərqərar olsun.

Biz haqq yolunda əqidəsinə sarınmış məhbuslarımızı və bütün xalqımızı bir daha Ramazan Bayramı münasibətilə təbrik edirik!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button