ArxivIslamXəbər lentiXəbərlər

Millət vəkilindən şiələrlə düşmənçilik edənlərə qarşı maraqlı mövqe

İmamı ürəyinin başında saxlamaq istəyənlərlə və saxlayanlarla düşmənçiliyinizi necə başa düşək?
Qədim tarixi köklərə söykənən Azərbaycanın, dövlətçilik ənənələri də olduqca dərindir. Tarixi eramızdan çox-çox əvvələ gedib çıxan dövlətçilik ənənələrimizin üzərinə kölgə salmaq istəyənlərin də sayı təəssüflər olsun ki, az deyil. Məsələn Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın Azərbaycanın dövlətçilik tarixinin əsaslarını qoyan bir şəxsiyyət- Şah İsmayıl Xətai haqqında səsləndirdiyi mənfi fikirlər buna bariz nümunədir. Şah İsmayıl səfəvi kimdir?, Onun Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rolu nədən ibarət olub? və bu kimi digər sualların cavabını həm ölkənin sözün əsl mənasında ziyalı elitası, ictimai-siyasi xadimləri, həm də tarix özü verib. Ona görə də, boş, mənasız arqumentlərlə Şah İsmayılı və bunun sətir altında da şiəliyi “vurmağa” çalışan, separatçılıqla məşğul olan əqidəsiz, İslama aidiyyatı olmayan “Nurçu” təriqətini müdafiə edən şəxsin fikirlərini müzakirə etmək fikrindən uzağıq. Lakin sevindirici haldır ki, bu missiyanı öz üzərinə götürən Azərbaycanın kifayət qədər ziyalı təbəqəsi mövcuddur.

İslaminSesi məlumat verir ki, Şah İsmayılla və şiəliklə bağlı sərgilənən mənfi mövqeyə tutarlı cavab bu dəfə millət vəkili Aqil Abbasdan gəlib. Millət vəkili qələmə aldığı kiçik həcimli yazıda bir sıra böyük mətləbləri açaraq, aidiyyatı kəslərə izah edib. “Ədalət.az” internet qəzetində dərc edilən yazıda millət vəkili son zamanlar bir sıra şəxslərin əllərinə qılınc alaraq şiəliyin üstünə düşdüyünü və bunda əsas hədəfin Şah İsmayıl olduğunu vurğulayıb. Aqil Abbas digər məzhəblərin müqəddəslərinə də sayğı və hörmətlə yanaşdığını bildirərək, şiəliyi tənqid hədəfinə çevirən və az qala İslamın düşməni elan edən şəxslərə bir xatırlatmada bulunub: “Məhərrəmlik başlayanda Bakıda qeyri-müsəlmanlar, yəni nə ruslar, nə ermənilər, nə də yəhudilər toy etmirdilər. Toy etsəydilər də onlara kimsə güldən ağır bir söz deməyəcəkdi, amma etmirdilər. Niyə? Yaşadıqları şəhərdəki insanların adət-ənənələrinə, inanclarına hörmət əlaməti olaraq. Qeyri-müsəlmanlar şiələrin inanclarına hörmət edirdilər. Bildiyiniz kimi Bakının 90 faizi şiədi. İndi müsəlman qardaşlarımız niyə bu şiəliyi topa tuturlar, bu insanların inanclarına hörmət etmirlər, başa düşmürəm. Bəlkə dünyanın sonuncu peyğəmbərinin övladlarını, sevimli kürəkənini (həm də əmisi oğlunu, özü də onu boya-başa çatdıran əmisinin oğlunu), nəvələrini, nəticələrini bu şiələr qırıblar, diyarbadiyar ediblər? Sizin ayrı işiniz-gücünüz yoxdu, ayrı bir probleminiz yoxdu, inancları niyə qarşı-qarşıya qoyursunuz? Əvvəllər bunu Avropa ölkələri edirdi, müsəlmanları bir-birinə qırdırırdı, indi sizə nə düşüb bu missiyanı öz üzərinizə götürmüsünüz?.

Aqil Abbas yazısında şiəliyi tənqid edən şəxslərə suallar ünvanlayıb: “Siz niyə həzrəti Əliyə bu qədər düşmənçilik edirsiniz və onun nəslinə, onu sevənlərə də düşmənçilik edirsiniz, nifrət edirsiniz? Mən «Tarixi-Nadir»i də oxumuşam, Yunus Oğuzun «Nadir şah» əsərini də, yenə sizi başa düşə bilmirəm”.

Müəllif indi Şah İsmayıl və Şiəlik haqda düşmənçilik mövqeyi sərgiləyənlərə baş vermiş maraqlı və qəribə hadisələri də nəql edib: “Ağdam əhalisi şiədi, yalnız Xıdırlı kəndindən başqa. Bu kənddən də çox böyük ziyalılar çıxıb, bəziləri də xaricdə təhsil alıb.

Fransada tibb təhsili almış bir bəy dönüb vətənə, çıxıb kəndin təpəsinə, camaat da yığışıb başına. Aşura günüymüş.
Bəy camaatdan soruşur:
– Aşağıdan, Şellidən ağlaşma səsi gəlir. Orda kim ölüb?
– Bəy, heç kim ölməyib ey, Aşuradı, imamlara yas saxlayırlar.
Bəy deyir:
– Hə, hə, başa düşdüm.
Sonra yenə soruşur:
– Yaxşı, bu Əhmədavar tərəfdə də ağlaşmadı, orda kim ölüb?
– Bəy, orda da heç kim ölməyib, imamlara yas saxlayırlar.
Bəy yenə deyir:
– Hə, hə, başa düşdüm.
Yenə soruşur:
– Bəs bu Qiyaslı tərəfdən də ağlaşma səsi gəlir, orda kim ölüb?
Camaat yenə deyir:
– Bəy, alim adamsınız, dedik axı, orda da imamlara yas saxlayırlar.
Bəy üzünü tutur dağın döşündəki Xoramurd kəndinə:
– Bəs ordan niyə ağlaşma səsi gəlmir?
Camaat:
– Bəy, onlar niyə ağlasın ki, onlar ermənidi axı.
Bəy istehza ilə deyir:
– Bəs siz niyə ağlamırsınız, siz də ermənisiz?

O gündən sonra Xıdırlı camaatı da Məhərrəmlik keçirməyə başlayıb.

Bir dəfə 1 Mayla Aşura günü eyni günə düşmüşdü. Qarabağda ibadətgah kimi fəaliyyət göstərən yalnız Ağdam məscidiydi. Aşura günü Qarabağın bütün bölgələrindən – Kəlbəcərindən, Laçınından, hətta Qubadlıdan tutmuş, Fizulisi, Ağcabədisi, Şuşası, Tərtəri, Ağdərəsi… hamı axışırdı Ağdama. Yollar bağlanırdı, çünki məscildin ətrafında bəlkə əlli minə yaxın insan olurdu. Kimi ehsan verirdi, ehsana gücü çatmayan şərbət paylayırdı, yuxanın arasında halva paylayırdı, Qasım otağı bəzədilirdi, nə isə…

1 Mayda axı həm də nümayiş olurdu. Lenin heykəlinin önündən kolxozlar, kəndlər, məktəblər, ictimai təşkilatlar əllərində palitbüro üzvlərinin şəkilləri, bayraqlar, şuarlara «ura» deyə-deyə keçərdilər. Mən də orta məktəbdə oxuyurdum və ordan «ura» deyə-deyə keçənlərin arasında mən də olurdum.

Bəli, vəziyyət ağırdı, həm nümayiş, həm də Aşura. Sadıq Murtuzayev rayon Partiya Komitəsinin birinci katibidi. Ağdamın inkişafında müstəsna xidmətləri olmuş çox görkəmli bir ziyalıdı.

Çağırır Ağdamın Axundunu yanına ki, sabah 1 Maydı, bilirsən nümayiş var, nümayiş də saat 10-da başlayır. Sən tədbiri keçirt günortadan sonraya.
Axund:
– Sadıq müəllim, mənim əlimdə televiziya yox, qəzet yox, özünüz də bilirsiniz ki, bura Qarabağın hər yerindən gəlirlər. Mən onlara necə çatdırım ki, siz saat on birdən-on ikidən sonra gəlin Ağdama. Mən neyləsəm camaat saat ondan məscidin önünə yığışmağa başlayacaq. Sizin əlinizdə imkanlar var, bəlkə siz nümayişi bir saat önə çəkin, qarışıqlıq düşməsin.

Sadıq müəllim bir qədər fikrə gedib deyir:
– Düz deyirsən, biz bir saat önə çəkərik, çalışarıq nümayiş tez də bitsin.

Elə də oldu. Hər katibin işi deyildi ey bu.

Biz də ayın 1-də «ura»mızı çığırdıq, sonra da sinif yoldaşlarıyla birlikdə getdik məscidin qabağına, şərbət içməyə.

Bir də belə bir bayatı oxuyardıq, xorla:

İmam gəlir atında,
Qızıl çalma başında.
İmamı harda saxlayaq?
Ürəyimizin başında.

Mən dini mövzulardan uzaq adamam. Amma bəzi adamlara nələrisə xatırlatmaq məcburiyyətində qaldım. İmamı ürəyinin başında saxlamaq istəyənlərlə və saxlayanlarla düşmənçiliyinizi necə başa düşək?!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button