ArxivIslamXəbər lentiXəbərlər

İmam Hüseyn (ə) qiyamında səbir dərsi

Aşura məktəbi elə bir məktəbdir ki, orada ali insani dəyərlərdən bəhs olunur: fədakarlıqdan, ixlasdan, bəsirətdən, vəfadarlıqdan…

İmamın (ə) etdiyi qiyamda ən çox gözə çarpan amil – İmamın (ə) çətinliklərə qarşı mətanəti və səbiri olmuşdur. Həmçinin Həzrət Zeynəbin (s.ə) səbiri, İmamın (ə) və ailəsinin susuzluğa səbiri, qılınclar qarşısındakı səbir, əziyyətlər qarşısındakı səbir. Bu səhnələrə baxan hər bir insan İmamın (ə) məzlumiyyətinin aydın şahidi olar.

İmam Hüseyn (ə) qiyamında səbir tamamilə başqa bir şəklildə zühur edirdi. İmamın (ə) səbrinin cilvələrindən biri düşmənə hücum qarşısında göstərdiyi mətanət idi. 

İmamın (ə) ordusunda olan hər bir insan özünə görə böyük şəxsiyyət sayılırdı. Lakin bu insanlar İmamın (ə) göstərdiyi yolla irəliləyir və İmamın (ə) sözündən çıxmırdılar. İmam (ə) isə özü seçdiyi yola görə məsuliyyətli idi və bu vəzifəsini yerinə yetirən zaman mətanət nümayiş etdirirdi.

İmama (ə) hərəkət edəcəkləri yerlə bağlı ən çox məsləhətlər verən qardaşı Muhəmməd ibni Hənəfiyyə idi. Muhəmməd iki dəfə İmamla (ə) qiyamla bağlı söhbət etmişdi. Biri İmam (ə) Mədinədən çıxan zaman idi və o birisi İmam (ə) Məkkədə qalan zaman idi.

İmamın (ə) Mədinədə olduğu son gündə Muhəmməd qəmgin halda qardaşının yanına gəlir və salam verəndən sonra buyurur: “Yezid ibni Müaviyyə ilə beyət etməmək üçün ilk növbədə ondan uzaqlaş və bacardığın qədər şəhərlərdən uzaqlaş. 

Sonra elçilərini insanlara tərəf göndər və onları özünə tərəf çağır. Əgər insanlar sizinlə beyət etsələr, əlhəmdulillah. Yox, əgər başqasına üz çevirsələr, Allah sizin din və ağılınızdan heç nəyi azaltmaz”. 

İmam (ə) bu təklifi qəbul etmir və sonra Muhəmməd ona təklif edir ki, Məkkəyə getsin və əgər olmasa Yəmənə getsin. O da olmasa, səhraya gedib bir müddət orada qalsın. Səbir etsin ki, insanların halı məlum olsun. 

Bu təklifdən sonra İmam (ə) qardaşına buyurur: “Qardaşım, siz mehribanlıq və şəfqət üzündən mənə nəsihət verirsiniz. Ümid edirəm ki, nəzəriniz müvəffəq olsun”. 

İmam (ə) əməldə bu təklif kimi əməl etmədi.

İmamın əmisi oğlu və Həzrət Zeynəbin (s.ə) həyat yoldaşı Abdullah ibni Cəfər də İmamı (ə) Kufəyə getməkdən çəkindirirdi. O, hətta İmama (ə) təklif edir ki, onun üçün Əməvilərdən amannamə ala bilər. 

Lakin İmam (ə) razı olmur və buyurur: “Mən Peyğəmbəri (s) yuxuda görmüşəm və o, məni bu işdən agah etmişdir. Mən gərək onu yerinə yetirim, istər faydama olsun, istərsə də ziyanıma”.

İmamı (ə) Kufə yolundan çəkindirməyə çalışan insanlardan biri də Abdullah ibni Abbas idi. Peyğəmbər (s) onun üçün dua etmişdi ki, fəqih və alim olsun. İbni Abbas həm də İmam Əlinin (ə) dostu idi. 

Cəməl və Siffeyn döyüşlərində İmamın (ə) ordusunun komandırlərdən biri idi. O, İmam Hüseynin (ə) qiyamına razı olmağına baxmayaraq, İmama məsləhət görür ki, Kufəyə getməzdən əvvəl insanlardan istəsin ki, İmamla (ə) bir yerdə olmaqlarını sübut etsinlər. Əks halda onlara etimad etmək olmaz.

Muhəmməd ibni Hənəfiyyə, Abdullah ibni Cəfər, Abdullah ibni Abbas, Ubeydullah ibni Zubeyr, Abdullah ibni Ömərdən başqa Cabir ibni Abdullah Ənsari də İmamla (ə) qiyamın keyfiyyəti ilə bağlı fikir fərqi bildirmişdi. 

Lakin İmam (ə) öz qərarında qəti idi və bu yolda o qədər mətanətli idi ki, heç bir xeyir düşüncəli insanın nəsihəti ona təsir qoymadı.

/Deyerler.org/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button