ArxivXəbərlər

“Eurovision” kimin monopoliyasındadır

Pht-Vugar_Ibadov_eurovision_(24)69

Biabırçı məğlubiyyətin səbəbləri niyə araşdırılmır?

Azad Rəhimovla AzTV-nin iş birliyinin ITV-də ortaya çıxan fəsadları

Ictimai televiziya “Eurovision” uğursuzluğunu özgələrin ayağına yazmağa çalışır. Və heç cür buna nail ola bilmir. Indi də dövriyyəyə Azərbaycan təmsilçisinin səslərinin sayılmasında pozuntulara yol verildiyi barədə məlumat atılıb. Deyək ki, nəticələr münsiflərin və tamaşaçıların Azərbaycana verdiyi səslə düz gəlmir. Dilarə Kazımova 22-ci yox, 20-ci, lap 18-ci yerdə olmalı imiş. Bu mahiyyəti dəyişmir. Bütün hallarda Azərbaycanın “Eurovision” 2014-dəki yeri məğlibiyyətdir. Ötən illərlə müqayisədə biabırçı məğlubiyyət.
Anası erməni (Konçitanın erməni əsilli olduğu deyilir) birinci, anası da, atası da erməni o birinin 4-cü yer tutduğu yarışmada hər kəsə baş qaxıncı ola biləcək məğlubiyyət. Altı il Azərbaycana ən yüksək bal verən dost, qardaş, məhrəm ölkələr bu il onu da etmədilər. Bunun üzərində yüksək səviyyədə düşünməyə dəyər. Ümumiyyətlə, biabırçı məğlubiyyətin səbəbləri araşdırılmalıdır. Azərbaycan “Eurovision” yarışmasına ilk dəfə 2008-ci ildə qatılıb. Serbiyanın paytaxtı Belqradda keçirilən müsabiqədə Samir və Elnur dueti 132 xalla 43 ölkə arasında 8-ci yeri tutdu. Şəxsən mənim fikrimcə, onların bu böyük Avropa musiqi yarışmasında iştirakı indiyəcən Azərbaycanı təmsil edən, hətta birinci yerə çıxan Eldar və Nigardan daha uğurlu idi. 2009-cu ildə Aysel Teymurzadə 207 xalla 42 ölkə arasında 3-cü, 2010-cu ildə Safura Əlizadə 145 xalla 39 ölkə arasında 5-ci, 2011-ci ildə 56-cı “Eurovision”da azərbaycan Eldar və Nigarın timsalında 221 xalla birinci yerə çıxmışdı. 2012-ci ildə Azərbaycan “Eurovision”a ev sahibliyi etdi. Səbinə Babayeva 150 xalla 4-cü oldu. Ötən il Fərid Məmmədov 234 xalla 2-ci yerə çıxdı. Bu il isə hətta ilk onluğa düşmək mümkün olmadı.
Final öncəsi ITV-nin canlı efirində həmişəki kimi Faiq Ağayevlə Tünzalə Ağayeva Azərbaycan təmsilçisinin qələbəyə layiq olduğunu, ilk beşliyə düşəcəyini deyirdilər. Saxta çıxışlar idi. Yalan danışmaq, şişirtmək, aldatmaq – efirə baxanda bunları ayırd etmək çox asandır. Azərbaycanın məğlubiyyətinin tək səbəbi – təşkilatçılığı boynuna götürmüş Ictimai televiziya komandasının bacarıqsızlığı, rəhbərliyin yarışmaya məsuliyyətsiz münasibətidir. ITV-nin yeni komandası birmənalı olaraq seçim və təbliğat kampaniyasını düzgün qura bilmədi. Azərbaycan adına uğur qazandırmağa çalışmadı. Mediada “Eurovision” təmsilçilərinin seçiminə Gənclər və Idman Nazirliyininin, konkret olaraq nazir Azad Rəhimovun ciddi müdaxilə və təzyiq göstərdiyi barədə məlumatlar yer alıb. Onlardan biri çox maraqlıdır və yəqin ki, mətbuata elə-belə ötürülməyib. Məlumatda deyilir: “”Eurovision”da iştirakda Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi və Ictimai Televiziya müstəsna rol oynayır.

Bu iki qurum arasında isə ilk narazılıq 2011-ci ildə milli seçim turu zamanı olub. O zaman nazir Azad Rəhimovla, ITV-nin o vaxtkı sədri Ismayıl Ömərov arasında narazılıq yaranmışdı. Nazir Nigar Camalın “Eurovision”a tək qatılmasını istəsə də, son anda kompromisə getməyə məcbur olub və ITV sədrinin təkidi ilə Eldar Qasımov da müsabiqəyə qatılıb. Nəticədə cütlük Azərbaycana ilk “Eurovision” qələbəsini gətirib və söz-söhbət çox böyüməyib”. Maraqlıdır, Azad Rəhimovla Ismayıl Ömərov arasındakı soyuq münasibət Ömərovun direktorluqdan uzaqlaşdırılmasına, ITV-yə daha sözəbaxan direktor gətirilməsinə hansısa formada təsir edibmi? Əlavə olaraq ötən həftə ITV-nin keçmiş direktor müavini uşaq “Eurovision”unda I.Ömərovun nəvəsinin uğur qazanmaması üçün hansısa dövlət məmurunun bir Olimpiya kompleksi tikməyə yetəcək qədər xərc çəkdiyini demişdi. Əcəba, o məmur olimpiya naziridirmi?
Daimi efir izləyicisi kimi həftədə 5 gün bir saat olmaqla AzTV-nin efirində yer alan gənclər üçün “MAG” verilişini də Gənclər və Idman Nazirliyinin dəstəklədiyini bilirik. Qrant hesabına ərsəyə gələn bu veriliş onu hazırlayan və efirdə yayımlayan tərəflərə ciddi məbləğdə qazanc gətirir. Görünür, Gənclər və Idman Nazirliyi ilə AzTV arasındakı işbirliyi həm də AzTV-nin əlavəsinə çevrilən ITV ilə iş birliyinə, “bəli”, “baş üstə”lərə gətirib çıxarıb. Belə çıxır ki, AzTV ilə ITV Azad Rəhimovun kurasiyasında, “Eurovision” onun monopoliyasındadır. Çünki Dilarə Kazımovanın da məhz A.Rəhimovun istəyilə seçildiyi bildirilir. Elə isə bu məsələlərdə Ictimai televiziyanını indiki rolu nədən ibarətdir? Rolsuzluqdanmı?
Bilmirəm, lətifədir, ya yox, deyilənə görə, Azərbaycanın milli futbol komandası səfərdən 10:0 məğlibiyyətilə qayıdanda hökumət adamlarından biri məşqçiyə “deyəsən, özünüzlə qapıçı aparmamışdınız”- deyə ironik şəkildə irad bildirib. “Eurovision” 2014 də buna bənzərdir: deyəsən, ITV yarışmaya müğənni göndərməyibmiş.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button