ArxivFatimi yaşayişIslammədəniyyatXəbər lentiXəbərlər

İmam Baqir (ə) kimdir?

Burada belə bir sual irəli çıxır ki, hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki, hamıya mə’lumdur ki, hədislər (Peyğəmbər hədisləri) Qur’an ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Qur’an Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Qur’an ayələri, istərsə də o Həzrətin sözlərindən ibarət olan, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər olsun) barədə buyurur: “O, [Məhəmməd Peyğəmbər] kefi istəyəni danışmır. Bu, ancaq [Allah dərgahından] nazil olan bir vəhydir.”[42] Bundan da əlavə, Allah-taala Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə, onu götürün və ona itaət edin, nəyi qadağan edirsə, ondan əl çəkin.”[43]

Abdullah ibn Əmr Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət edir ki, o Həzrət öz dodaqlarına işarə edərək buyurur: “Ey Əmrin oğlu! And olsun canım əlində olan Allaha, bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz, nə deyirəm, yaz.”[44]

Abdullah ibn Əmr deyir ki, Peyğəmbərdən (s) soruşdum: “Ey Allahın Rəsulu, hər nə sizdən eşitsəm yazımmı? Həzrət (s) buyurdu: Bəli. Dedim: İstər xoşhal, istər qəzəbli halda olsan da? Buyurdu: Bəli. Mən hər iki halda da haqdan başqa bir şey demirəm.”[45]

Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi, mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, ikinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə “Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun hədis yazıbsa, onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi?

Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki, Əbu-Bəkr demişdir: “Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki, hədislər Qur’an ayələri ilə qarışmasın.”[46] Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Qur’anın bütün surə və ayələri yazılmış, vəhy yazanlar və Qur’an əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş, Qur’an ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, hədis yazmaq Qur’ana bir xələl yetirərdimi? Bundan da əlavə, Qur’an fəsahət-bəlağət, cazibədarlıq, cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun, yenə də Qur’an ayələrilə qarışdırıla bilməz. Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın Nəhcül-bəlağədəki və eləcə də, Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir, ancaq bununla belə, heç vaxt Qur’anla qarışdırıla bilməz. Həzrət Əli əleyhissəlamın öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə, Əli əleyhissəlamın sözü) arasında fərq qoyur.

 

Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etmişdimi?

Çox təəssüfləndirici haldır ki, bə’zi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verərək demişlər: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Mənim dediklərimin arasından Qur’andan başqa heç nə yazmayın, kim də Qur’andan başqa bir şey yazıbsa, onu məhv etsin.”[47]

Bə’zi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla Peyğəmbər məktəbinin seçilmiş şagirdi Həzrət Əli (əleyhissəlam) o Həzrətdən çoxlu sayda hədislər yazmış, onun əlyazmaları bir-bir İmamlara yetişmişdir. Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etsəydi, Əli (əleyhissəlam) əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də, müxtəlif məsələlər – əhkam, vacib-haram, mürafiə və siyasi məsələlər barədə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə bir çox yazılar yazılmış, hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların (məktubların) çox hissəsi əsl İslama də’vət barədə yazılmış, əksəri isə İslami hökmlər – hədlər, mübahisələr, əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən, necə inana bilərik ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bir tərəfdən Qur’andan başqa şeylərin yazılmasını qadağan edir, digər tərəfdən isə hal-hazırda iki yüz on altısı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan üç yüzə yaxın məktub (yazılı) gözü qarşısında yazılır, ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) onu qadağan etmir?

 

Şiə – hədis toplamağın banisi

Sevindirici haldır ki, şiələr elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) sağlığından bu sahədə çoxlu sə’ylər etmiş, Əli əleyhissəlamın yolunu davam etdirərək hədis yazıb söyləməkdə qabaqcıl olmuş, hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb qoymuşlar. Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) hədislərini toplayan ilk şəxs olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis buyurur, Əli (əleyhissəlam) da onları yazaraq kamil bir kitab halına salırdı. Bu kitab bir-bir İmamlara yetişərək İmam Baqir əleyhissəlamın əlinə çatdı. Bir gün Həkəm ibn Üteybə həmin kitabı İmam Baqir əleyhissəlamın yanında gördü. O, İmam Baqir (əleyhissəlam) ilə bir məsələ barədə mübahisə etmişdi. İmam Baqir (əleyhissəlam) o kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu: “Bu Əli əleyhissəlamın xətti, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğudur.”[48]

Süyuti Həzrət Əli (əleyhissəlam) və oğlu İmam Həsən əleyhissəlamı hədis yazılmasının tərəfdarlarından hesab edir.[49] Əgər sünni məzhəbi hədis yazılmasının qadağan olması bid’ətinin nəticəsində yüz il, ya bir az da çox İslami hədisləri yazmayıblarsa, sevindirici haldır ki, şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə Əli əleyhissəlamdan başqa o Həzrətin dostlarından və Əli əleyhissəlamın tərəfdarlarından biri olan Əbu Rafi’ “Əs-Sünənü vəl-əhkamu vəl-qəzaya” adlı bir kitab yazmış, İslamın müxtəlif sahələrinə – namaz, oruc, zəkat, həcc və mürafiəyə aid əhkam və şər’i məsələləri qeyd etmişdir. Əgər biz bu kitabı səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək, onda onu eyni zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik.[50]

Əbu Rafi` bu kitabı o vaxt yazmışdır ki, Peyğəmbərdən (s) hədis nəql edib-yazmaq xilafət tərəfindən böyük cinayət sayılırdı. Amma şiələr isə qorxu və təhlükələrə əhəmiyyət verməyib Əhli-beyti (ə) örnək tutaraq hədislərin qeydi və toplanmasını davam etdirirdilər.

Əbu Rafi’dən sonra şiə yazıçıları elə hədis yazmağın qadağan olduğu ilk çağlarda da, hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini təhriflərdən qorudular. Bu iş Həzrət Əli əleyhissəlamın dövründən İmam Baqir əleyhissəlamın dövrünədək davam etmiş, İmam Baqir əleyhissəlamın dövründə Ömər ibn Əbdüləziz tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə İmam Baqir əleyhissəlamın qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd ibn Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən, yüksək dərəcəli və fəzilətli hədisçilərdən, İmam Baqir əleyhissəlamın fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən biri olmuşdur. O, Kufə şəhərində anadan olmuş, dörd il Mədinədə qaldığı müddətdə daima İmam Baqir əleyhissəlamla, ondan sonra da, İmam Sadiq əleyhissəlamla daima əlaqə saxlamış və bu iki böyük İmamın hüzurundan istifadə etmişdi. O deyir: “İstədiyim məsələni İmam Baqir əleyhissəlamdan soruşub cavab alırdım. Belə ki, otuz min hədis İmam Baqir əleyhissəlamdan, on altı min hədis isə İmam Sadiq əleyhissəlamdan hədis öyrəndim.”[51]

Məhəmməd ibn Müslim “Ərbəəmiətu məs’ələtin” (Dörd yüz məsələ) adlı bir kitab yazmışdı. Bu kitabdakı məsələlər onun İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan eşitdiyi məsələlərin cavabları idi.[52]

İmam Baqir əleyhissəlamın məktəbinin yetişdirmələrindən biri də Cabir ibn Yezid Cu’fidir. O da Kufə şəhərində anadan olmuş, İmam Baqir əleyhissəlamın elmindən faydalanmaq məqsədilə Mədinəyə köçmüşdür. İmam Baqir əleyhissəlamın gözəl məktəbindən istifadə etməsi sayəsində böyük elmi rütbələrə yüksəlmişdir. Cabir İmam Baqir əleyhissəlamın coşub-daşan elm və bilik bulağından istifadə edərək çoxlu sayda kitab və əsərlər yazıb qoymuşdur ki, bu da şiələrin hədis və maarifi yazmağa olan diqqətinə daha bir sübutdur. Cabirin yazdığı kitablar aşağıdakılardır:

1. Təfsir kitabı;

2. Nadir məsələlər kitabı;

3. Fəzilətlər kitabı;

4. Cəməl (döyüşü) kitabı;

5. Siffeyn (döyüşü) kitabı;

6. Nəhrəvan (döyüşü) kitabı;

7. Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın məqtəl kitabı;

8. İmam Hüseyn əleyhissəlamın məqtəl kitabı.[53]

 

Yezid ibn Əbdülməlik

Ömər ibn Əbdüləzizin ölümündən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlir. O, çox əyyaş, kefcil, laqeyd bir adam olub əxlaqi və dini qayda-qanunlara əsla riayət etmirdi. Buna görə də, onun hakimiyyət dövrü Bəni-Üməyyənin hakimiyyətdə olduğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İslam tarixində heç bir fəth, zəfər və parlaq bir hadisə baş verməmişdir.

Yezid ibn Əbdülməlik Ömər ibn Əbdüləzizin hakimiyyəti dövründə vəliəhd olduğundan əsl simasını dəyişib adi şəkil almış və bu yolla camaatın fikrini özünə cəlb etmişdi. Bu baxımdan da, onun hakimiyyətinin ilkin çağları, xüsusilə də, onun keçmiş xəlifənin yolunu davam etdirəcəyi və’dəsini verdikdən sonra camaat onu razılıqla qarşılamışdır. Bu və’də (keçmiş xəlifənin yolunun davam etdiriləcəyi və’dəsi) Ömər ibn Əbdüləzizin dövründə (az da olsa) haqq-ədalət ləzzətini dadanlar üçün bir ümid müjdəsi idi. Ancaq çox çəkmədi ki, bu intizar ümidsizliyə çevrildi. Çünki onun hakimiyyətə gəldiyi bir neçə gündən sonra proqram dəyişdi və bütün və’dələr boşa çıxdı.

 

Yalan şəhadət

 

Bəni-Üməyyə sülaləsinin əvvəlki xəlifələri öz boş vaxtlarını qədim ərəb qəhrəmanlarının döyüş və qəhrəmanlıq epopeyalarına dair şairlərin qəsidələrinə qulaq asmaqla keçirirdilərsə, sonrakı xəlifələrin dövründə çalıb-oxumaq qəsidə və şe’rlərin yerini tutdu, xilafət sarayının gecə məclislərində şairlərin qəhrəmanlıq şe’rləri və döyüş dastanları əvəzinə çalıb-oxumaq adət oldu.

 

Hişam ibn Əbdülməlik

Hişam çox paxıl, qəzəbli, cəsur, zalım, rəhmsiz və natiq bir şəxs idi.[57] O, mal-dövlət yığmağa, abadlıq işləri görməyə çalışırdı. Hakimiyyəti dövründə bə’zi iş yerləri tə’sis etdirdi və əl sənayesi daha da rövnəqləndi. Ancaq rəhmsiz və zalım olduğundan onun dövründə camaatın vəziyyəti çox ağırlaşdı, insani hisslər demək olar ki, aradan getdi, xeyirxahlıq işləri yoxa çıxdı, daha heç kəsin heç kəsə ürəyi yanmadı.[58]

 

Azğın ünsürlərin nüfuzu

Görkəmli alim və tarixçi Seyyid Əmir Əli İslam cəmiyyətinin o dövrdəki siyasi-ictimai vəziyyətini çox gözəl şəkildə bəyan etmiş, Hişamın əxlaq və rəftarını geniş şəkildə şərh etmişdir:

“İkinci Yezidin ölümü ilə hakimiyyət onun qardaşı Hişama çatdı. O, hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici döyüş alovlarını söndürdükdən sonra möhkəmlətdi. Çünki o dövrdə Şimal istiqamətindən türkmən tayfaları və Xəzər xaqanlığı mərkəzi hökumətə hücumlar edirdilər, Şərqdə isə Abbasi sülaləsinin rəhbərləri Əməvi sülaləsini hakimiyyətdən salmaq üçün gizlicə öz işlərini görürdülər. Ölkə daxilində də, çox şücaətli və döyüşkən olan xaricilər (xəvaric) çaxnaşma yaratmışdılar. Bu çəkişmələrdə ərəblərin ən gözəl igidləri ya daxildə gedən vuruşmalarda öldürüldülər, ya da xilafət sarayının bədməramlı siyasətinin qurbanı olurdular. Çünki keçmiş xəlifənin öz vəzir və ətrafındakı işçilərinə olan kor-korana arxayınçılığı nəticəsində hakimiyyət özünüsevər və ləyaqətsiz adamların əlinə keçmişdi. Onlar da öz növbələrində bacarıqsız olduqlarından və hakimiyyəti pis idarə etdiklərindən, camaatda hökumətə qarşı nifrət hissi oyatmışdılar. Düzdür, öz ağır və çətin vəzifələrinə layiqincəsinə əməl edən azsaylı adamlar da qalmışdılar. Ancaq camaat arasında dinə qarşı rəğbət azalmış, saray adamları və onlara bağlı olanlar arasında isə demək olar ki, itib batmışdı. Axı onlar öz maddi mənfəətlərini tə’min etməkdən başqa bir məqsəd güdmürdülər.

O çətin dövrdə İslam cəmiyyəti hakimiyyət gəmisini batmaqdan xilas edə biləcək qüvvətli bir şəxsə ehtiyac duyurdu. Buna görə də, Hişamın bir sıra xüsusiyyət və üstünlüklərə ehtiyacı var idi ki, onun nəticəsində İslam cəmiyyətini hər tərəfdən əhatə etmiş çətinlikləri aradan qaldıra bilsin. Hişamın ötən xəlifədən (Yezid ibn Əbdülməlikdən) bacarıqlı olmasında şübhə yoxdur. Çünki Hişamın dövründə xilafət sarayı çirkin ünsürlərdən təmizlənmiş, vüqar və mətanət laqeydsizliyi əvəz etmiş və cəmiyyət millətə xələl gətirən tüfeyli adamlardan təmizlənmişdi. Ancaq Hişamın yaratdığı həddən artıq çətinliklər camaatı boğaza yığmış, onun qənaəti get-gedə xəsisliyə çevrilmiş, bə’zi çatışmayan əxlaqi və insani cəhətləri vəziyyəti daha da pisləşdirmişdi. O dardüşüncəli, özbaşına, çox şəkk edən və nankor adam idi. Buna görə də, heç kimə e’timad etmir, onun əleyhinə qurulmuş planları boşa çıxartmaq üçün hiyləgər əməliyyatlar və casusluqlardan istifadə edirdi. Hər şeyə tez inandığından, kiçik bir bədgümanlıq nəticəsində ölkənin seçilən şəxsiyyətlərini aradan götürürdü. Onun ifrat dərəcəsində olan bu nankorluğu şəhərin vali, hakim və başçılarının tez-tez çıxarıb dəyişdirməsi, çox acı nəticələrə səbəb oldu.”[59]

 

İmam Baqir (əleyhissəlam) Şamda

İmam Baqir əleyhissəlamın şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir.

İmam Baqir əleyhissəlamın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu “İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mə’nəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır.

İmam Baqir (əleyhissəlam) bir dəfə öz əziz oğlu Cə’fər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq (əleyhissəlam)) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (əleyhissəlam) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət mə’murları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir əleyhissəlamı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq əleyhissəlama heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı Şama (Dəməşqə) göndərsin.

İmam Baqir (əleyhissəlam) məcbur olub əziz oğlu İmam Sadiq əleyhissəlamla birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir əleyhissəlamın məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü.

 

Ox atma yarışı

Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O, çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir əleyhissəlamla mübarizə etsə, onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki, (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin.

Bəli, təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqir əleyhissəlamı da ora də’vət etmək qərarına gəldi. O bu yolla İmam əleyhissəlamı məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir (əleyhissəlam) hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir (əleyhissəlam) məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmam əleyhissəlama tutub dedi: “Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqir əleyhissəlamı məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox-kamanını İmam Baqir əleyhissəlama versin. İmam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub hamını o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: “Afərin sənə, ey Cə’fərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmam əleyhissəlama tutub soruşdu: “Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Özün bilirsən ki, Mədinə camaatı bu işə adət edib, mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: “Cə’fər (İmam Sadiq (əleyhissəlam)) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi [Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a] tamamladım”[60] ayəsində buyurulmuş kamil din və tamamlanmış ne’mət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”[61]

 

Məsihi yepiskopu ilə münazirə

Hişamın sarayının İmam Baqir əleyhissəlamın elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (əleyhissəlam) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqir əleyhissəlama qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir (əleyhissəlam) öz əziz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki, bunlar xristian keşiş və rahibləridir. Öz adət-ən’ənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını, elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (əleyhissəlam) namə’lum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər tə’yin edib onlara tapşırdı ki, gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki, həddən artıq qocalıb əldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqir əleyhissəlamın siması onu özünə cəlb etdiyi üçün üzünü İmam əleyhissəlama tutub soruşdu: “Biz xristianlardansan, yoxsa müsəlmanlardansan?”

İmam Baqir (əleyhissəlam): “Müsəlmanlardanam.”

– Onların alimlərindənsən, yoxsa nadanlarından?

– Nadanlardan deyiləm.

– Əvvəl mən sual edim, yoxsa sən soruşursan?

– İstəyirsinizsə, siz soruşun.

– Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhli yeyib-içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?

– Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O, anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur.

– Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz?

– Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm.

– Başqa bir sualım var.

– Buyurun!

– Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?

– Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məş`əlin alovundan bir neçə məş`əl yandırsanız da, birinci məş`əlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək.

Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: “Camaat, dini mə’lumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam, məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı.

 

Nalayiq bir töhmət

Bu hadisə qısa bir zamanda bütün Dəməşqə yayıldı, Şam ərazisində şadlıq, sevinc dalğası yarandı. Hişam İmam Baqir əleyhissəlamın xristianlarla elmi mübarizədə qalib gəlməsindən sevinmək əvəzinə o Həzrətin mə’nəvi nüfuzundan daha çox qorxuya düşdü. O Həzrətlə zahirdə dostluq edib ona hədiyyə çatdıraraq xəbər göndərdi ki, elə həmin gün Dəməşqdən çıxsın. Eyni zamanda o Həzrətin ona elmi mübarizədə qalib gəlməsindən hirslənib çalışırdı ki, ona xristian olmaq töhmətini atmaqla onun elmi və ictimai nüfuzunu aşağı salsın. Buna görə də, son dərəcə hörmətsizliklə özünün bə’zi valilərinə (o cümlədən Mədinə şəhərinin valisinə) yazdı: “Əbu Turabın oğlu Məhəmməd ibn Əli (əleyhissəlam) (İmam Baqir) öz oğlu ilə birlikdə mənim yanıma gəlmişdi. Onları Mədinəyə qaytararkən keşişlərin yanına gedib xristianlığı qəbul edərək məsihilərə qoşuldular. Onların mənə olan qohumluqlarına görə bu günahlarından keçdim. Elə ki onlar sizin şəhərə çatdılar, camaata bildir ki, mən onlara nifrət edirəm.” Ancaq Hişamın puça çevrilmiş sə’yləri həqiqəti örtmək üçün bir nəticə vermədi. Əvvəllər Hişamın təbliğatına uymuş yuxarıda adını qeyd etdiyimiz şəhərin (Mədinənin) əhalisi İmam Baqir əleyhissəlamdan İmamət sahəsində gördüyü nişanələr nəticəsində o Həzrətin həqiqi və əsl məqamından xəbərdar oldu. Beləliklə, məcburiyyət və hədə-qorxu nəticəsində başlanmış səfər axırda səmərəli və parlaq səfərlərdən birinə çevrildi.[62]

 

İmam Baqir (ə) və sıradan çıxmaqda olan dini mədəniyyətin təhlili

İmam Baqirin (ə) bütün həyatı əməvi sülaləsinin hökmranlıq dövrlərinə təsadüf etdiyindən onların siyasi hoqqa və şeytani kələkbazlıqlarından tamamilə agah idi. İmam (ə) yaxşı bilirdi ki, onların din və İslama heç bir e`tiqadı yoxdur və yalnız öz məqsədlərinə nail olmaq üçün din arxasında pərdələnirlər. Dinin rəhbərliyini üzərinə götürənlərin əksəriyyəti yaramaz, nadan adamlar idi ki, özlərini dinin nümayəndəsi kimi qələmə verirdilər. Həzrət bu məsələ ilə əlaqədar əməvilərə mənsub tanınmış Sə`dül Xeyirə (Sə`d ibn Əbdülməlik əməvi. Deyilənlərə görə guya İmamla rabitəsi yaxşı imiş) yazdığı geniş məktubunda din və İslamın mə`ruz qaldığı indiki vəziyyəti keçmiş ümmətlərlə müqayisəli şəkildə irəli çəkərək buyurur: “Allah-taala hər ümmətin başı üzərindən o vaxt öz asimani kitabının sayəsini çəkdi ki, onların özləri həmin kitaba arxa çevirdilər, düşmənlərini o vaxt onların üzərinə qaldırdı ki, özləri onlara tabe oldular. Belə ki, öz müqəddəs kitablarının zahiri kəlamını qorudular, onun qanun və hüdudlarını təhrif etdilər. Onlar İlahi hökmləri rəvayət edir, lakin onlara riayət etmirdilər. Aldanmış nadanlar isə dini ehkamların deyilməsini alqışlasalar da, həyatda onlara riayət olunmamasından təəssüflənirdilər…

Agah ol ki, o vaxt Allahın müqəddəs kitablarının əsil həqiqətlərini gizlədib onun ehkamlarını təhrif edən rahib, keşiş və onların bənzərləri bizim ümmətimizdə də peyda olublar. Belələrini yaxşı tanı ki, onlar Allahın kitabının kəlamını qoruyur, qayda-qanunlarını isə təhrif edirlər.”[63]

Bəni Üməyyə sülaləsinin son dövrlərini yaşamış İmam Sadiq (ə) da sonralar bu məsələyə qayıdaraq deyirdi: “Onlar xalqın üzünə din və imanın tə`limini açıq qoydular, tağut və şirkin mahiyyətini onlardan gizlətdilər…”

 

İmam Baqir əleyhissəlamın münazirələri

İmam Baqir əleyhissəlamın İmaməti dövründə Mö’təzilə, Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar, fəaliyyət göstərirdilər. İmam Baqir (əleyhissəlam) bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını “söküb-dağıdır”, əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq.

Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam (əleyhissəlam) onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: “Bu xaricilərə (dindən çıxmışlara) de ki, nə üçün Əmirəl-mö’minindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur, ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam (əleyhissəlam) əlavə edib buyurdu: “Onlar deyəcəklər ki, o, Allahın dinində münsif tə’yin etdi. Onlara de ki, Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi tə’yin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki, buyurur: “[Ey mö’minlər!] Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif [vasitəçi] tə’yin edib [onların yanına] göndərin. Əgər onlar [bu iki vasitəçi ər-arvadı] barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah [hər şeyi] biləndir, [hər şeydən] xəbərdardır.”[64]

İkincisi isə Sə’d ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif tə’yin etdi, o da Allahın hökmü əsasında hökm verdi.” İmam Baqir (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: “Bilmirsiniz ki, Həzrət Əli (əleyhissəlam) münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki, onlar Qur’an hökmünə əsasən hökm verib Qur’an hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (əleyhissəlam) şərt kəsdi ki, əgər münsiflər Qur’an hökmünün əksinə hökm versələr, bu hökm qəbul olunmayacaq. Camaat Əli əleyhissəlama deyəndə ki, seçdiyin münsif sənin əleyhinə hökm verib, buyurur: “Mən onu yox, Allahın kitabını (Qur’anı) münsif seçmişdim. Necə olur ki, xaricilər (dindən çıxmışlar) Qur’anın münsifliyini və Qur’anın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar, ancaq öz bid’ət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: “And olsun Allaha ki, bu sözləri nə eşitmişdim, nə də fikrimə gəlmişdi, haqq elə budur. İnşaallah.”[65]

 

[43] “Həşr” surəsi, ayə 7.
[44] Əl-Mustədrəku ələs-səhiheyn, c.1, səh.104.
[45] “Tədribür-ravi”, Siyuti, c. 2, səh. 62.
[46] Əzvaun ələs-sünnətil-Mühəmmədiyyə, səh.43.
[47] Müsnədi-Əhməd ibn Hənbəl, c.3, səh.12.
[48] Ricali-Kəşşi, səh.288.
[49] Tədribür-ravi fi-şərhi-təqribin-nəvav, c.2, səh.61.
[50] Bühusun fil-miləli vən-nihəl, c.1, səh.58-73.
[51] Əl-İxtisas, səh.201.
[52] Müəllifüş-şiə fi sədril islam, səh.64.
[53] Müəllifüş-şiə fi sədril-İslam, səh.36.
[54] Tarixül-xüləfa, səh.246.
[55] Mürciə bir məzhəb adıdır. Bu məzhəbin əqidəsinə görə qeyri-İslami işlər və günahlar imanla zidd deyil.
[56] Əl-İmamətu vəs-siyasət, c.2, səh.125.
[57] Tarixi-Yə’qubi, c.3, səh.70.
[58] Mürucuz-zəhəb, c.3, səh.205.
[59] Seyyid Əmir Əli, səh.129.
[60] “Maidə” surəsi, ayə 3.
[61] Dəlailül-imamət, səh.105.
[62] Dəlailül-imamət, səh.105-107.
[63] “Üsuli-kafi”, c. 2, səh. 615; “Rövzətül kafi”, səh. 53-55.
[64] “Nisa” surəsi, ayə 35.
[65] Ehticac, c.2,səh.176.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button