IslamXəbər lenti

İslam dünyasının bəlaları Qərbdən gəlir?

30_11379

Kənan RÖVŞƏNOĞLU

Müsəlman aləmində geniş yayılmış xarici düşmən obrazı haqda qeydlər.

Bir zamanlar Şərqin böyük ideoloqu Camaləddin Əfqani müsəlman aləminin geriliyi və problemlərini iki amillə izah edirdi: xarici müstəmləkəçilər, daxili müstəbid rejimlər. Camaləddin Əfqaninin ölümündən 100 ildən artıq vaxt keçib, ancaq mövzu hələ də aktualdır.
Müsəlman dünyasının geri qalmasının, iqtisadi tənəzzül, müharibələr, səfalətin səbəbləri haqda son 100 ildə də çoxlu sayda fikirlər söylənilib, əsərlər yazılıb, təkliflər irəli sürülüb. Ancaq bütün bunlar nəticəyə, daha doğrusu mövcud vəziyyətə təsir etməyib. Və ən mühümü bütün bunları yaradan səbəblər mübahisəlidir. Ancaq bununla belə ötən 100 ildə, əslində isə daha çox müddətdir müsəlmanların bəlalarının əsas səbəbləri sırasında xarici faktorlar, xüsusən də Qərb imperializmi, konkret olaraq Fransa, Britaniya, ABŞ kimi ölkələr göstərilir. Müsəlman dünyasının müxtəlif ölkələrində siyasi, dini qruplardan, hətta terror təşkilatlarından istifadə olunması, hakimiyyətlərin dəyişdirilməsi ilə bağlı ciddi, təkzib olunmaz dəlillər gətirilir. Hazırda müsəlman dünyasındakı proseslər, Suriyada, İraqda davam edən dəhşətli olaylar, İŞİD qruplaşması ilə bağlı iddiaların içərisində bu qruplaşmanın Qərbdən idarə olunduğu ilə bağlı iddialar var.

Lakin doğrudanmı belədir? Müsəlman dünyasının hazırkı vəziyyətində xarici güclər faktoru, Qərb imperializmi amili bu qədər ağırlıq təşkil edir? Bir qayda olaraq bu mövzu müsəlman ziyalılarını hər zaman bölüb. Bütün bəlaların səbəblərinin xaric olduğunu iddia edənlərlə, xarici qüvvələri “günah keçisi” tutmaqda ittiham edənlər arasında fikir ayrılığı hələ də var. Azərbaycanda da bu mübahisələrin davam etdiyini nəzərə alaraq bir sıra məqamları qeyd etməyə dəyər.

17-18-ci əsrdə müsəlman dünyası zəifləyərək geri qalmağa başladı. Osmanlı və Səfəvi dövlətləri artıq Qərbdə gedən sənaye inqilabından və sürətli inkişafdan geri qalmışdılar. Buna paralel olaraq Qərb imperializmi üçün pərakəndə, geri qalmış müsəlman dünyası böyük bir müstəmləkə məkanı idi. Təxminən 100 il ərzində Qərb imperializmi müsəlman Şərqini müxtəlif vasitələrlə – güc yolu, maliyyə asılılığı, dini təfriqələr və sair vasitələrdən istifadə etməklə təsir altına ala bildi. 1922-ci ilə Millət Məclisi adı altında Yaxın Şərqi demək olar ki, Qərb müstəmləkəçiləri tərəfindən yenidən bölüşdürüldü. Bu xətt müəyyən dəyişikliklərlə də bu gün də davam edir. 21-ci əsrin əvvəllərində ortaya çıxmış Böyük Orta Şərq layihəsi isə iddialara görə Yaxın Şərqin yenidən şəkilləndirilməsini nəzərdə tutur. Doğdurur, bu layihənin gerçək olub olmadığı ilə bağlı rəylər toqquşur. Ancaq bir fakt var ki, hazırda Yaxın Şərqdə baş verənlər məhz bölgənin xəritəsini dəyişməyi nəzərdə tutan BOP layihəsinin detallarından ibarətdir. Təbii ki, bu məsələlərdə bir şişirtmə də var. Bir qayda olaraq problemləri kənarda axtarmaq elementləri açıq şəkildə hiss olunur. Amma bu faktları tamamilə inkar etmək də mümkün deyil.

Müsəlman dünyasının indiki vəziyyətə düşməsində əsas günahkar xarici amildən çox daxili faktorlardır. Daha dəqiq deyilsə, müsəlmanların dinə yanaşması ilə bağlı məqamlar sonradan böyük bəlalara səbəb oldu. İraq və Suriya hadisələri göstərdi ki, müsəlman dünyasının ən zəif nöqtəsi məhz İslam dini və müxtəlif cərəyanlara ayrılmış inanclardır. Müsəlmanlar üzərində İslamın böyük rolu danılmazdır. Maraqlı qüvvələr hər zaman İslam dünyasını məhz zəif nöqtəsindən vurmağa çalışıb və bəlli səbəblərdən buna nail olub. Çünki bu məsələdə bir çox hallarda İslamın yanlış yozumu, dini mətnlərin siyasi iddialara qurban verilməsi elementləri hər zaman qabarıq hiss olunub. Bu isə son nəticədə İslam üzərindən, müsəlmanların dini hissiyyatları üzərindən çirkin oyunlara səbəb olub. Nəticə isə çox ağır olub. Yaxın Şərqin ən böyük, inkişaf potensiallı ölkələri əsas gücünü və enerjisini dini bölücülüyə həsr etməli olub. Bu mənada müsəlman dünyasının əsas bəlalarının məhz “içərindən” qaynaqlandığını, xarici amillərin ikinci dərəcəli olduğunu demək olar./birlik/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button