ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Elxan Şükürlü: ABŞ-İsrail tandemi onların maraqlarıyla hesblaşmayan ölkələri cəzalandırır

Azərbaycanlı siyasətçi İranın Kirman şəhərindəki terror aktına görə ABŞ və İsraili ittiham edib.

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bu barədə feysbuk səhifəsində yazıb: “Yanvarın 3-də Kirmanda həyata keçirilən və əsas siyasi nəticəsi yanvarın 4-ə planlaşdırılan İran-Türkiyə prezidentlərinin görüşlərinin pozulmasında əksini tapan terror hadisəsi bir daha təsdiqlədi ki, Qəzzədə uğur qazana bilməyən ABŞ-İsrail tandemi əlavə vaxt qazanmaq, onların maraqlarıyla hesblaşmayan ölkələri cəzalandırmaq və öz iradələrinə tabe etdirmək, başlarını iç problemlərinə qatmaq üçün ən ağılasığmaz planlara əl atmağa hazırdırlar”.

Elxan Şükürlünün fikrincə, Türkiyə NATO üzvü olsa da, ümmətçi ideologiyaya sahib Ərdoğan ölkəsini NATO-nun əsas rəqibləri sayılan Rusiya və İranla yeni münasibətlərə keçidə hazırlayır. Rəhmətlik Nəcməddin Ərbakan kimi, Ərdoğan da yaxşı anlayır ki, Türkiyə NATO-nun maraqlarından kənara çıxa, xarici siyasətində Qərbdən müstəqil xətt tuta bilmədikcə, inkişafdan və yüksək hərbi tərəqqidən geri qalacaq.

Politoloq məqaləsinin davamında qeyd edib ki, ABŞ və Avropa İttifaqı kimi, İsrail də Azərbaycanın İranla əməkdaşlığını dərinləşdirməsini, xüsusən də Fələstin məsələsində İslam ölkələriylə vahid mövqedən çıxış etməsini qətiyyən istəmir. İsrail həmçinin Azərbaycanın İranla münasibətlərini yaxınlaşdırmasından bərk narahatdır və rəsmi Bakıyla Tehranın daim gərgin vəziyyətdə qalması, məsafəli davranması üçün çeşidli əməliyyatlar hazırlayıb həyata keçirir. Buna baxmayaraq hazırda həm Azərbaycan-İran, həm Türkiyə-İran, həm də Rusiya-Türkiyə arasında intensiv diplomatik danışıqlar aparılır ki, Cənubi Qafqazda gələcək sülhə təməl olan bir əməkdaşlıq platforması qurulsun.

Elxan Şükürlü onu da bildirib ki, əgər Azərbaycan-İran münasibətlərində qarşıdakı günlərdə növbəti hər hansı təxribatçı addımlar atılmazsa, gözlənilir ki, yanvar ayı ərzində Rusiyanın da iştirakıyla Azərbaycan və İran arasında “Araz dəhlizi” ilə bağlı yeni saziş imzalansın. Ancaq o da gerçəkdir ki, ABŞ, Avropa İttifaqı və İsrail bu sazişin imzalanmasını istəmir!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button