ArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

İrandan Qarabağ üçün sülh planı – Əraqçının Bakı səfərinin detalları

iran prezidentinin xüsusi nümayəndəsindən işğalçı Ermənistanı sarsıdan mövqe; müsəlman qonşumuzun Qarabağ prosesində iştirakı hansı perspektivlər vəd edir?

İşğalçı Ermənistan çox təxribatlara əl atsa da, İran və Azərbaycan dövlətləri arasında təfriqə sala bilmədi. İrəvanın terrorçu rejimi və onun təbliğat resursları xüsusilə də son bir ay ərzində – Qarabağda gərgin döyüşlərin  getdiyi bu günlərdə Bakı ilə Tehranı üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxsa da, faydası olmadı.

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirilən dostluq və mehriban qonşuluq mesajlarından sonra Ermənistan tərəf yasa batıb. Maraqlıdır ki, bəzi erməni media orqanları iranlı diplomatın Bakıda verdiyi bəyanatların bir hissəsini şərhsiz təqdim ediblər. Başqa nə edəcəklər ki? İranla gərginliyə səbəb olacaq hansısa ehtiyatsız davranış yeganə nəfəsliyin – Mehri qapısının qapanması və ermənilərin boğulması ilə nəticələnə bilər, bunu anlayırlar.

İlham Əliyev Qarabağın cənub bölgəsinin, İran-Azərbaycan sərhədinin işğaldan azad edilməsindən danışarkən bunları bildirib: “Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk”.

Vetenugrunda.az - İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini  qəbul edib

Seyid Abbas Əraqçı isə müharibə cinayəti törədən Ermənistanı ittiham edib, Azərbaycana dəstək fikirlərini söyləyib: “Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”.

İran diplomatının çıxışı birmənalı şəkildə Azərbaycana dəstəyin ifadəsi, işğalçı Ermənistanı ittihamdır. Bundan əvvəl ayrı-ayrı İran rəsmiləri və ya generalları, o cümlədən din alimləri tərəfindən Azərbaycana dəstək ifadə olunmuşdu. İran ərazisində yaşayan milyonlarla azərbaycanlının Azərbaycan ordusunun qələbələrini sevinclə qarşılaması, işğalçı Ermənistanla qapıların qapadılması tələbilə aksiyaların keçirilməsi barədə kadrları da izlədik bu günlərdə. Amma İran prezidentinin xüsusi nümayəndəsinin Bakı bəyanatı Tehranın birmənalı mövqeyinin ifadəsi oldu.

Təbii ki, belə bir mövqenin ortaya çıxması təsadüfi deyil. İran Azərbaycan faktorunu nəzərə almaya bilməzdi. Bölgədə dövlətimizin oynadığı rolu danmaq mümkün də deyil. Eyni zamanda Qarabağın Azərbaycana məxsus olduğunu, Ermənistan xaric, bu gün dünyanın heç bir dövləti danmır və dana bilməz. Ona görə də İran Azərbaycanın öz tarixi ərazilərini azad etmək üçün hərbi əməliyyatlar keçirməsini yalnız alqışlaya bilərdi. Ancaq bu da faktdır ki, bir çox hallarda tərəddüdlü münasibət sərgiləyən İranın bu dəfə işğal olunmuş torpaqlarımız barədə bəyanatları Azərbaycanın ardıcıl siyasət yürütməsinin məntiqi nəticəsidir. Bir neçə gün əvvəl Azərbaycan Ordusu Araz boyu əraziləri düşməndən təmizləyib bayrağımızı Cəbrayılın Xudafərin, Zəngilanın Ağbənd məntəqəsinə sancandan və ərazini Sərhəd Xidmətinə təhvil veerəndən sonra Azərbaycan Prezidenti həm Azərbaycan, həm də İrana yönəlik təbrik nitqi ilə çıxış etdi, dövlət sərhədimizin bərpası münasibətilə.

Seyid Abbas Musəvi Azərbaycana gəlib

 Seyid Abbas Musəvi

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin “Twitter” hesabında “Cənab Prezident, Azərbaycanla İran arasındakı təqribən 760 km-lik ümumi sərhəd pis niyyətli insanların iştirakı və müdaxiləsi olmadan həmişəlik iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”, yazması da Bakının ardıcıl məntiqli siyasətinin nəticəsidir. Musəvi həmçinin vurğulayıb ki, iranlılar müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinirlər.

Paralel olaraq H.Hacıyevin İranın Azərbaycana etdiyi yardımların unudulmayacağını vurğulaması da kifayət qədər ciddi məqam idi. Dövlət rəsmisi xüsusilə də 90-cı illərin əvvəllərində növbəti soyqırım təhlükəsi ilə üz-üzə qalan Qarabağ əhalisinin İranın humanitar dəhliz yaratması sayəsində xilas olduqlarını, həmçinin digər dost köməyinin göstərildiyini xatırlatdı. Bu cür isti mesajlar bir tərəfdən yaxın keçmişdə olanların unudulmadığını göstərirdi, digər tərəfdən də “Azərbaycan İran ərazisini raket atəşinə tutdu”, “İran Azərbaycanla sərhədə ordu yığır” kimi hay-küylü məlumatlar, həmçinin dezinformasiyalar yayıb Tehranla Bakı arasında nifaq toxumu səpmək istəyən Ermənistanın arzularını gözündə qoymağa hesablanmışdı. Nəticə etibarilə İran hakimiyyəti də Azərbaycanın xoş niyyətlərini qiymətləndirməyi bacardı. Təbii ki, Qərb ölkələrinin davamlı təzyiqlərinə baxmayaraq, Azərbaycan öz ərazisindən Tehrana qarşı istifadəyə imkan vermədiyini İranda da unutmayıblar. 28 oktyabr görüşündə hər iki tərəfdən verilən dostluq mesajları əlbəttə ki, Azərbaycanın Qərblə gərgin münasibətləri olan İranla qonşuluq siyasətində tutduğu ardıcıl və sabit siyasətin nəticəsidir.

İran prezidentinin nümayəndəsinin Bakıya gəlişi həm də onunla əlamətdardır ki, Tehran Qarabağ məsələsinin tənzimlənmə prosesində yer almaq istəyir. Belə ki,  İran Qarabağ münaqişəsinin həlli üçün yeni sülh planı irəli sürüb.

Modern.az xəbər verir ki, Moskvaya gələn İranın xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Əraqçı sülh planının bəzi detallarını açıqlayıb. “Minsk Qrupu Qarabağ danışıqlarında qeyri-effektiv olduğunu sübut edib. İran öz planını təklif edir”.

Diplomat İran tərəfinin təkliflərinin “işğala son qoyulması, azlıqların hüquqlarına hörmət və mülki əhaliyə və obyektlərə hücumun qəbuledilməzliyi”nə əsaslandığını əlavə edib.

İran diplomatı Bakıdan sonra Ankara, İrəvan və Moskvaya da gedəcək. Bu təmaslar nəyin göstəricisidir? Ümumiyyətlə, İranın prosesdə iştirakı hansı perspektivlər vəd edir?

Hakimiyyət-müxalifət mübarizəsi intellektual müstəviyə keçərsə…” – Qabil  Hüseynli – Yenicag.Az

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İran tərəfi reallıqları ciddi surətdə nəzərə alır: “Tehran regionda baş verən geosiyasi dəyişiklikləri və onun perspektivlərinin nəticələrini dəyərləndirir. Bu səbəbdən də daha praqmatik mövqe tutmağa başlayıb. Yəni hər şeyi olduğu kimi görərək, Azərbaycanın haqq işinə dəstək verməyi qərarlaşdırıb. Zənnimcə, bu, belə olmalı idi. Çünki doğrudan da İranla Azərbaycan arasında əlaqləri tənzimləyən və tarixlərə söykənən bağlar vardır. Vaxtilə əgər bəzi məmurlar bu bağları nəzərə almırdılarsa, indi artıq İranın Qarabağla, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı siyasətində ciddi dəyişikliklər əmələ gəlib. Bu dəyişikliklər, məncə, prosesin nizamlanmasında pozitiv rol oynayacaq”. Q.Hüseynlinin fikrincə, burada sözsüz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi xarici siyasət xətti də bir xeyli uğurlu rol oynayır.

Politoloq İranın proseslərə qarışmaq istəyini təqdir etdi: “Proseslərdən kənarda qalmaq İranın maraqlarına uyğun deyil. İndiki şəraitdə İran proseslərə daxil olsa və Türkiyə kimi o da ən azı proseslərin ikinci – danışıqlar mərhələsində özünün də iştirakını təmin etsə, bu, İrabna xeyli müsbət xallar gətirə bilər. Bu, həmçinin gələcək əlaqələrimiz üçün də geniş perspektiv açar”.

İranın Azərbaycanın yanında yer alması Ermənistanın yeganə açıq qapıdan məhrum olması və regionda təklənməsidir. Bugünlərdə Gürcüstan da işğalçı Ermənistanla əlaqələrinə ciddi korrektələr edib. Beləliklə, terrorçu ölkə miskin durumdadır…

Elşad PAŞASOY,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button