ArxivQarabağtahlil va magaleXəbər lentiXəbərlər

İrandan Azərbaycana böyük dəstək – düşmənin yeganə `nəfəsliyi` kəsilir

İrəvanın terrorçu və işğalçı siyasətini heç bir bölgə dövləti müdafiə etmədi; Tehran da “Qarabağ Azərbaycandır” dedi; politoloq: “Azərbaycan-İran münasibətləri bundan sonra daha da inkişaf edəcək, biz regionda bütün məsələlərdə ortaq mövqelərdən çıxış edəcəyik””

İran İslam Respublikasından Azərbaycana ən yüksək səviyyədə verilən dəstək rəsmi Bakı tərəfindən təqdir olunub. Həmçinin Azərbaycan xalqı müsəlman qonşumuzun Ali Rəhbəri və Prezidenti tərəfindən ərazi bütövlüyümüzlə bağlı birmənalı mövqe ifadə olunmasını məmnunluqla qarşılayıb.

“Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır”. Bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei müraciətində bildirib. Ayətullah Xameneinin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Ali Rəhbər əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir.  Ali Rəhbər qeyd edib ki, bu torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır.

İran prezidenti də ortaya qəti və prinsipial mövqe qoyub. “Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. “Coğrafi sərhədlərin dəyişməsini istəmirik. Ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının hüququdur”, – deyə İran prezidenti vurğulayıb. H. Ruhani qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. O, İran Xarici İşlər Nazirliyinin (XİN) münaqişənin həlli ilə məşğul olduğunu da bildirib.

Ali Rəhbər və İran prezidenti tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizin müdafiə olunması, sərhəd toxunulmazlığının bərqərar olunması barədə konkret mövqeyi işğalçı Ermənistana “tərs şillə” kimi qiymətləndirilə bilər.

Azərbaycan XİN Tehrandan gələn dəstək bəyanatını yüksək qiymətləndirib.

“Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk. ”Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır” deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk. İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcəkdir”, – məlumatda deyilir.

Qeyd edək ki, bugünlərdə İran prezidentinin xüsusi elçisi, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi əvvəlcə Bakıya, daha sonra Moskva və İrəvana səfər etmişdi.

“Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olmağa hazırdır və ümid edir ki, onun planı davamlı sülhə nail olmağa imkan verəcək”.

“Sputnik Azərbaycan” xəbər verir ki, bunu cənab Əraqçi “RİA Novosti”yə müsahibəsində bildirib. “Bu məsələnin vacibliyi və İran İslam Respublikasının hər iki ölkə – həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərinin olması, həmçinin xüsusi şərtlər və bu regionun həssaslığını nəzərə aldıqda, İran İslam Respublikası həmişə ciddi şəkildə atəşkəsin bərqərar olması, dialoqun başlanmasına və sülh və əmin-amanlığın yaranmasına töhfə verməyə hazır olduğunu bildirib”, – deyə Əraqçi “İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi olmağa hazırdırmı?” sualına cavab verərkən bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ayətullah Xameneinin bəyanatından sonra İrana təşəkkür edib. SalamNews xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi rəsmi twitter səhifəsində yazıb. İran səfiri bildirib ki, Ayətullah Xameneinin Qarabağla bağlı bu günkü bəyanatından sonra Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov ona zəng edərək, münaqişə ilə bağlı ədalətli mövqeyin sərgilənməsinə görə İran rəhbərliyinə təşəkkür edib.

Qarabağ döyüşlərinin ilk günlərində İran da öz narahatlığını ifadə edirdi. Hətta İran tərəfinin təşəbbüsü ilə prezident Həsən Ruhani ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı da olmuşdu.

 

İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Tehranın mövqeyini açıq ifadə etmişdi. Sitat: “Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi”.

Azərbaycan Prezidenti isə məmnunluq hissi ilə demişdi ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib: “Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır”.

Prezident İranın xoş məramına yüksək səviyyədə qarşılıq vermişdi. Heç şübhəsiz ki, Tehranın Qarabağla bağlı obyektiv mövqe tutmasında Azərbaycan Prezidentinin yüksək diplomatik bacarığı və balanslı siyasəti öz sözünü deyib. Ermənistan bu günlərdə Bakı ilə Tehranı üz-üzə qoymaqdan ötrü çox çalışdı. Hətta Ermənistan ordusunun atdığı mərmilər İran ərazisinə düşdüyü vaxt İrəvan iddia etdi ki, guya atəş açan Azərbaycandır. Hansı ki, Azərbaycan ordusu Arazboyu 132 km-lik İran sərhədini azad edib və belə olduğu halda Arazın o tayına atılan mərmilər yalnız və yalnız erməni ordusuna məxsus ola bilər. Ancaq bunlar keçmişdə qalıb və artıq Bakı-Tehran əlaqələrinin növbəti mərhələsini müşahidə etməkdəyik.

Qonşumuz İran da məscidləri donuz fermasına çevirən Ermənistanın cəzalandırılmasına sanksiyasını verib.

 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İranın mövqeyi kifayət qədər qənaətbəxş və haqqın, obyektivliyin tərəfində olan mövqedir: “Bu mövqe il əvvəl İran səfiri, sonra xarici işlər nazirinin Bakıya gələn müavini Əraqçi çıxış edirdisə, indi ölkənin milliyyətcə azəraycanlı olan Ali Lideri ayətulla Seyid Əli Xamenei də bu bəyanatla çıxış etdi, İran prezidenti Həsən Ruhani də eyni bəyanatı verdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və bunu dəfələrlə bəyan etdiklərini bildirdilər. Həmçinin bütün erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb etdilər. Bu, çox müsbət haldır. Ermənilər bunu görməlidirlər ki, regionun böyük dövlətləri Türkiyə, İran, bu tərəfdən sözsüz ki, Qazaxıstan – düzdür, Türkmənistan səsini çıxartmır, amma hüsn-rəğbəti bizim tərəfimizdədir – bütün müsəlman dünyası Azərbaycanın mövqeyini müdafiə edir, bəziləri səsini çıxartmasa da. Bir də ki, beynəlxalq hüquq, BMT-nin qətnamələri bizim tərəfimizdədir axı. Ermənilər bizim ərazimizə soxulub. Zəif olduğumuz vaxtda, başımızın daxili problemlərə qarışdığı zamanda himayədarlarının köməkliyi ilə ərazilərimizin böyük bir hissəsini işğal etmişdilər. Həmin torpaqlardan 1 milyondan çox insanı didərgin salmışdılar. İndi rəşadətli, müzəffər Azərbaycan ordusu torpaqlarımızın demək olar ki, böyük hissəsini azad edib, həlledici mərhələyə adlamışıq və bu mərhələni də sona çatdıracağıq. İranın mövqeyinin bizim üçün əhəmiyyətli olduğunu xüsusilə qeyd etməliyik. Çünki İran Türkiyə ilə birlikdə bölgənin ən böyük dövlətlərindən biridir. İran beynəlxalq proseslərə təsir gücü olan dövlətdir. Həm də Tehran danışıqlar prosesində iştirak etmək, tərəf olmaq istəyir. Bu ölkənin rəhbərliyinin verdiyi bəyanat, Azərbaycan torpaqlarının erməni əsgərlərindən təmizlənməsi ilə bağlı dövlət rəhbərliyindən gələn mövqe bizi çox fərəhləndirir. Şəxsən mən Seyid Əli Xamenei cənablarına da, Həsən Ruhani cənablarına da, həmçinin digər şəxslərə, Azərbaycanı müdafiə edən, onun ərazi bütövlüyünə dəstək verən, ermənilərə sözün həqiqi mənasında tərs şillə vuran bütün müsəlman qardaşlarımıza, din qardaşlarımıza, İranda olan azərbaycanlı qardaşlarımıza öz minnətdarlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, onların etdiyi hərəkətlər Azərbaycan xalqının yadından çıxmayacaq və Azərbaycan-İran münasibətləri bundan sonra daha da inkişaf edəcək, biz regionda bütün məsələlərdə ortaq mövqelərdən çıxış edəcəyik”.

Ali Liderin bəyanatında terrorçularla bağlı səsləndirdiyi fikirlərə gəldikdə, Q.Hüseynli bildirdi ki, cənab Xamenei Ermənistanı nəzərdə tutaraq bu sözü deyib: “Çünki bizim muzdlu döyüşçülərə, terrorçu qüvvələrə nə ehtiyacımız var? Bizim nizami ordumuz, müasir silahlarımız, döyüş texnikamız var. Ermənistan bütün dünya ermənilərinə müraciət edib. Yaxın Şərqdən ərəb döyüşçüləri gətiriblər. Özü də Ermənistan vətəndaşı olmayan hər kəs muzdlu döyüşçü, terrorçu hesab olunur. Ona görə də lap Fransadan oğlu ilə birlikdə gəlib döyüşlərə qatılan erməni də Ermənistan vətəndaşı olmadığı üçün bizimçün terrorçu və muzdlu döyüşçüdür. 1500 PKK-çı gəlib. Suriya ərazisindən YPG qruplaşmasına daxil olan terrorçular da Qarabağda, Ermənistan tərəfində döyüşür”.

Politoloq təkcə Türkiyə və Azərbaycanı deyil, İran dövlətini də təhdid edən terror qruplaşmalarının Qarabağda Azərbaycana qarşı döyüşdüklərini vurğuladı. Qeyd etdi ki, İran, Türkiyə və Azərbaycanın terrorizmə qarşı mübarizədə mövqeləri də tam üst-üstə düşür: “Çünki Ermənistan tərəfdə döyüşənlərin böyük bir hissəsi Türkiyə və İrana zərər verən kürd terrorçularıdır. Onlar İranı da, Türkiyəni də bölməyə çalışırlar. İndi bu ərazilərdə onlar gəlib Azərbaycana qarşı vuruşmaqla həm Türkiyəyə, həm də İrana qarşı vuruşurlar. O terrorçuların sırasında zəif də olsa, ermənilərdən ibarət ASALA üzvləri də var. Struktur olaraq onlar sıradan çıxıblar. Amma PKK-çı və YPG-çilər, o cümlədən İran ərazisindəki PEJAK-çılar kifayət qədər güclüdürlər, ayaq üstədirlər. Həm də partizan döyüşünə öyrəşmiş terrorçulardırlar. Onlar öz ölkələrində dərdlərini çəkmirlər, gəlib Azərbaycana qarşı vurşurlar”.

Q.Hüseynli qeyd etdi ki, Türkiyə, Gürcüstan və Rusiyanın ardınca İranın da birmənalı şəkildə torpaqların azad olunmasını tələb etməsi ilə Ermənistan bölgədə təkləndiyini nümayiş etdirdi: “Ermənistanın xüsusilə region dövlətləri arasında təklənməsi onunçün öldürücüdür.  Ona görə də özünü yığışdırmalı və bilməlidir ki, bölgədə ona-buna sataşmaqla baş girləmək olmaz”. Politoloq qeyd etdi ki, Ermənistan üçün yeganə “nəfəslik” olan İran da Qarabağla bağlı nöqtəni qoydu və “Qarabağ Azərbaycandır” dedi.

Ermənistanın çevrəsi tam daraldığı kimi, ona verilən vaxt da bitir. Odur ki, seçimini etməlidir: ya işğala və terrora son qoyub, törətdiyi cinayətlərə görə üzr istəyib, qonşuları ilə normal məcrada yaşamağa qərar verməlidir, ya da boğulmaqda davam edəcək. Levon Ter-Petrosyanın “nəfəslik” adlandırdığı İran da sözünü dedi. / musavat.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button