ArxivIslamXəbər lentiXəbərlər

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Təbii ki, hər hansı mövzunun sosial şəbəkələrdə və mediada müzakirəyə çıxarılması prinsipcə normaldır – zatən, müzakirələrdə həqiqət doğur və bu kimi. Söhbət, real problemlərin mövcudluğu fonunda hansısa nəsnələrin ətrafında süni ajiotajın, epataj gedişmələrin cərəyanından gedir.
İkincisi, konkret müzakirə olunan “qaloş” mövzusu ilə bağlı məsələdə, ortada video var və rəsmi icra orqanının nümayəndəsinin açıqlaması var. Obyektivlik axtaran hər bir kəs üçün aydındır ki, iddia olunan “qaloş” məsələsi həqiqəti əks etdirmir.
Üçüncü müşahidə budur ki, mövzu ilə bağlı islamofobik dalğa apologetləri yenə də fürsətçilik etmək istəyirlər. Onlar bir çox hallarda olduğu kimi, guya xurafat və mövhumatla mübarizə pərdəsi altında, əslində inanca qarşı təbliğata rəvac verir və ənənəvi anti-din sürəcini işə salırlar.
Burada haşiyə çıxmaq lazımdır ki, sözsüz, müzakirələrin gedişində xeyli sayda səmimi, ürəyiyanan və baş verən prosesdə xurafat və bu kimi neqativ hallardan narahat olan vicdanlı insanlar da iştirak edir. Və əslində, fürsətçilik etmək istəyən islamofobik məfkurə daşıyıcıları, insanların səmimi hisslərini sadəcə istismar edirlər.
Mövzu ilə bağlı isə konseptual olaraq onu vurğulamaq istərdik ki, İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir. Və birmənalı şəkildə xurafata qarşıdır.
Bununla yanaşı, onu da vurğulamaq istərdik ki, İslam dinində övliyaların, o cümlədən Həzrət Peyğəmbərin (s) nəslindən olan, əməlisaleh Allah dostları olmuş seyyidlərin ziyarəti – bəyənilən əməldir. Eləcə də təbərrük amili də dinimizdə var və bunun Qurani-Kərimdə, hədislərimizdə dəqiq əsasları mövcuddur.
Əslində bir Allah bəndəsini ziyarət edərkən və onu anarkən, insanda yüksək mənəvi tutum və Allaha bəndəlik ruhiyyəsi generasiya edilmiş olur. Eynilə şəhidləri ziyarət edərkən keçirdiyimiz hal kimi. Təbərrüklə bağlı taktil səciyyəli kontakta gəlincə – bu, insanın psixo-emosional qəbulluğunu dəfələrlə gücləndirən amil olaraq, birmənalı elmi bünövrəyə malikdir.
Konkret bu pir ilə bağlı hər hansı köklü və dolğun məlumatımız olmadığı üçün, nə isə bunun əsaslılığı ilə bağlı dəqiq fikir söyləmək çətindir. Bununla belə, birmənalı olaraq mövqeyimiz budur ki, inanc və mənəviyyat duyğuları ilə manipulyasiya edib, hər hansı formada xurafata səbəb olan və ya dini duyğuların gülüş hədəfinə çıxarılmasına səbəb olan davranışlar – təbii ki, bəyənilə bilməz.
Xüsusən də, inanc hisslərinin maddi konvertasiya mövzusu tərəfimizdən çox pislənir. Məhz bu amil, fürsətçi şəxslərin manipulyasiyası üçün əlverişli zəmin yaradır.
Ancaq bütün bunları necə düzəltməli? Məsxərə ilə, aşağılamaq ilə?! Fürsətdən istifadə edib, ümumən inanca qarşı yürüşə başlatmaqlamı?
Din və inancla bağlı ölkədə vəziyyət, digər sahələrdə – təhsildə, səhiyyədə, məhkəmə sistemində – necədirsə, elə eyni cürdür. İnsanımız da, həməndir. Bütün müsbət və mənfi xüsusiyyətləri ilə. Burada əlahiddə bir fenomen axtarmaq lazım gəlmir.
Mövzu ilə bağlı xüsusi narahatçılıq doğuran amil – hansı ki, fürsət axtaranlar nədənsə bu mövzunu “görmürlər” – həm də odur ki, insanların hər hansı bu cür məsələlərə ümid bağlaması – kasıbçılığın, ümumi ümidsizliyin, sabahkı günə inamsızlığın dəqiq sosial göstəricisidir.
Bəs çıxış yolu nədədir?
Ləyaqətli yaşamaq fürsəti olan bir cəmiyyətin qurulmasında. Bu da ülvi İslam mənəviyyatına söykənərək, elm və savadı inkişaf etdirərək, oyun qaydaları olan bir düzən formalaşdıraraq mümkündür.
İstehza ilə, məzələnmək ilə, hər şeyi lağa çevirmək ilə heç nəyə nail olmaq mümkün deyil. Əlbəttə ki, bir kəsin hədəfi elə məhz nihilizm və məzələnmək olmasa…
Bir də ki, Ramazan ayı bitib və görsənən budur ki, lənətlik şeytan zəncirdən çıxıb. Lənətliyin hər cür təzahüründən Uca Allaha pənah aparırıq. Həm xurafat və mövhumatdan, həm də aşağılamaq və incitmək, fürsətçilik etmək həvəsindən…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button