ArxivmədəniyyatXəbər lentiXəbərlər

İki ayda 2422 boşanma – Ailələr niyə dağılır? – SƏBƏBLƏR

Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.

Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı Modern.az-a deyib ki, boşanmaları qanunla tənzimləmək mümkün deyil. Deputat boşanmaların səbəblərinə aydınlıq gətirərkən təhsil və tərbiyənin önəmini vurğulayıb:

“Hər bir ailə kiçik dövlətdir. Deməli hər kiçik dövlətin də öz qanunları var. Təhsil, tərbiyə, əxlaq, mənəvi məsələlər, ailə dəyərlərinin qorunmaması, adət-ənənələrin itirilməsi, ailə qurarkən riskin düzgün qiymətləndirilməməsi, evlilik yaşının cavanlaşması, məqsədli izdivaclar, şan-şöhrət axtarışı, “yox” deyə bilməmək bacarıqsızlığı sonda ailələrin dağılmasına gətirib çıxarır. Bir neçə gün əvvəl İmişlidə baş verən hadisəylə bağlı fikir bildirmək istəyirəm. Gəlin toy günü qoşulub başqa bir insanla getdi. Ola bilər ki, güclü məhəbbət olsun. Amma görün mənəvi məsələlər nə dərəcədə aşağıdır ki, o qız öz valideynlərini düşünmədən hərəkət edib. O qız hər iki tərəfin toya hazırlığı, mərasim üçün sərf edilən vəsaiti, əziyyəti nəzərə alıbmı? Bu cür hallarda hislərlə yox, ağılla hərəkət etmək lazımdır”.

“Eşq-məhəbbət 1 həftə, bəs sonra?”

Deputat bu baxımdan düşünür ki, boşanmaların bütün səbəblərinin sosial vəziyyətlə əlaqələndirilməsi doğru deyil:
“Mənəvi dəyərlər dəyişib, ağsaqqala-ağbirçəyə olan hörmət dəyişib, ata-anaya olan məhəbbət, qayğı dəyişib. Bu gün valideynlərini düşünmədən addım atan bir qız, gələcəkdə nəyi düşünəcək, övladına hansı tərbiyəni aşılayacaq?
Mən 1 ay müddətində boşanan cütlüklərlə bağlı araşdırma apardım. Nəticəyə görə boşananların böyük əksəriyyəti təhsilsiz, yaxud orta savadlı insanlardır. Bir insan savadlı, təhsillidirsə, o bütün addımlarını düşünərək atacaq.
6 aydır ailə quranın boşanma səbəbinə baxın: “Ərim mənə yaxşı baxmır, istədiklərimi almır”, “qayınanam yola vermir”, “maddi vəziyyət yaxşı deyil”, istədiyim kimi gəzə bilmirəm” və s. Soruşanda ki, özün nələrə sahibsən, hansı təhsilə yiyələnmisən? Susur. Təsəvvür edin, belə adamlar təhsilli, imkanlı insanla ailə qursa necə olacaq? Axı seçimi özün etmisən. İmkansız, təhsilsiz bir insanı özün seçib ailə qurmusan. Eşq, məhəbbət bir həftə, bəs sonra? Axı nəsə yemək, geyinmək, bunun üçün qazanmaq lazımdır. Bizim gənclərimizin bir çoxu dözümsüz və bacarıqsızdırlar, çıxış yolu tapmaq iqtidarında deyillər”.

Heç vaxt tükənməyən bəhanələr…

A.Naxçıvanlının fikrincə, bütün boşanma hallarına yanaşma eyni ola bilməz:
“Çünki ailədə zorakılığa məruz qalan qadın gözləməməlidir ki, onu döysünlər, işgəncə versinlər, yaxud ödürsünlər. Olur ki, iki fərd ailə qurur, hansısa məqamda xasiyyətləri düz gəlmir, şəraitdən asılı olaraq xarakteri dəyişir, yaxud hansısa vərdişləri üzə çıxır və qarşı tərəf buna göz yuma bilmir. Bu zaman əsəblər tab gətirmir. Mən düşünürəm ki, belə ailədə yaşamaqdansa, əziyyət çəkməkdənsə, boşanmaq daha məqsədəuyğundur.
Boşanma səbəbləri hər fərdə görə dəyişir. Ona görə konkret bütün boşanmaların bir səbəbdən baş verdiyini söyləmək doğru deyil. Bəzi səbəblər isə bizə məlum deyil. Mütəmadi olaraq ailələrlə görüşürük, sığınacaqlara baş çəkirik. Sığınacağa gələn qadınların çoxu ailədə zorakılığa məruz qaldığı, döyüldüyü, əzildiyi üçün ora gəldiyini deyir.
Qəbula gələnlər arasında boşanmaq istəyənlərin göstərdiyi səbəblərdən ən əsası kişinin işləməməsi, ailəylə, uşaqla maraqlanmamasıdır. Elə kişilər var ki, savadı, təhsili, peşəsi yoxdur, amma vəzifəli iş axtarır. Qadından soruşanda ki, bəs özün niyə təhsil almamısan? Min bəhanə gətirir: “atam qoymadı”, “qardaşım qoymadı” və s.”.

“Qızlarımız tez ərə getməyə can atır”

Komitə sədrinin fikrincə, gənc xanımların əksəriyyəti tez ailə qurmağa meyllidirlər:

“Doğrudur, bir çox ailələrdə qızların ərə verilməsi məcburi qaydada olur, amma qızlar da var ki, özləri tez ailə qurmağa can atır. Mənim fikrimcə, burada internetin, Facebook sosial şəbəkəsinin mənfi rolu üstünlük təşkil edir. Qəbula gələn boşanmışlardan, yaxud ailəsində problem yaşayanlardan demək olar əksəriyyəti Facebook-da tanış olduğunu deyir. Axı sosial şəbəkədə 2-3 dəfə danışmaqla insanın xarakterinə, xasiyyətinə bələd olmaq mümkün deyil. Çox vaxt valideynlər də bu məsələyə biganə yanaşır. Fikirləşirlər ki, ailədə olan uşaqlardan heç olmasa biri ərə getsin və onların yükü azalsın. Sən övladı böyütməmisən ki, çox asanlıqla onu başından edəsən. Bu, bəlkə də ailələrin maddi, sosial vəziyyətindən asılıdır, amma çox vaxt təhsilsizlikdən, düşüncə tərzinin dayaz olmasından irəli gəlir. Elələri var bir aydan sonra səhv insan seçdiyinin fərqinə varır. Mən hesab edirəm ki, tələsib 1 ay tez ailə qurmaqdansa, 1 ay gözləyib doğru seçim etmək olardı. Əvvəllər bizdə gənclər ailə qurmağa hazırlaşanda qarşı tərəfin kökünü-nəslini öyrənərdi, nənəsi-babası kimdir, nüfuzları, hörmətləri hansı səviyyədədir. İndi bu kimi məsələlərə baxan yoxdur. Gənclər ailə qururlar heç onların ağsaqqallarının, ağbirçəklərinin xəbəri də olmur, çox vaxt toya da çağırmırlar.
Eyni zamanda, qəbula gələnlərdən pis vərdişlərə görə boşanmaq istədiyini öyrənirik. Bəs ailə qurmazdan əvvəl bilmirdin ki, bu oğlanın atası, anası, qardaşı nə ilə məşğul olur? İndi gəlib deyirsən ki, qardaşı nə vaxtsa məhbus olub. Bir əvvəlcədən səbəbini öyrənərdiniz, bəlkə səbəb sənin onunla ailə qurmana imkan verməyəcəkdi.
Bu baxımdan insanlar sanki qərar verməyə tələsirlər. Bir az qınaq, məsuliyyət, utanmaq yoxdur. İndi hər şey o qədər bəsitləşib ki, gənclər düşünür ki, evlənim, alınmaz ayrılaram. Bəzi gənclər işsiz, gücsüz ailə qurur, düşünmür ki, sabah övladı olanda onu necə saxlayacaq. Məhkəmələrdə işlərin çoxu boşanmalar, aliment çəkişməsidir. İşləməyən insandan nə aliment alacaqsan axı?”.

“VVAQ şöbələrində komissiya yaradılsın”

A.Naxçıvanlı cəmiyyəti gənclərə dəstək olmağa çağırıb:
“Bir çox gənclərin məsələləri əvvəlcədən təhlil etmək bacarığı yoxdur. Ona görə də ailələr belə problemlərlə üzləşir. Mən düşünürəm ki, ailə qurarkən və boşanma zamanı tərəflərə verilən 1 ay müddəti artırılmalıdır. Baxırsan ayrılan cütlük müəyyən müddətdən sonra yenidən birləşir. Mən təklif edirəm ki, burada VVAQ şöbələrində gənclərin problemlərini araşdırmaq üçün müxtəlif nümayəndələr, təcrübəli insanlardan ibarət komissiya yaradılsın. Onlar həm nikah, həm də boşanma işlərində gənclərə dəstək olsunlar, yol göstərsinlər.
Yaxud nikaha daxil olmağa hazırlaşan gəncləri ailə həyatına hazırlasınlar. Yəni gənclər öz səhvlərini dərk edərlər. Mən hesab edirəm ki, belə qurumlar, institutlar olmalıdır ki, ailə quranlardan sorğu etsinlər, hansı səbəbdən ailə qurmaq istədiklərini öyrənsinlər və s. İki gənc ailə qurmağa hazırlaşır, amma heç biri işləmir. Bunu onlara başa salmaq lazımdır ki, ailə qurandan sonra necə dolanacaqsız? Necə ki, bəziləri tibbi müayinədən keçəndən sonra ailə qurmaq istəmir, eləcə də bu kimi məsələlərə baxılmalıdır. Bizim gənclər bəzən elə tələsirlər ki, ailə qurmağa, onları anlamıram. Mən düşünürəm ki, gənc ailələrimizin tez dağılmasının qarşısını almaq üçün həyəcan təbili çalmalıyıq, bu cür qurumların yardılmasına çox böyük ehtiyac var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button