Xəbərlər

Əliyev Qərblə qarşıdurma yolunu tutdu

Beynəlxalq birliyin saxta nəticələrə etirazı hakimiyyəti isterik vəziyyətə gətirdi

ATƏT, ABŞ Dövlət Departamenti, Avropa Birliyi və Helsinki Komissiyasının Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkisi ilə bağlı qiymətləndirmələri YAP hakimiyyətinin qəzəbinə səbəb olub. Məlumat üçün deyək ki, adıçəkilən beynəlxalq qurumlar prezident seçkisinin qeyri-demokratik keçirildiyini bəyan ediblər.

Azərbaycan hakimiyyəti isə bu qurumların rəylərinin qərəzli olduğunu iddia edir. Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov “Amerikanın səsi” radiostansiyasına müsahibəsində ATƏT-in hesabatını “qərəzli və qeyri-obyektiv” adlandırıb.

Qasımov bəyanatda “Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, MDB və bir sıra digər təşkilatların və dövlətlərin müşahidə missiyalarının rəylərinin nəzərə alınmamasından” gileylənib. “Hətta ABŞ-ın xeyli sayda senator və konqresmenləri də seçkilərin tam şəffaf keçirilməsi ilə bağlı öz fikirlərini söyləyiblər”,- deyə Qasımov iddia edib.

ABŞ Dövlət Departamentinin ATƏT DTİHB-nin qiymətləndirmələrinə verdiyi dəstəklə bağlı şərh verən Qasımov ABŞ-ın özündə seçkiləri və Amerikanın seçki sistemini tənqid edib. Onun sözlərinə görə, ABŞ-ın seçki sistemində arxaik, mənən köhnəlmiş prosedurlar var.

Vaşinqtonun qiymətləndirmələrinin ikitərəfli münasibətlərə necə təsir edəcəyi barədə suala cavabda Qasımov bu qiymətlərin Azərbaycan ictimai rəyində mənfi reaksiyaya səbəb olacağını bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə ABŞ Dövlət Departamentini hədəfə alıb. Azərbaycan XİN Amerikanın xarici siyasət idarəsinin bəyanatını “yolverilməz” hesab edir.

“Bu yanaşma ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiyyətini şübhə altına qoyur, tamamilə qərəzli və qəbuledilməzdir və sərbəst şəkildə öz iradələrini bildirmiş Azərbaycan vətəndaşlarına qarşı hörmətsizlikdir”, – deyə Azərbaycan XİN-in bəyanatında bildirilir.

“Belə getsə, Azərbaycan dövləti ATƏT DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq”. Bu sözləri isə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov ATƏT DTİHB-nin qiymətləndirməsinin digər beynəlxalq missiyaların bəyanatları ilə üst-üstə düşməməsindən narazıdır.

Onun iddiasına görə, ATƏT DTİHB-in hesabatı “hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir”. O, bunu “olduqca qərəzli və obyektivlikdən uzaq yanaşma” hesab edir.

Həsənovun fikrincə, DTİHB-nin rəyi ATƏT-in nüfuzuna zərbə vurur və təşkilatın dövlətlər münasibətlərinə mənfi təsir edir.

Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə ATƏT-in hesabatı ilə bağlı virtualaz.org-a deyib: “Hesabatda göstərilənlər tənqid deyil, siyasi sifariş xarakterli yalanlardır. Hesabat bugünkü Azərbaycanın reallıqlarını danan, hətta adi məntiqə zidd olan bir sənəddir.

Ona görə də DTİHB missiyasının bu cür absurd bəyanatı onların hesabatının siyasi sifariş xarakterini gizlədə bilməz…

Missiyanın hesabatı yenə də ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi çıxış edir. Sadəcə bu dəfə sənədin absurdluğu o dərəcədə aşkardır ki, ona ciddi yanaşmaq mümkün deyil. Deməli belə hesabat əsasında hazırlanmış tövsiyyələri də ciddi qəbul etmək olmaz…

Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, o cümlədən ATƏT/DTİHB qarşısında götürdüyü öhdəliklərə sadiq olub. Lakin əgər tərəflərdən biri bu öhdəliklərdən digər tərəfə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirsə, onda zənnimcə fikirləşməliyik, DTİHB ilə əməkdaşlığı davam etdirmək bizə lazımdırmı?”.

Beləliklə, göründüyü kimi prezident seçkisini saxtalaşdırmaqla Azərbaycan xalqının iradəsini zorlayan YAP hakimiyyəti beynəlxalq birliyə də meydan oxuyur. Bununla da vəziyyətini daha da ağırlaşdırır”.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button